KTMT-nin yeni statusu - "Kollektiv müqavimətsizlik təşkilatı"

“KTMT qeyri-real və heç bir effekti olmayan bir təşkilata çevrilib”. Bu sözləri politoloq Rəşad Bayramov Cebheinfo.az-ya şərhində Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının Rusiyadakı son proseslərə cəlb olunub-olunmayacağı ilə bağlı suala cavab verərkən bildirib.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının üzv ölkələri - Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistan Ukraynanın Rusiyanın Kursk vilayətinə hücum əməliyyatına səssiz qalıblar və bu ölkələrin rəhbərləri bununla bağlı heç bir bəyanat səsləndirmirlər.

Düzdür, Rusiyanın özü KTMT-yə müraciət etməyib və təşkilatın toplantısını çağırmayıb. Amma Belarusu çıxmaq şərtilə, KTMT-nin digər üzv ölkələri Rusiyadakı son proseslərə heç bir mövqe nümayiş etdirmirlər.

Yeni müharibə riski

Rəşad Bayramov 

Politoloq Rəşad Bayramov vurğulayıb ki, KTMT artıq öz əhəmiyyətini itirib: “KTMT-nin üzv ölkələrinin Ukrayna ordusunun Rusiyanın Kursk bölgəsində hərbi əməliyyatına səssiz qalmasının əsas səbəbi Moskvanın özünün KTMT-nin iclasını çağırmaması və bununla bağlı üzv ölkələrə müraciət etməməsidir. İkincisi, hazırkı reallıqlar onu göstərir ki, KTMT bir təşkilat olaraq ancaq kağız üzərində fəal təşkilat kimi görünür.

Təşkilatın üzv ölkələrinin indiyə qədər kollektiv şəkildə böyük məsələlərə münasibətini ehtiva edən, bu və ya digər şəkildə sülhməramlı missiyanın icrasını həyata keçirən bir-iki hal olub. KTMT bir təşkilat olaraq hər hansı şəkildə mühüm proseslərə təsir göstərmək imkanlarına malik deyil.

O ki qaldı Moskvanın KTMT-yə müraciət etməməsinə, qeyd edim ki, bu təşkilatda əsas və geniş hərbi gücə malik olan dövlət məhz Rusiyanın özüdür. Moskvanın KTMT-nin üzv ölkələrindən kömək diləməsi onun nüfuzuna zərbə vura bilər. Həmçinin Moskvada çox yaxşı bilirlər ki, istər müraciət, istər qeyri-müraciət fonunda ən yaxşı halda Belarus öz qoşunlarını Rusiyaya göndərə bilər. Onsuz da Rusiya ilə Belarus arasında birgə müdafiə ilə bağlı anlaşmalar var. Ermənistana müraciət etməyin mənası yoxdur.

Çünki İrəvan KTMT-də öz fəaliyyətini dondurub, müraciət edilsə belə, Ermənistan hakimiyyəti heç bir reaksiya verməyəcək. Digər üzv ölkələr - Qazaxıstan, Qırğızıstan və Tacikistana da müraciət edilsə, heç bir effektli nəticə əldə olunmayacaq".

Belə görünür ki, KTMT-nin yeni statusu - "Kollektiv müqavimətsizlik təşkilatı" kimi qiymətləndirilə bilər.    

“Yeni Müsavat”

14.08.2024 10:30
383