Kremlin ən “çoxbilmiş” adamı – o, SSRİ-nin siyasi elitasında ən ağıllı məmur sayılıb

Müasirləri onun haqqında həmişə yüksək fikirlər söyləyiblər.

1964-1980-ci illərdə SSRİ Nazirlər Sovetinin sədri olan Aleksey Kosıgin Mixail Smirtyukov haqqında təəssüratlarını aşağıdakı kimi bölüşüb:

“Smirtyukovun hafizəsinə, yaddaşına, iş bacarığı və məhsuldarlığına qibtə etməmək olmur. Bizdən fərqli olaraq sanki onun iki beyni var. Kim hansı sənədə nə vaxt imza atıbsa, Smirtyukov onu əzbər bilir...”

SMİRTO.jpg (59 KB)

Marşal Dmitri Ustinov isə Smirtyukovu yeriyən ensiklopediya adlandırıb:

“Bu şəxs yeriyən ensiklopediyadır. Nə istəyirsən soruş, hətta öz işinə aid olmayan məsələləri belə Smirtyukov dərhal cavablandırmaq imkanındadır. Bu adam Kremlin ən “çoxbilmiş” adamıdır...”

Moskva Dövlət Universitetinin hüquq fakültəsini bitirən Smirtyukovun Kremldə işə düzəlməsi sırf təsadüf nəticəsində baş verib. O, ali təhsilini başa vurduqdan sonra doğulduğu Kaluqa şəhərinin qəsəbələrinin birində klub müdiri vəzifəsinə təyin edilib. Bu iş onun üçün çox darıxdırıcı görünüb, əyalət həyatı onu qane etməyib. Nə vaxtsa Moskvada işə düzələcəyini xəyal kimi qəbul edən Smirtyukov günlərin birində Mərkəzi Komitəyə və Xalq Komissarları Sovetinə (sonralar Nazirlər Soveti) işə qəbulla bağlı məktub göndərib.

Yaxınları onun bu məktublarını zarafatla qarşılayıblar:

“Mixail, sən Moskva tədarükünü gör, sabah Stalin səni Kremlə çağıracaq...”

Amma səhərisi gün olmasa da, iki həftədən sonra onu SSRİ Nazirlər Sovetinin kadrlar şöbəsinə dəvət ediblər. 1930-cu ildə Kaluqadan çıxıb Kremlə gedən Smirtyukov Kremli düz 60 ildən sonra, 1990-cı ildə tərk edib.

KREMLİN.jpg (114 KB)

Smirtyukov Xalq Komissarları Sovetində referent vəzifəsinə işə götürülüb. 1941-ci ildə o, Xalq Komissarları Sovetinin katibliyində müavin vəzifəsini daşıyıb. 1953-cü ildə SSRİ Nazirlər Sovetinin İşlər İdarəsinin müdir müavini təyin olunan Smirtyukov 1965-ci ildən 1990-cı ilə qədər həmin idarənin müdiri olub.

Siyasi Büro üzvlərini çıxmaq şərtilə Mixail Smirtyukov yeganə məmur olub ki, Kremlin qəbul edəcəyi ən vacib qərarlar onunla razılaşdırılıb. Əslində vəzifə ranqına görə o, Nazirlər Sovetində maliyyə, təminat, təchizat və bu kimi məsələlərə cavabdehlik daşıyıb. Kreml birincilərinin onunla hesablaşmasının səbəbi Smirtyukovun son dərəcə savadlı, düzgün qərar qəbul etmək və proqnoz vermək bacarığı olub.

Xüsusilə 1950-ci illərdən sonra Smirtyukov Kremldə böyük nüfuz sahibi olub. Hətta belə hallar da baş verib ki, hansısa bir nazir baş nazirə müəyyən sənədlərə imza atdırdıqdan sonra Smirtyukov həmin sənədi ləğv etdirmək gücündə olub.

İşlər idarəsinin müdiri işlədiyi illərdə baş nazirlər kadr məsələlərini də Smirtyukovla razılaşdırıblar. İşə qəbul olunmaq istəyənlər əvvəlcə Smirtyukovun kabinetindən keçib.

Zəngin dünyagörüşə, intellektə malik olan Smirtyukov metallurqla metallurq, pedaqoqla pedaqoq, həkimlə həkim dilində danışmağı bacarıb. Heç bir sahənin mütəxəssisi onu aldada bilməyib. Nazirlər Sovetinə daxil olan sənədə bir dəfə nəzər salmaqla o, məsələnin mahiyyətini dəqiqliklə anlayıb. Elə bu səbəbdən də nazirlər, komitə sədrləri baş nazirin qəbulundan əvvəl onun yanına gediblər. Yalnız Smirtyukovun razılığından sonra məsələnin müzakirəsi baş nazirin yanında davam etdirilib.

Məsələn, Stalin dövrünün “əfsanəvi naziri” sayılan maliyyə naziri Arseni Zverev 1951-ci ildə istiqrazlarla bağlı təkliflə Nazirlər Sovetinə gələndə Smirtyukov onun təkliflər paketinə nəzər saldıqdan sonra bir cümlə ilə münasibət bildirib:

“Bu, xalqın cibinə girməkdir”.

