Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov Rusiya tərəfdən qanunsuz tikilən Krım körpüsünün 2024-cü ildə fəaliyyətini dayandıracağına əmindir. Jurnalistin Krım körpüsünün dağıdılmasının Rusiyanın taktiki nüvə silahından istifadə etməsinə səbəb olub-olmayacağı ilə bağlı sualına isə Budanov belə cavab verib: “Onun nəyə hazır olub-olmaması kimin vecinədir? Obyektiv reallıq var”.
Yəni körpünün vurulması və tam sıradan çıxarılması bu il qaçılmaza çevriləcək. Bu arada məlum olub ki, Ukrayna ötən il elan edilmiş tədarük çərçivəsində tezliklə ABŞ-dan yüksək dəqiqlikli reaktiv GLSDB raketləri ala bilər. Bu barədə “Politiko” nəşri məlumat yayıb. Bildirilib ki, Pentaqon Ukrayna üçün nəzərdə tutulan yeni yüksək dəqiqlikli uzaqmənzilli bombanı uğurla sınaqdan keçirib. Onun döyüş meydanına bu həftə çatdırılacağı gözlənilir. ABŞ dövlət katibinin müavini Viktoriya Nuland isə deyib ki, GLSDB bombaları artıq Ukrayna hərbçilərinin istifadəsi üçün yoldadır. O xatırladıb ki, Rusiyanın tammiqyaslı işğalı başlayandan ukraynalı müdafiəçilər rusların ələ keçirməyə çalışdıqları ərazilərin 50%-ni işğaldan azad etməyə nail olublar. Həmçinin Rusiyanın quru qoşunlarına və Qara dəniz donanmasına ciddi ziyan dəyib. Bu da Ukrayna iqtisadiyyatının 4%-dən 5%-ə qədər artmasına gətirib çıxarıb. Nuland onu da bildirib ki, 2024-cü il Ukrayna üçün mühüm strateji əhəmiyyət daşıyır və ona döyüş meydanında müəyyən inamlı uğurlar gətirəcək.
“Ukrayna müdafiəsini gücləndirir və Rusiya lideri Vladimir Putini döyüş meydanında ”sürprizlər" gözləyir", - deyə o əlavə edib.
Qeyd edək ki, uzunluğu 19 km olan və 2,5 milyard dollara başa gələn körpü Rusiya üçün strateji əhəmiyyət daşıyır. Bəs Krım körpüsünün sıradan çıxmasına Moskvanın mümkün reaksiyası nə ola bilər, Moskva taktiki nüvə silahına əl ata bilərmi?
Əli Orucov
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, Ukrayna-Rusiya müharibəsi özünün ən şiddətli və gərgin fazasına qədəm qoyub: “Rusiyanın itkiləri getdikcə daha çox artmaqdadır. Rusiyada, İngiltərədə, ABŞ-da keçiriləcək seçkilər də Rusiya-Ukrayna müharibəsinə ciddi təsirini göstərəcək. Hələ ki, faktiki olaraq Putin mart prezident seçkilərinə Pirr qələbəsi də olsa hansısa üstünlüklə getmək istəyir. Odur ki, Ukraynaya hücumlarını intensivləşdirib. ABŞ-da hakimiyyətə kimin gələcəyi də diqqətlə izlənilir. Rusiyanın taktiki nüvə silahına əl ata biləcəyi hədəsi müharibə başlayandan olub. Rusiya Təhlükəsizlik Şurasının müavini Dmitri Medvedevin zaman-zaman təhdid dolu bəyanatı səsləndirilib. Lakin nüvə silahına son zərurət kimi əl atılması planetimizin özünü məhvə aparar. Əgər Rusiya taktiki nüvə silahından istifadə edərsə, qarşılıq alma ehtimalı da güclüdür. Faktiki olaraq Rusiyanın bu müharibədə zəif duruma düşməsi daha açıq-aydın görünməkdədir. Qərb Ukraynaya 50 milyard avro həcmində yardımı təsdiqlədi. Eyni zamanda hücum silahlarının tədarükünə, ən müasir raket sistemlərinə razılıq verdi. Bu isə əməliyyat şəraitinin və müharibənin Kiyevin xeyrinə dəyişməsi deməkdir. Nulandın Rusiyaya sürprizlə bağlı dediklərini də qərbçiliyə salmaq olmaz. Bu gün Qərbin beynəlxalq nüfuzu və demokratiyanın taleyi məhz Ukraynada həll olunduğundan Moskvaya uduzmaq intihara bərabər olardı. Hədəfdə ilkin olaraq Krım körpüsüdür. Ötən il Krım körpüsünə Ukraynanın etdiyi hücum effektli olsa da, bunun nəticələrini qısa müddətdə aradan qaldırmaq mümkün oldu. Lakin körpünün bu dəfə hədəfə alınması çox böyük xəsarətlərə yol aça bilər və bu həm də psixoloji cəhətdən Rusiyaya sarsıdıcı təsir də göstərə bilər. Zatən Qərb Krımı Ukraynanın ərazisi sayır və bu hücum Rusiyaya hücum kimi qiymətləndirilə bilməz. Fikrimcə, dünya indiki kimi nüvə təhdidi ilə heç vaxt üzləşməyib. Ümid edək ki, Rusiyadakı mütərəqqi qüvvələr belə bir avantüraya imkan verməsin”.
