Kremlin taleyi İstanbulda həll olunur, daha şans verilməyəcək: Rusiyanın hərbi potensialı tam sıradan çıxarılacaq

Kreml üçün “irəliyə hərəkət” yolu tədricən qapadılır, indi geriyə doğru sürətli dönüş taktikası seçilməzsə, tezliklə Rusiya ABŞ və Qərbin Ukrayna vasitəsilə endirəcəyi daha dağıdıcı hərbi zərbələrin hədəfinə çevrilə bilər... Ukrayna savaşından sonra postsovet məkanını işğalla hədələyən Rusiyanın özü müharibədə məğub olarsa, parçalanma təhlükəsi ilə üzləşəcək, ikinci İstanbul görüşü Kremlin “qaranlıq tunel”dən yayınmaq üçün sonuncu şansı hesab olunur...

Ukrayna savaşı ətrafında yaranmış situasiya artıq nəzarətdən çıxmaq üzrədir. Hər halda, son vaxtlar bu müharibənin dayandırılması prosesi qlobal məkanda əsas problemə çevrilməyə başlayıb. Kreml sülh prosesini böyük ölçüdə iflasa uğradıb. Rusiyanın “neoimperialist iştahı” Qərb siyasi dairələrinin, eləcə də, ABŞ-ın sülh təşəbbüslərini boşa çıxartmaqda davam edir. Hətta Kreml ümumiyyətlə, ABŞ-ın və digər Qərb dövlətlərinin vasitəçilik cəhdlərini bloklamağa çalışır. Və indi daha çox Ukrayna ilə birbaşa, ikitərəfli təmaslarla sülh müzakirələrinə üstünlük verir.

Onu da qeyd etmək lazımdır ki, hazırda sülh sazişinin imzalanması daha çox Rusiyaya lazımdır. Çünki Rusiya iqtisadiyyatı və hərbi-sənaye kompleksi savaşın yükünü çəkməkdə ciddi çətinliklərlə üzləşməkdədir. Ancaq Kreml Tramp administrasiyasının hazırladığı sülh planı üzrə savaşın dayandırılmasını və yaxud da atəşkəs rejimi ilə bağlı anlaşmanı yaxına buraxmaq istəmir. Kremldə belə qənaətə gəliblər ki, əgər, sülh sazişi imzalanacaqsa, bu, sənəd yalnız Rusiyanın şərtlərinə ifadə etməlidir. Və Rusiya siyasi dairələri qarşı tərəfin tələb-şərtlərini dinləmək belə, istəmir.

2ff08328b16c31c0c2469abbe5125412.jpg (107 KB)

Ona görə də, Ukrayna savaşının dayandırılması prosesində orbitrlik edən Ağ Ev danışıqlar masası arxasında davamlı uğursuzluğun ABŞ-ın beynəlxalq nüfuzuna sarsıdıcı zərbələr vurduğunu nəzərə alaraq, vasitəçilik missiyasından imtina edib. ABŞ-ın bu qərarına qədər Rusiyanın maraqlarına uyğun şərtlərin qəbul ediləcəyinə şübhə etməyən Kreml Ağ Evin belə radikal manevr etməsiylə daha təhlükəli situasiya ilə üzləşmiş oldu. Yeni situasiyanın qəliz xarakter almasından təlaşa düşən Kreml dərhal çıxış yolu kimi, məhz Türkiyəyə minnətçi düşdü. Və Ukrayna təmsilçiləri ilə İstanbul görüşünün geçirilməsinə nail oldu.

Ancaq Rusiya diplomatları İstanbul görüşünü də qeyri-real və aqressiv tələblərlə pozdular. Belə ki, Ukrayna nümayəndə heyəti Rusiyanın şərtləri qəbul edilməyəcəyi təqdirdə, yeni ərazi itkiləri ilə təhdid olundu. Bununla da Kreml həm də parçalanma mərhələsindəki NATO üzvü olan Qərb dövlətlərini növbəti dəfə Rusiyaya qarşı birləşməyə məcbur etdi. Ona görə də, indi Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaları gücləndirməyə başlayıb. Və üstəlik, ABŞ da daxil olmaqla, Qərb döblətləri Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirilməsində tətbiq olunan məhdudiyyətləri ləğv etdi.

Maraqlıdır ki, bütün bunların artıq real nəticələri də mövcuddur. Belə ki, Ukrayna ordusu Rusiyanın dərinliklərində olan strateji hərbi obyektləri bir-birinin ardınca vuraraq, sıradan çıxarır. Sonuncu belə hücum nəticəsində Rusiyanın strateji aviasiyasının üçdən biri məhv olunub. Hər halda, 50-yə yaxın strateji bombardmançı təyyarənin elə hərbi bazalardaca vurulması Rusiya üçün böyük hərbi itkidir. Və bu, həm də bütün dünyaya yenidən meydan oxumaq niyyətinə düşmüş Rusiya üçün əsl hərbi biabırçılıq sayılır.

