Kremlin yeni "sülh variantı"nın detalları dəhşətli gələcək vəd edir: İrəvan məmnundur, Bakı isə...

Kreml Cənubi Qafqazda onilliklər boyu, qeyri-sabitliyə təminat verəcək məkrli planlar qurmaqdadır... Rusiya Azərbaycan və Ermənistanın sülh sazişi deyil, "əbədi savaş" anlaşması imzalamasına çalışır...

Cənubi Qafqazda Rusiyanın mövqeləri ciddi şəkildə zəifləyib. Artıq Rusiya bu regionda əvvəlki kimi geopolitik iradə sahibi deyil. Üstəlik, sülh prosesinin intensivləşməsi və irəliləyişlərin mövcudluğu Kremli ümumiyyətlə, Cənubi Qafqazı həmişəlik itirmək təhlükəsi qarşısında qoyub.

Ona görə də, Rusiya siyasi dairələrində müəyyən narahatlıq və təlaş müşahidə olunur. Kreml hazırda iki istiqamətdə fəaliyyət göstərməyə çalışır. Birinci istiqamət ABŞ və Qərbin təşəbbüsü ilə həlledici mərhələyə keçmək üzrə olan sülh prosesini pozmaqdan ibarətdir. İkinci istiqamət üzrə isə heç olmasa, prosesi mümkün qədər ləngitmək və əgər, sülh sazişinin imzalanması qaçılmaz olacaqsa, sənədin mətnin məhz Rusiyanın maraqlarına uyğun hazırlanmasına hədəflənib.

Göründüyü kimi, Kremli Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması qətiyyən düşündürmür. Əksinə, regionda qarşıdurma və gərginlik nə qədər yüksək səviyyədə olarsa, bu, Rusiyanın maraqlarına daha çox cavab verir. Halbuki, indi Kremlin əsas geopolitik rəqibləri sırasında zaman faktoru ön planda yer alır. Və bu, Kreml üçün "geopolitik seytnot" vəziyyəti yaradır.

Məsələ ondadır ki, Rusiya mümkün qədər tələsmək məcburiyyətində qalıb. Əks halda, Azərbaycan-Ermənistan yekun sülh sazişi ABŞ və Qərbin vasitəçiliyi ilə yaxın vaxtlarda imzalana bilər. Bu halda isə Rusiya vərdiş etdiyi kimi Cənubi Qafqazda geopolitik orbitr deyil, sadəcə, kənar müşahidəçi olacaq.

7be6236e-b74c-4f73-8160-c3126f1c2e78.jpg (84 KB) 

Maraqlıdır ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçiləri son vaxtlar ABŞ və Qərbin Cənubi Qafqaza nəzarət etməyə can atdığını xüsusi olaraq, vurğulayırlar. Eyni zamanda, ABŞ və Avropa Birliyinin Rusiyanı bu regiondan sıxışdırıb, çıxartmaq istədiyini də qeyd etməyi də qətiyyən unutmurlar. Və bu, onu göstərir ki, Kreml üçün əsas məsələ regionda ədalətli sülh deyil, Rusiyanın bölgədə mövcudluğu qorumaqdan ibarətdir.

Təbii ki, belə özəl və məkrli geopolitik hədəfləri olan Rusiyadan ədalətli vasitəçilik gözləmək sadəlövhlükdən başqa bir şey deyil. Rusiya XİN təmsilçilərinin açıqlamalarında yer alan məqamlar da kifayət qədər narahatlıq doğurur. Və sülh prosesinə vasitəçilik edən bir dövlətin öhdəliklərindən ciddi şəkildə kənara çıxır.

Məsələ ondadır ki, vasitəçi dövlətin əsas funksiyaları Azərbaycan və Ermənistan təmsilçilərini görüşdürmək, onlara mübahisəli məsələlərin müzakirəsinə şərait yaratmaqdan ibarət olmalıdır. Azərbaycan və Ermənistanın hansı məsələləri necə müzakirə edəcəklərinin, hansı şərtlər daxilində anlaşacaqlarının vasitəçilik edən dövlət tərəfindən müəyyən olunması yolverilməzdir. ABŞ və Avropa Birliyi bu məqamlara maksimum səviyyədə riayət etməyə çalışır. Və Ağ Ev ümumiyyətlə, münaqişə tərəflərinə birbaşa təmaslara üstünlük verməyi məsləhət görür.

Ancaq Kreml tamamilə fərqli davranmağa çalışır. Belə ki, Kremldə hesab edirlər ki, Azərbaycan və Ermənistan məhz Rusiyanın müəyyən etdiyi şərtlər daxilində anlamalıdırlar. Üstəlik, Kremlin müəyyən etdiyi şərtlərdə münaqişə tərəflərinin deyil, Rusiyanın hədəfləri ön planda tutulur. Və Kreml israrla vurğulayır ki, sülh danışıqları birmənalı şəkildə Rusiyanın iştirakı ilə imzalanmış üçtərəfli anlaşmaların tələblərinə uyğun aparılmalıdır.