Smirtyukov öz xatirələrində yazdığı kimi, bu cümlədən sonra Arseni Zverev sənədləri elə onun kabinetində cıraraq zibil səbətinə atıb və Nazirlər Sovetinin binasını tərk edib.

ONUNN.jpg (104 KB)

Mixail Smirtyukov bütün rəhbərlərlə dil tapmağı bacarıb. Yalnız Leonid Brejnevlə aralarında soyuq münasibət olub. Yəqin ki, bu da Smirtyukovun təşəbbüskar bir kadr olmasından irəli gəlib. Brejnev Smirtyukovu partiya ilə hökumət arasında qarşıdurma yaradan şəxs adlandırıb.

1979-cu ildə Smirtyukovun 70 illik yubileyində ona Sosialist Əməyi Qəhrəmanı adı verilməsi ilə bağlı təqdimat Brejnevin masasına qoyulanda baş katib əvvəlcə razılıq verməyib. Yalnız Nazirlər Sovetinin sədri Aleksey Kosıginin və Ukraynanın birinci katibi Vladimir Şerbitskinin müdaxiləsindən sonra Brejnev təltiflə razılaşıb.

Kremldə 60 illik fəaliyyətində Mixail Smirtyukov çox hadisələrin şahidi olub və həmin hadisələr haqqında zaman-zaman mətbuata danışıb. Ümumiyyətlə, mətbuata həmişə açıq olan Smirtyukovun müsahibələri böyük maraqla qarşılanıb.

Məlum olduğu kimi, Stalinin vəfatından sonra onun cəbhə bölgələrinə səfər edib-etməməsi haqqında mətbuatda saysız-hesabsız müzakirələr açılıb. Bu məsələyə Smirtyukovun açıqlaması daha maraqlı olub:

“İosif Stalin ona qarşı törədilə biləcək sui-qəsdlərdən çox ehtiyat edib. Hətta Kremlin daxilində belə ona yaxın düşmək mümkün olmayıb. Uzun illər birgə işlədiyimiz dövrdə mən bunun canlı şahidi olmuşam. Belə bir təlimat var idi ki, əgər təsadüfən Stalinlə dəhlizdə rastlaşanda üzünü divara çevirməli və əllərin görünəcək şəkildə dayanmalıydın. Onunla dəhlizdə görüşmək isə heç də təsadüfi olmurdu. Çünki Stalinin dəhlizdə gəzişməyi adət halına çevrilmişdi. Sovet liderləri arasında Nikita Xruşov və Mixail Qorbaçov xalqla daha çox təmasda olub. Amma bu, heç də o demək deyil ki, Stalin cəbhə bölgələrində olmayıb və heç vaxt insan kütləsi qarşısına çıxmayıb. Sadəcə, Stalin öz təhlükəsizliyi üçün bir çox hallarda kütləvi görüşlərdən yayınıb. O ki qaldı onun cəbhə bölgələrində olmasına, mən maraqlı bir faktı açıqlaya bilərəm. Müharibə ərəfəsində Stalin Smolensk istiqamətinə səfər edib. Bu səfər zamanı o, bir gün kəndlərin birində gecələyib. Qaldığı evin sahibəsi isə yaşlı bir qadın olub. Səhərisi gün Stalin evi tərk edəndə mühafizə rəisi general Nikolay Vlasikə tapşırıb ki, evdə qaldıqlarına görə evin sahibəsinə pul versinlər. Sonda məlum olub ki, nə Stalinin, nə də onu müşayiət edənlərin heç birinin üstündə pul var. Pul əvəzinə ev sahibəsinə Stalin üçün nəzərdə tutulmuş və istifadə olunmamış ərzaqlar verilib. Məhz bu səfərdən sonra sovet lideri köməkçisi Poskrebışevə tapşırıb ki, belə görüşlərdə əvvəlcədən ona nə edəcəyini mükəmməl izah etsinlər ki, o, sıravi vətəndaşlara borclu qalmasın. Stalin çox nəhəng və dahi bir insan idi. Bu, danılmaz faktdır...”

Müharibə şəraitinə, sonralar isə gərgin iş rejiminə baxmayaraq, Smirtyukov öz sağlamlığının qayğısına qalmağa da vaxt tapıb. İşdən saat neçədə çıxmasına baxmayaraq, o, gündəlik piyada gəzmək normasına ciddi riayət edib və uzunömürlülüyün sirrini də məhz piyada gəzintidə görüb.

Smirtyukov 1990-cı ildə, Nikolay Rıjkov baş nazir olduğu dövrdə, 81 yaşında fərdi təqaüdə göndərilib. Onu da qeyd edək ki, Kremlin bütün sirlərinə bələd olan Smirtyukov Rıjkovu ən bacarıqsız baş nazir kimi dəyərləndirib. Ömrünün son illərinə qədər ictimai fəallığını saxlayan Smirtyukov 2004-cü ildə, 95 yaşında vəfat edib.

İlham Cəmiloğlu,
Musavat.com 

19.03.2024 13:20
3960