Kamran Məmmədli
AĞ Partiya başqanının müavini, siyasi şərhçi Kamran Məmmədli hesab edir ki, Krım körpüsünün sıradan çıxarılması Ukrayna üçün yeni bir stimul yarada bilər. Onun sözlərinə görə, keçənilki uğursuz əks-hücumdan sonra Ukraynaya yeni bir nəfəs lazımdır: “Krım körpüsü Rusiya üçün önəmli və simvolikdir. Körpünün məhv edilməsi eyni zamanda Rusiya üçün strateji və lojistik bir zərbə olacaq və onların Krım yarımadasına olan təchizat xəttini mühüm dərəcədə məhdudlaşdıracaq. Bu körpü Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən sonra yarımada ilə Rusiya arasında əsas nəqliyyat bağlantısı kimi qurulub. Onun itirilməsi Rusiyanın hərbi və iqtisadi mövqeyinə də ciddi təsir göstərəcək. O ki qaldı Moskvanın mümkün taktiki nüvə silahı ilə reaksiyasına, bu, o qədər də inandırıcı deyil. Çünki taktiki nüvə silahından istifadə müasir dünyada son dərəcə ağır nəticələrə səbəb olacaq bir hərəkətdir və beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanacaq bir addım olardı. Nüvə silahlarından istifadə nüvə silahlarının yayılmaması prinsiplərinə ziddir və genişmiqyaslı beynəlxalq münaqişəyə səbəb ola bilər. Rusiya bu addımı atarsa qarşısında bu dəfə təkcə sanksiyalar ilə deyil, hərbi baxımdan da NATO ölkələrini görə bilər. Bu baxımdan Rusiyanın belə bir riskə getməsi indiki məqamda inandırıcı deyil”.
Rusif Məmmədsoy
Politoloq Rusif Məmmədsoy isə qeyd etdi ki, dünya elə bir mərhələyə qədəm qoyub ki, Putinin taktiki nüvə silahından istifadə etməsi belə bir çoxlarını təəccübləndirməz: “Bu gün Ukrayna ilə savaşda Putin Rusiyası bataqlığa girib. Hazırkı rəqəmlərə görə Rusiya 315.000-dən çox hərbçisini itirib. Doğrudur, bu hal Rusiya üçün vacib deyil. Çünki onları əsasən insan həyatı deyil də, hansı əraziləri nəzarətə götürmək daha çox maraqlandırır. Ukrayna cəbhəsində də hər şey ürəkaçan deyil. Avropa İttifaqı Ukraynaya 55 milyard dollarlıq yardım paketini qəbul etdi. Lakin bu pullar 4 il ərzində veriləcək. Yəni təxminən hər il 12.5 milyard dollar veriləcək. Bu isə həm də onu deməyə əsas verir ki, müharibə hələ ən azı 4 il də uzanacaq. Prosesin sonunda taktiki nüvə silahını heç bir halda istisna etmək mümkün deyil.
Putinə sualların sayı artacaq. Savaşdan öncə Finlandiya və İsveç kimi ölkələr NATO-ya üzv deyildi. Onların üzvlüyü isə daxildə də birmənalı qarşılanmadı. Təbii ki, Rusiya bu savaşa NATO-nun Şərqə doğru genişlənməməsi üçün başladı, lakin nəticə gözlənildiyi kimi olmadı. Hələ ki, Rusiya iqtisadi müstəvidə çıxış yolları tapır, ancaq bu heç də hər zaman belə olmayacaq. Müdafiə sənayesinə vurulan ciddi zərbələr var. Hesab edirəm ki, Rusiyanın bundan sonra hansı addımları atacağını ehtimal etmək çətindir. Doğrudur, strateji nüvə silahını istisna etsək də, taktiki nüvə silahından istifadə üçün bu sözləri demək mümkün deyil".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”