Dünyanın demək olar ki, bütün ölkələrində dövlət başçılarının və yüksək ranqlı məmurların geyim məsələsi ilə məşğul olan xüsusi personal və xidmətlər mövcuddur. SSRİ-nin mövcud olduğu dövrdə də bu məsələ diqqətdən yayınmayıb. İnqilabdan sonra 1939-cu ilə qədər sovet məmurları qarderoblarına özləri nəzarət ediblər. 1940-cı ilin yanvarında isə İosif Stalinin imzaladığı əmrlə Mərkəzi Komitənin İşlər İdarəsinin tabeliyində əşya təminatı xidməti yaradılıb ki, bu xidmətin vəzifəsi siyasiləri geyindirmək olub.
Xidmətin əsas obyekti Moskvanın çox tanınmış bir məkanında, Kutuzov prospektində yerləşən xüsusi atelye olub. Uzun illər bu atelyeni “Kreml atelyesi” adlandırıblar. Məhz burada çalışanlar yalnız Kreml məmurları üçün geyimlər tikiblər - üst geyimlərindən tutmuş, ayaqqabılara, baş geyimlərinə qədər...
Xüsusi atelyenin ümumi giriş qapısından başqa ikinci bir girişi də olub ki, bu qapı yüksəkçinli Kreml məmurları üçün nəzərdə tutulub. Nə İosif Stalin, nə Nikita Xruşov, nə Leonid İliç Brejnev, nə də Andropov və Çernenko atelyeyə təşrif buyurmayıblar. Mixail Qorbaçov isə ümumiyyətlə bu atelye haqqında çox da məlumatlı olmayıb və elə onun hakimiyyətinin son illərində atelye öz xüsusi statusunu itirib.
Xüsusi atelyenin baş inzibatçısı işləmiş Olqa Frolova SSRİ-nin süqutundan sonra kütləvi informasiya vasitələrinə maraqlı açıqlamalar verib:
“Siyasi Büro üzvləri, Mərkəzi Komitənin katibləri çox nadir hallarda atelyeyə gəlirdilər. Adətən bizim mütəxəssislər onların kabinetinə, yaxud da evlərinə gedirdilər. Mixail Suslov, Konstantin Çernenko, Andrey Qromıko, Qriqori Romanov isə ümumiyyətlə, bizim heç bir xidmətimizdən istifadə etmirdilər.
Suslov yerli trikotaj fabriklərinin istehsal etdiyi geyimlərdən istifadə edirdi. İşlər İdarəsində hər geyimin istifadə müddəti müəyyən olunmuşdu. Məsələn, ildə iki dəfə alt paltarları, bir dəfə ayaq geyimləri, iki ildə bir dəfə baş geyimləri almağa icazə verilirdi. Suslov bu “reqlamentə” ciddi riayət edirdi. Hətta o, dövlət hesabına aldığı kostyumlarda ölçü problemi olanda belə bizə müraciət etməzdi. Bir az uzun, bir az gödək məsələsi onu narahat etmirdi.
Qromıko qarderobunu şəxsi vəsaiti hesabına zənginləşdirirdi. Tez-tez xarici ölkələrdə səfərdə olan xarici işlər naziri səfər zamanı az da olsa, geyim almağa vaxt tapırdı.
Leonid Brejnev əvvəlki rəhbərlərdən fərqli olaraq geyim məsələsinə çox həssas yanaşırdı. O, kostyum tikdirəndə xoşladığı köynəklərin və qalstukların rəngini və naxışlarını əvvəlcədən dərziyə bildirirdi ki, parça seçimində uyğunluq yaratsınlar. Ümumiyyətlə, Brejnev zövqlü geyinməyi xoşlayırdı. Baş katibin ailə üzvləri də bizim atelyenin xidmətlərindən istifadə edirdilər...”
Uzun illər atelyedə işləyən Vasili Şimko isə rəhbərlərə xidmət göstərdiyi illərdəki maraqlı məqamları jurnalistlərlə belə bölüşüb:
“Mən Nikita Xruşovun dövründən xüsusi atelyedə işləməyə başlamışam. Bütün dövrlərdə digər böyük qurumlarda da, Müdafiə Nazirliyində, DTK-da, Daxili İşlər Nazirliyində və s. xüsusi atelyelər fəaliyyət göstərib. Amma buna baxmayaraq, həmin qurumların rəhbərləri bizim xidmətlərimizdən daha çox istifadə ediblər. Məsələn, daxili işlər naziri Nikolay Şelokov kostyum və paltolarını bizim atelyedə sifariş edirdi, DTK sədri Yuri Andropov da dərzilərimizi tez-tez kabinetinə çağırtdırırdı.
Andropov adətən tünd rəngli parçalara üstünlük verirdi. Paltosunu isə həmişə uzun tikdirirdi. Bir dəfə cəsarət edib ona iradımı bildirdim:
- Yuri Vladimiroviç, bu ölçülər standarta uyğun deyil, palto sizin dizinizdən çox aşağı düşəcək.
