Kremlin neft hərisliyi – SSRİ-nin nüvəsini dağıdan Çernobıldan əvvəl İvanovo da xaraba qoyulub

1986-cı ilin aprel ayında Çernobıl AES-də baş verən qəza dünya tarixində ən dəhşətli nüvə fəlakətlərindən biri sayılır.

Qəza baş verən zaman SSRİ rəhbərləri bu faciəni gizlətməyə, təfərrüatlarını açıqlamamağa cəhd etsələr də, artıq qəzanın baş verdiyi günün səhərisi, aprelin 27-də qərb mətbuatı Çernobıl faciəsi haqqında informasiyalar dərc edib. Qeyd edək ki, Çernobıl faciəsi SSRİ-də ilk nüvə fəlakəti olmayıb. Bu hadisədən əvvəlki illərdə də dəfələrlə anoloji hadisələr baş verib. Amma bu cür hadisələr uzun illər ictimaiyyətdən gizli saxlanılıb.

Bu cür hadisələrdən biri 1971-ci ildə İvanovo vilayətində baş verib. Nüvə fəlakəti zamanı minlərlə insan radiasiyaya məruz qalıb. SSRİ-nin süqutundan sonra İvanovo vilayətində baş verən qəza yenidən araşdırıldıqdan sonra bu hadisə “İvanovo Xirosiması” adlandırılıb.

ivano.jpg (105 KB)

1965-ci ildə SSRİ-də “Xalq təssərrüfatı üçün nüvə partlayışları” adlı dövlət proqram qəbul edilib. 1988-ci ilə qədər bu proqram çərçivəsində ölkə ərazasində 124 dinc nüvə partlayışı həyata keçirilib. Partlayışların keçirilməsi yeraltı təbii sərvətlərin, əsasən də neft və qaz yataqlarının kəşfiyyatı və aşkar edilməsi məqsədini daşıyıb.

1971-ci ildə SSRİ Nazirlər Sovetində əhalinin içməli suya tələbatı müzakirə olunanda yeni su quyularının qazılması üçün mütəxəssislərə ərazilərin müəyyənləşdirilməsi göstərişi verilib. Bir müddət sonra geoloqlar qazılacaq quyuların yerlərini əks etdirən siyahını Nazirlər Sovetinə təqdim ediblər. Həmin siyahıda Şaça çayının İvanovo vilayətindən keçən sol sahili də qeyd edilib.

Beləliklə, 1971-ci ilin avqust ayında layihənin icrası üçün 26 nəfər mütəxəssis İvanovo vilayətinə ezam olunublar. Kəşfiyyat işləri zamanı geoloqlar ərazidə iki neft yatağının olmasını aşkar ediblər. Su quyuları ilə bağlı layihə kənara qoyulub, Moskvanı neft yataqları daha çox maraqlandırıb və ərazidə dinc nüvə partlayışı ilə neft yataqlarının istismara hazırlanması əsas müzakirə mövzusuna çevrilib. Bununla bağlı SSRİ Nazirlər Sovetində “Qlobus-1” əməliyyatı təsdiqlənib.

313.jpg (136 KB)

Əməliyyata hazırlıq işləri sentyabrın 19-da yekunlaşıb. Ətraf kənd və qəsəbə sakinlərinə partlayış haqqında məlumat verilib. Amma bunun nüvə partlayışı olacağı tam məxfi saxlanılıb.

Yataqların yerləşdiyi yerdə 610 metr dərinliyə 2.3 kiloton gücündə nüvə yükü buraxılıb. Müqayisə üçün qeyd edək ki, Xirosimaya atılan atom bombasının gücü bundan cəmi 5-6 dəfə çox olub. Saat 16.15-də partlayışı reallaşdıracaq qurğular işə salınıb. Geoloqlar gözlədikləri nəticəni əldə edə bilməyiblər. Əksinə, “xalq təsərrüfatı üçün dinc nüvə partlayışı” nüvə fəlakətinə çevrilib. Belə ki, quyuların düzgün betonlaşdırılmaması faciəyə səbəb olub.

Partlayış zamanı ətrafdakı yaşayış məntəqələrində zəlzələ şoku yaşanıb. Quyulardan yanar qaz axını on metrlərlə yüksəklərə qalxıb. Ətraf mühit normadan yüz dəfələrlə çox radiasiyaya məruz qalıb.