58ca911243c3fd4ca9342955a69a883a.jpg (140 KB) 

Halbuki, üçtərəfli anlaşmalar müvəqqəti xarakter daşıyan çərçivə sənədindən başqa bir şey deyil. Çünki həmin sənədlərin hüquqi qüvvəsi məhduddur və 2025-ci ildə sona çatacaq. Bu baxımdan, Kreml israr etsə də, hüquqi qüvvəsi belə məhdud olan sənədlərin sülh danışıqlarında baza kimi qəbul olunması yolverilməzdir.

Ona görə də, Azərbaycan və Ermənistan arasında sülh prosesinin yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq, inkişaf etdirilməsi daha doğru yanaşmadır. Çünki Cənubi Qafqaz Kremlin "arxa baxçası" deyil. Bu regionun xalqları da Rusiyanın imperialist regional maraqları üçün əbədi olaraq, savaş şəraitində yaşamaq öhdəliyi götürməyiblər. Və ümumiyyətlə, Rusiyanın bu regiondan həmişəlik çəkilərək, sülh dövrünün qarşısından çıxmasının vaxtı çoxdan çatıb.

Ancaq Kremlin belə bir mötədil niyyəti yoxdur. Əksinə, Rusiya siyasi dairələrindən sızan məlumatlar Kremlin olduqca məkrli planların qurulması ilə məşğul olduğunu növbəti dəfə təsdiqləyir. Həmin məlumatlara görə, Kreml Azərbaycan və Ermənistanın imzalanması üçün yekun sülh sazişinin mətnini artıq Rusiyanın məmnun qalacağı məzmunda hazırlayıb. İndi Rusiyanın əsas cəhdləri bu sənədi hər iki tərəfə qəbul etdirilməsinə yönəldilib.

Rusiya siyasi dairələrindən sızan məlumatlara inansaq, əgər, Kremlin variantı qəbul edilərsə, Cənubi Qafqazı sülh və sabitlik gözləmir. Əksinə, Kreml həmin sənədlə bu regionun növbəti onilliklərdə "qaynar münaqişə ocağı" kimi qalmasını təmin etməyə çalışır. Beynəlxalq hüquq normaları olduğu halda, üçtərəfli anlaşmaları sülh sazişinin əsas bazası və alternativsiz sənədlər kimi təqdim etməyə çalışın Rusiyadan başqa nəsə gözləmək çətindir.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB) 

Məsələ ondadır ki, bütün dünya, o cümlədən də ABŞ və Qərb, hətta Ermənistan belə, Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Ancaq nə qədər qəribə də olsa, sülh prosesinə vasitəçilik iddiasında olan Rusiya buna açıq şəkildə müqavimət göstərir. Rusiyanın sülh variantına görə, "Dağlıq Qarabağ məsələsi"nin həllinin qeyri-müəyyən vaxta qədər təxirə salınması nəzərdə tutulur. Bu "mövzu"nun hər iki tərəf üçün uyğun olacaq dövrdə müzakirə edilməsi təklif olunur.

Halbuki, "hər iki tərəf" tezisi Kremlin nə qədər məkrli olduğunu göstərir. Çünki yalnız bir tərəf - Azərbaycan var. Bu məsələnin hər hansı başqa tərəflərlə, eləcə də, Rusiya və Ermənistanla müzakirəsi mümkün deyil. Belə bir cəhd Azərbaycanın daxili işlərinə qarışmaq anlamı daşıyır. Və bu, onu göstərir ki, Kreml Cənubi Qafqazda onilliklər boyu silahlı toqquşmalara səbəb olacaq problemin mövcudluğunu qorumaq üçün əlindən gələn hər şeyi etməyə çalışır.

Kremlin qəbul etdirməyə çalışdığı "sülh sazişi variantı"na görə, sənədin imzalanmasından dərhal sonra Azərbaycan-Ermənistan sərhədlərində Rusiya hərbi kontingentinin yerləşdirilməsi nəzərdə tutulur. "Dağlıq Qarabağ" mövzusunu qeyri-müəyyən müddətə uzatmaqla isə, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazisində qalmasını təmin etməyə cəhd göstərilir. Və bu, əslində, Cənubi Qafqazda sülhə aparan deyil, 30 illik münaqişənin Rusiyanın xeyrinə "dondurulması"na hesablanmış sənəddir.

Göründüyü kimi, Kreml Cənubi Qafqazda onilliklər boyu qeyri-sabitliyə təminat verəcək planlar qurmaqdadır. Rusiya Azərbaycan və Ermənistana sülh sazişi deyil, əbədi savaş anlaşması imzalatmağa çalışır. ABŞ və Qərbin regionda fəallaşdığı, Azərbaycanın isə Rusiyanın maraqlarına müqavimət göstərə biləcək səviyyədə gücləndiyi bir şəraitdə Kremlin bu məkrli "sülh variantı"nın reallaşma ehtimalı inandırıcı görünmür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

10.06.2023 18:30
11718