"Kubinka" camaatının işi qalıb Allaha - ŞİKAYƏT 

Bakının Nəsimi rayonu, "Kubinka" adlanan ərazisində yaşayan sakinlər Musavat.com-a növbəti dəfə şikayət ünvanlayıblar.

Onlara köhnə binaların söküləcəyi vədi verilsə də, hələ də ortada əməl yoxdur.

Xatırladaq ki, Musavat.com-da 24.10.2023-cü ildə yayımlanan "Kubinka"da sakinlər narazılıq edir: "Söz veriblər, əməl etmirlər..." (https://musavat.com/news/kubinka-da-sakinler-naraziliq-edir-soz-veribler-emel-etmirler_1016574.html) başlıqlı yazıda sakinlərin problemini işıqlandırmışdıq. Aidiyyəti qurumlar problemin bir, ya iki aya həll olunacağını bildirmişdilər. Amma sakinlər qeyd edir ki, o zamandan bəri hər hansı dəyişiklik olmayıb.

Topçubaşov 157, mənzil 2 ünvanında yaşayan Vəfa Əlizadə Musavat.com-a deyib ki, bu ərazidə binanın söküləcəyi bildirilib:

"Üstündən xeyli müddət keçib, hələ də bizə evin söküləcəyi, köçürülməyimizə bağlı heç bir söz deyilməyib".

Musavat.com-un əməkdaşı məsələ ilə bağlı ilk olaraq Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət edib.

Qurumdan bildirilib ki, "Tərəqqi MTK"nın sənədləri hazırda Dövlət Şəhərsalma və Arxitektura Komitəsindədir, sıxlıq əmsalına görə baxılır. Sənəd keçəcəyi təqdirdə sakinlərin köçürülməsi həll ediləcək.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə də müraciət etdik. Komitədən bildirildi ki, məsələ ilə bağlı hər hansı müraciət daxil olmayıb: ""Tərəqqi MTK" tərəfindən Komitəyə yeni müraciət daxil olmayıb".

Sakin Vəfa Əlizadə bildirib ki, dəfələrlə müraciət etsə də, cavab ala bilməyib:

"Sözdə və yazılarda qeyd olunur ki, bu ərazi söküləcək, o ərazi tikiləcək, amma heç bir iş getmir. Babamın yaşadığı kiçik bir evdir. Burada yaşamaq hər an təhlükəlidir. Nəsimi Rayon İcra Hakimiyyətinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Şəhərsalma və Arxitektura Komitəsinə nə qədər zəng etsəm də, məsələni bir-birinin üstünə atırlar. Ona görə hələ də sualıma cavab ala bilməmişəm ki, ərazi konkret olaraq nə zaman köçürüləcək. Burada yaşamaq qeyri-mümkündür. Sakinlər əziyyət çəkirlər. Bir sözlə, xarabalığı xatırladır".

Afaq Mirayiq,
Musavat.com

06.03.2024 18:13
1373