Uğursuz “Qlobus-1” əməliyyatı dəqiqələr ərzində yaxın ərazilərdəki canlıları, birkiləri, ev heyvanlarını məhv edib.

611.jpg (193 KB)

Hadisə ilə bağlı dərhal Kremlə məruzə edilib. Axşam saatlarında Siyasi Büronun iclası çağrılıb. İclasın ilk dəqiqələrində Leonid Brejnevlə SSRİ Nazirlər Sovetinin sədri Aleksey Kosıgin arasında gərgin mübahisə yaranıb. Baş katib “Qlobus-1” əməliyyatının uğursuzluğunda baş naziri ittiham edib.

İclasın gedişi zamanı İvanovo vilayət partiya komitəsinin birinci katibi Aleksandr Smirnovla birbaşa telefon əlaqəsi yaradılıb. Birinci katib hadisə ilə bağlı Siyasi Büro üzvlərini məlumatlandırıb, vəziyyətin son dərəcə ağır və gərgin olduğunu bildirib, əlavə həkim briqadalarına və xilasedicilərə ehtiyac olduğunu deyib.

Qeyd edək ki, Smirnov vilayət partiya komitələri birinci katibləri arasında Brejnevlə yaxın münasibətdə olması ilə fərqlənib. Baş katib birinici katibə xəttdə qalmasını söyləyib və müzakirələr davam edib. Brejnev hadisənin fəsadlarının aradan qaldırılması üçün daxili qoşunların qüvvələrindən istifadə etməyi təklif edib. Bu təklif Brejnevlə Kosıginin arasında növbəti mübahisəyə səbəb olub. Baş nazir fikirlərini belə əsaslandırıb:
- Nəzərinizə çatdırıram ki, İvanovo vilayətinə əlavə qüvvələrin göndərilməsinə ehtiyac yoxdur. Çünki ərazidə böyük yanğın baş verməyib, partlayış zamanı tikililərdə dağıntı olmayıb. Əsas problemli məsələ əhalinin şüalanmaya məruz qalmasıdır. Hadisə yeri ilə Moskvanın arasında məsafə 300 kilometrdən bir az artıqdır. Biz şüalanmaya daha ciddi məruz qalanları Moskvaya gətirə bilərik. İkinci tərəfdən, İvanovo vilayətinin səhiyyə müəssisələri də kifayət qədərdir ki, bu işi özləri də görə bilərlər. Vilayətə ayrılan illik büdcə imkan verir ki, qəzanın fəasadlarını özləri aradan qaldırsın.

1459269745155820964.jpg (131 KB)

Büro üzvlərinin əksəriyyəti Kosıginin əsaslandırılmış fikirləri ilə razılaşıblar. Baş nazirin fikirləri baş katibi də “yumşaldıb”. Amma Brejnev xüsusi komissiyanın yaradılmasını vacib sayıb. O, telefon xəttində gözləyən Smirnova büronun qərarını açıqlayıb:

- Biz yoldaşlarla belə qərara gəldik ki, xüsusi komisiya yaradılsın. Amma bu o demək deyil ki, kimsə Moskvadan gəlib sizin işinizi görəcək. Daxili imkanlarınızı səfərbər edin. Müalicəyə daha ciddi ehtiyacı olanları Moskvaya göndərin. Bizim sizə bir köməyimiz dəyəcək, mən Kosıginə göstəriş verəcəyəm, sizə büdcədən əlavə vəsait ayırsınlar. Siz Nazirlər Soveti ilə əlaqə yaradın, maliyyə məsələlərini müəyyənləşdirin.

Bununla da büronun iclası yekunlaşıb. Neftə həris olan Kreml neftə görə şüalanmaya məruz qalan minlərlə insanı vilayət rəhbərliyinin ümidinə buraxıb. 1990-cı ildə İvanovo səhiyyə idarəsinin hazırladığı arayışda qeyd olunub ki, partlayışdan sonra vilayətdə onkoloji xəstəliklərin sayı səkkiz dəfə çoxalıb.

Doğuş zamanı ölüm halları isə 5 dəfə artıb. Düz iyirmi il bu acı həqiqətləri ictimaiyyətdən gizli saxlayıblar.

İlham Cəmiloğlu, Musavat.com

27.01.2023 15:15
2007