Kuinsli qisasçı – onun hakim və prokurorları incidəcəyi gözlənilir

Trampın seçilməsi ABŞ-nin dövlət olaraq öz qanunlarına riayət etməsinin, dinc hakimiyyət dəyişikliyi ənənəsinə nə dərəcədə riayət etməsinin əyani sübutudur.

Şübhə vardı ki, ABŞ “dərin dövləti” və ya bu nəhəng mülkü idarə edən hakim dairələr “dövlət təhlükəsizliyinə və milli mənafeyə zərərli olması” səbəbindən necəsə bir yolla Trampın hakimiyyətə qayıtmasının qarşısını alacaqlar.

Elə olmadı. Düzdür, demək olmaz ki, o gözəgörünməyən qüdrətli qüvvə Trampın qarşısını almaq üçün heç nə etmədi, amma nəticə odur ki, nə etdilərsə də, “nəyin bahasına olursa-olsun” prinsipi ilə etmədilər.

Adamı məhkəmələrdə sürüm-sürüm süründürdülər, zarafatlaşdığı, ünsiyyətdə olduğu qadınları 40 ildən sonra üzünə durdurdular, başına güllə atdılar, amma hündür təpədən yellənmiş K-700 traktoru kimi hərəkətlənmiş Trampın Ağ Evə gəlişini durdura bilmədilər.

Əslində ABŞ-nin qanunlarını daha kobud surətdə pozmaq hesabına, “qanun mənəm, mən deyən olmalıdır” deyə, demokratiyaya meydan oxuyaraq, nəsə edə bilərdilər. Sadəcə, qoca Baydendən ötrü heç kəs əlini daşın altına, qanını qaşığa qoymadı.

Fəqət Trampın qarşısının alınması kampaniyasında özünü yandıranlar var.

ABŞ-dən gələn xəbərlərdə bildirilir ki, ölkənin ədliyyə-prokurorluq sisteminin əməkdaşları Trampın qələbəsindən sonra xeyli əndişələniblər və onun qisas alacağından qorxurlar.

Onların qorxusu əsaslıdırmı? Tramp doğrudan da vaxtilə onu çox incitmiş, məhkəmələrdə cavabdeh roluna qoymuş hakimlərdən, saatlarla sorğu-suala tutmuş prokurorlardan qisas alarmı?

Başqa birisi, məsələn, Barak Obama, Hillari Klinton, Kamala Harris olsa, düşünmək olardı ki, onlar keçənə güzəşt deyəcəklər və hər şeyi qızğın seçki kampaniyasının şiddətləndirdiyi adrenalin fırtınasına bağlayacaq, bağışlayacaqlar.

Açıq-aşkar görünür ki, Nyu-Yorkun Kuins şəhərində doğulmuş, alman-şotland əsilli Tramp elə biri deyil. O, kinli, hikkəli biridir – hər halda belə görünür.

Zatən, onun ikinci dəfə hakimiyyətə qayıtmaq üçün misli görünməmiş şəkildə canfəşanlıq etməsi kininin dərinliyindən, hikkəsinin şiddətindən idi. O, 2020-ci il seçkilərinin nəticələrini sona qədər qəbul etmədi, haqsızlığa uğradığını hər gün, hər saat dilə gətirdi və növbəti seçkilərdə opponentlərinə gücünü göstərəcəyini vəd etdi.

Tramp bu il udduğu seçki kampaniyasını əslində hələ Baydenin inauqurasiya mərasimindən öncə başlamışdı. O, düz dörd il dayanmadan seçki kampaniyası apardı və axırda istədiyinə nail oldu.

Ona görə də onun prezidentliyinin ikinci müddətində daha mülayim, anlayışlı, xoşməramlı olacağını gözləmək sadəlövhlük olar.

Tramp özünün keçmiş və partiyasının gələcək opponentlərinin, ona qarşı çıxanların, ona acı saatlar yaşadanların, əleyhinə pis şeylər yazanların hamısından, ABŞ qanunlarının imkan verdiyi çərçivədə qisas alacaq. O, “düşmənlər”ini diktatura ölkələrində olduğu kimi, kütləvi şəkildə türmələrə basdırmasa da, dövlət işindən uzaqlaşdıracaq, onunla intriqa aparan media qurumlarının Ağ Evə akkreditasiyasını ləğv etdirəcək.

Bu dəfə Tramp isətdiyi qanunu Konqresdən keçirə biləcək, çünki çoxluq onun partiyasındadır və bu partiyada Trampın bir sözü iki deyil. Respublikaçılar onun xalq arasındakı nüfuzundan xəbərdar olduqları üçün başqa namizədə könül vermədilər, sırf hakimiyyət əldə etmək üçün onu dəstəklədilər. İndi ölkə respublikaçıların sərəncamındadır.

Trampın seçilməsi nəinki dünyada, elə ABŞ-nin özündə də demokratiyanın bir addım geri çəkilməsi, avtoritar meyllərin güclənməsi deməkdir.

Tramp dünyanın heç bir yerində demokratik inkişaf yoluna qədəm qoymaq istəyən ölkələrdəki dəyişiklikləri dəstəkləməyəcək. Onun üçün belə bir problem yoxdur, hakimiyyətdə kim olursa, olsun, təki ABŞ-nin ümdə maraqlarına qarşı çıxış etməsin, sözəbaxan olsun.

Belə adamlar hakimiyyətə gəlmək üçün demokratik mexanizmlərdən lazımınca yararlanır, sonra o mexanizmləri elə sökür, qarışdırırlar ki, başqaları onlardan istifadə edərək hakimiyyətə yaxın düşə bilmir.

Ümid yalnız onadır ki, ABŞ fundamenti təsisçi atalar tərəfindən düzgün qoyulmuş dövlət olduğu üçün tək adamın diktatora çevrilməsinin qarşısını alan gizli mexanizmləri də var.

Trampdan qabaq dövlətin ali kürsüsündə oturmuş 45 prezidentdən yalnız biri – Franklin Delano Ruzvelt hakimiyyətdə iki müddətdən artıq olub. (Ruzvelt müharibəni səbəb göstərərək 4 dəfə ABŞ prezidenti seçilib, dördüncü müddətindən cəmi bir neçə ay xərcləyib).

Onu da qeyd edək ki, Tramp daha əvvəl ona qarşı federal məhkəmə proseslərini başlatmış xüsusi prokuror Cek Smitin ruhi xəstə elan edilməsi və ölkədən qovulması lazım olduğunu bəyan edib.

Bundan başqa, respublikaçıların yaxın ətrafı Trampın hakimiyyətə qayıdışından sonra Ədliyyə Departamentinin əməkdaşlarını kütləvi şəkildə işdən çıxarmaqla hədələyib.

Əslində bu presedent mpvcud hakimiyyətin istənilən əmrini qanuni və qanunsuz olmasına baxmayaraq, can-başla yerinə yetirənlər üçün dərs olmalıdır. Onlar anlamalıdır ki, heç kəs hakimiyyətdə əbədi deyil, bir gün o dəyişə bilər, o zaman dövran da dəyişər.

Ancaq bu demokratik ölkələr üçün keçərlidir. Dünyanın əksər ölkələrində hakimiyyətlər 50-100 il boyunca dəyişmir və məmurlar heç zaman cəzalanmayacaqlarını zənn edərək hər cür əmrə müntəzir olurlar.

12.11.2024 11:00
807