O, mənim bu iradıma əsəbiləşmədi və gülümsəyərək cavab verdi:
- Vasya, (Andropov mənə belə müraciət edirdi) gəl bir-birimizin işinə qarışmayaq, zövq məsələsində mübahisə etmək ağılsız bir işdir.
Andropovun görkəmi çox ciddi olsa da, o, çox mülayim adam idi.
Ən qəliz “müştəri”lərdən biri Siyasi Büronun üzvü, Partiya Nəzarəti Komissiyasının sədri Arvid Pelşe idi. Pelşeni geyindirmək sözün əsl mənasında problemə çevrilirdi. Təkcə parça seçiminə ən azı 10-15 gün vaxt lazım olurdu. Ölçü məsələsində isə Pelşe millimetrlərə qədər xırdalığa gedirdi. Amma sonda işimizdən razı qalırdı...”
Xüsusi atelyenin xidmətlərindən sıravi vətəndaşların istifadəsinə icazə verilməyib. Obyektin prospektə açılan giriş qapısı həmişə bağlı saxlanılıb. Atelyedə çalışanlar Mərkəzi Komitənin İşlər İdarəsinin əməkdaşları kimi xüsusi güzəşt və imtiyazlara malik olublar. Onlar Kreml xəstəxanasında müayinə və müalicə olunmaq, ildə bir dəfə sanatoriya və pansionatlara pulsuz göndəriş almaq, ildə iki dəfə əmək haqqı həcmində pul mükafatı ilə mükafatlandırmaq kimi güzəştlərə malik olublar. Bu rəsmi güzəştlərdən əlavə birinciləri geyindirənlərin qeyri-rəsmi mükafatları da olub.
Atelyenin anbar müdiri Qalina Tretyakova müsahibələrində həmin mükafatlar haqqında xatirələrini aşağıdakı kimi bölüşüb:
“Xüsusi atelyedə işləmək böyük məsuliyyət tələb edirdi. Mənim işim isə daha çətin idi. Anbarı bütün materiallarla vaxtında təmin etmək o qədər də asan məsələ deyildi. Düzdür, Mərkəzi Komitənin adı gələndə mümkün olanı edirdilər. Amma get-gəl məsələsi həmişə olurdu. Bütövlükdə işimizdən narazı deyildik. Maaşlarımız yüksək idi. Bayramlarda hədiyyələrimiz əskik olmurdu. Problemlərimizi isə birincilərlə həll edirdik. Qeyd edim ki, məmurlarımız atelyeyə gələndə özlərini kabinetdəki kimi aparmırdılar, bizə mehribanlıqla yanaşırdılar. Bir dəfə isti yay günlərinin birində daxili işlər nazirinin müavini Yuri Çurbanov atelyeyə gəlmişdi. O, hansısa cənub ölkələrinin birinə səfərə hazırlaşırdı və bizə yay kostyumu sifariş etmişdi. Keçdik anbara, mən bütün parçaları ona göstərdim. Heç birini bəyənmədi. Dedim ki, mənə bir gün vaxt lazımdır. Həmin gün mərkəzi anbarların hamısını gəzdim, nəhayət, baş katibin kürəkəninin istədiyi parçanı tapa bildim. Səhəri gün o, yenidən gəldi, parçanı bəyəndi. Dərzilər işə başladılar. Çurbanov kostyumu götürməyə gələndə iri bir qutuda şirniyyat və içkini stolun üstünə qoydu, təşəkkürünü bildirdi. Mən bu fürsəti əldən vermədən ondan oğlumun xahişini etdim:
- Yuri Mixayloviç, bəlkə də yerinə düşmür, amma sizdən bir xahişim var. Oğlum dörd aydır ki, hərbi xidmətdən qayıdıb. Sağlamdır, fiziki cəhətdən hazırlıqlıdır, pis vərdişi yoxdur. Arzusu isə daxili işlər orqanlarında xidmət etməkdir.
O, məni səbrlə dinlədi və gülərüzlə cavab verdi:
- Oğlunuzun milisdə işləməsi üçün gərək siz mənim kostyum tikdirməyimi gözləməyəydiniz.
Daha sonra o, mənə telefon nömrəsi verdi. Artıq bir aydan sonra oğlum milisdə xidmət edirdi...”
Mərkəzi Komitə xüsusi atelyenin əməkdaşlarını dövlət mükafatları ilə təltif etməyi də həmişə diqqət mərkəzində saxlayıb. Onların arasında orden və medallara layiq görülənlər də olub.
Xüsusi atelye 1991-ci ildə fəaliyyətini dayandırıb. Hazırda onun yerində “Prezident-Servis” Moda Evi fəaliyyət göstərir.
İlham Cəmiloğlu,
Musavat.com