0074fab1be46f43277c079f9cfd6d1f1.jpg (84 KB)

Məsələ ondadır ki, Rusiyanın öz ərazisindəki strateji hərbi obyektləri qoruya bilmədiyi tamamilə dəqiqləşib. Üstəlik, yaxın vaxtlarda Qərb ölkələrinin Ukraynaya ən müasir uzaqmənzilli hücum silahları göndərdikdən sonra Rusiyanın vəziyyətinin daha da ağırlaşacağı artıq qətiyyən şübhə doğurmur. Rusiyanın indiki yetərsiz müdafiə sisteminin yararsızlığı daha qabarıq şəkildə ortaya çıxa bilər. Və üstəlik, Rusiyanın hərbi itkiləri müasir texnologiya defisiti ucbatından demək olar ki, bərpaolunmaz xarakter daşıyır.

Belə anlaşılır ki, Kreml öz “neoimperialist iştahı” ucbatından Rusiyanı daha dərin “savaş bataqlığı”na salıb. Əgər, ABŞ və Qərb Ukraynaya hərbi dəstək məsələsində qətiyyətli davranarsa, Rusiya ən müasir silahlarla ardıcıl zərbələrə uzun müddət davam gətirməyə də bilər. Ona görə də, bəzi ehtimallara görə, bunadan sonra Kreml ABŞ və Qərbi təhdid edərkən, daha ehtiyatlı ifadələr seçməli olacaq. Və Rusiyanın hərbi potensialından üstün iddialardan imtina etmək məcburiyyətində qalacaq.

Onu da qeyd etmək lazımdır ki, Rusiyanın üçüncü dünya savaşı və ya nüvə müharibəsi ilə bağlı təhdidlərini Qərb siyasi dairələrində artıq ciddiyə almırlar. Çünki Qərbdə əmindirlər ki, Rusiya daha intensiv hərbi toqquşmalara tab gətirmək üçün resurslara və müdafiə potensialına malik deyil. Hətta bəzi NATO ölkələri Kremlin nüvə savaşı ilə bağlı hədələrinə Rusiyanın strateji aviasiyasının üçdə birinin artıq sıradan çıxarıldığına eyham vurmaqla cavab verirlər. Və bununla da, Kremlin öz həddini aşmaq həvəsini cilovlamayacağı təqdirdə, Rusiyanın bütün hərbi strateji resurslarının sıradan çıxarıla biləcəyi ilə bağlı açıq xəbərdarlıq edirlər.

1595511240sd.jpg (51 KB)

Maraqlıdır ki, Ukrayna ordusunun son uğurlu və sensasion hərbi əməliyyatının məhz ABŞ və Qərbin Rusiyaya “barmaq silkələməsi” olduğu da bildirilir. Kremlə mesaj verilir ki, sülh masasında aqressiv davranmaqda davam edərsə, Rusiyanın ümumiyyətlə, bütün hərbi potensialı tamamilə sıradan çıxarıla bilər. Bu haldasa, Rusiyanın Ukrayna qarşısında tarixi hərbi məğlubiyyəti də qaçılmaz xarakter daşıyar. Və ona görə də, Kremldən sülh masasında “təvazökar” davranış istənilir.

Göründüyü kimi, Rusiya Ukrayna ilə ikinci İstanbul görüşünə sarsıdıcı hərbi zərbələrin təsiri altında gedib. Kremlin bundan öncəki görüşdə olduğu kimi davranması indi o qədər də inandırıcı görünmür. Hətta Rusiya siyasi dairələri aqressiv mövqedə israr etmək qərarı versələr belə, bu, Ukraynanı və Qərbi elə də ciddi şəkildə narahat etməyəcək. Çünki bundan sonra sülh masasında gərginliyin artırılmasının Rusiya üçün savaş meydanında bumeranq effekti verəcəyi artıq şübhə doğurmur. Və bu baxımdan, Rusiya indi ya sülhü, ya da kapitulyasiya aktını seçmək barədə daha ciddi düşünməli olacaq.

Belə anlaşılır ki, Rusiya üçün irəliyə hərəkət yolu tədricən qapadılır. İndi Kreml geriyə doğru sürətli dönüş taktikası seçməzsə, tezliklə Rusiya ABŞ və Qərbin Ukrayna vasitəsilə endirəcəyi daha dağıdıcı hərbi zərbələrin hədəfinə çevrilə bilər. Üstəlik, Ukrayna savaşından sonra postsovet məkanını işğalla hədələyən Rusiyanın özü müharibədə məğub olacağı təqdirdə, parçalanma təhlükəsi ilə də üzləşə bilər. Və bu baxımdan, ikinci İstanbul görüşü Kreml üçün Rusiyanı “qaranlıq tunel”dən yayındırmaq baxımından sonuncu şans hesab olunur.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

02.06.2025 17:48
2426