Kremlə nüvə zərbəsi üçün bəhanə verildi: Terrorun sifarişçisi dağıdıcı qlobal savaş hədəfləyir

Bəzi ehtimallara görə, “Crocus City Hall”dakı terror hadisəsindən sonra Ukrayna savaşının əhatə dairəsinin qloballaşma təhlükəsi daha da ciddiləşib... Kremlin bu qorxunc cinayətdən Ukraynaya və Rusiyanın Qərbdəki bəzi düşmənlərinə taktiki nüvə silahı ilə zərbə endirmək üçün bəhanə olaraq, istifadə edəcəyi iddia olunur...

Bütün dünya şokdadır. Rusiyada baş verən hadisələri dəhşət içərisində izləməkdə davam edir. Bəşəriyyət terror faktorunun nə qədər qorxunc və dağıdıcı savaş metodu olduğuna növbəti dəfə əmin oldu. Terrorun və terrorçuların əsas qəddarlığı, amansızlığı məhz mülki şəxslərin - qadınların, uşaqların, günahsız insanların hədəfə alınmasında ifadə olunur. Və belə bir qeyri-insani savaş metodunun arxasında gizlənib, öz çirkin planlarını reallaşdırmağa çalışanların, onları dəstəkləyənlərin sivil dünya ilə heç bir əlaqəsi mövcud deyil.

Bu baxımdan, Rusiya paytaxtı Moskvada baş verənlər bütün dünyaya dərs olmalıdır. Heç olmasa, bundan sonra beynəlxalq terrorizmə qarşı mübarizə daha qətiyyətli və prinsipial xarakter daşımalıdır. Əks halda, beynəlxalq terrorizm daha da cəsarətlənə bilər. Nəticədə “Crocus City Hall”da baş verən qorxunc və qeyri-insani terror aksiyasının başqa ölkələrdə də təkrarlanma təhlükəsi artar. Ona görə də, bütün dünya ölkələri beynəlxalq terrorizmə qarşı mübarizəni ümumi düşmənlə savaşa çevirməlidirlər.

Məsələ ondadır ki, terror aktları müxtəlif zaman intervalında və fərqli məkanlarda təkrarlanma xarakterinə malikdir. Belə ki, Rusiya buna oxşar terror cinayəti ilə 21-ci əsrin əvvəllərində - 2002-ci ildə də qarşılaşıb. "Dubrovka" və ya "Nord-Ost" faciəsi kimi tarixə düşən terror hadisəsində 850 nəfər mülki şəxs girov götürülmüşdü, 170 nəfər insan həyatını itirmişdi. 40-50 nəfərdən ibarət silahlı terrorçular Rusiyada xaos və qorxu mühiti yaratmaq üçün insanların ən çox toplaşdığı məkanları seçmişdilər. Və Rusiya dövlətinə qarşı siyasi məzmunlu tələblər irəli sürmüşdülər.

lvjfRAno455hK2Ol.jpg (101 KB)

Bu dəfə də təxminən oxşar taktika seçilib. Rusiya paytaxtının ən nəhəng mülki obyektlərindən biri olan “Crocus City Hall” silahlı hücuma məruz qalıb. Ancaq silahlı terrorçular bu dəfə mülki şəxsləri girov götürməyiblər və hətta siyasi tələblər də irəli sürməyiblər. Yəni, terrorçular konkret müddət ərzində qarşılarına çıxan hər kəsə odlu silahdan atəş açaraq, hadisə yerini tərk ediblər. Və bu, terrorçuların əsas məqsədini müəyyən etməkdə çətinliklər törədir.

Ona görə də, Rusiya xüsusi xidmət servislərinin bu dəhşətli terror aktının iştirakçılarını, təşkilatçılarını və sifarişçilərini müəyyən etməkdə ciddi problemlərlə üzləşə biləcəyi qətiyyən istisna deyil. Hər halda, heç kimə sirr deyil ki, müasir dünyada terrorçu təşkilatlar "sahibsiz" deyil. Bütün terror təşkilatlarınə dünyanın nəhəng dövlətlərinin xüsusi xidmət servisləri nəzarət edilir. Buna misal olaraq, Türkiyənin onilliklər boyu mübarizə apardığı PKK/PYD-nin bəzi Qərb ölkələri tərəfindən dəstəklənməsini və maliyyələşdirilməsini göstərmək olar.

Təbii ki, “Crocus City Hall”a hücum edən terrorçuların da arxasında bəzi siyasi maraqların dayandığı qətiyyən şübhə doğurmur. Yəqin ki, həmin siyasi maraqların səhnə arxasında gizlənən təmsilçilərinin və terror aktının sifarişçilərinin kimliyi müəyyən müddətdən sonra ortaya çıxmağa başlayacaq. Hər halda, bu terror aktının bir neçə məqsəd güdə biləcəyi artıq indidən istisna edilmir. Və arxasında dünyada daha dərin kataklizmlər planlaşdıranların ola biləcəyi də şübhə doğurmur.

Bəzi ilkin ehtimallara görə, bu dəhşətli cinayətin əsas məqsədlərindən biri məhz Ukrayna ilə müharibə vəziyyətində olan Rusiyanın daxili xaosa sürüklənməsi də ola bilər. Rusiyada keçirilən son prezident seçkiləri ərəfəsində buna cəhd göstərilsə də, real nəticələrə nail olunmadı. Bu baxımdan, Rusiya daxili situasiyanın qarışdırılması üçün maraqlı beynəlxalq dairələr bu dəfə terror metoduna əl atmış ola bilərlər.

cia-rus-terror.JPG (42 KB)

Onu da qeyd etmək lazımdır ki, ABŞ, Böyük Britaniya, Almaniya və s. Qərb ölkələri mart ayının əvvəllərində Rusiya paytaxtında yaxın vaxtlarda terror aktı törədilə biləcəyi barədə rəsmən xəbərdarlıq etmişdilər. Həmin xəbərdarlıq ilə adları çəkilən ölkələrin Moskvadakı səfirlikləri öz vətəndaşlarına insanların sıx toplaşdığı məkanlardan uzaq durmağı məsləhət görmüşdülər. Yəni, bu, onu göstərir ki, Qərb kəşfiyyatı indi “Crocus City Hall”da törədilmiş terror aktından məlumatlı olub.

Əslində, ən maraqlı və önəmli məqamlardan biri də elə budur. Çünki əgər, Qərb kəşfiyyatı məlumatlı olduğu terror hazırlığı barədə Rusiya xüsusi xidmət servislərinə müəyyən detalları çatdırmayıbsa, bu halda, mövcud situasiya daha da tünd rənglər ala bilər. Ancaq Ağ Evdən verilən məlumata görə, ABŞ kəşfiyyatı - CİA əlində olan bütün detalları Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) ötürüb. FTX isə öz növbəsində Ağ Evin bu iddiasını təsdiqləyib. Yəni, ABŞ kəşfiyyatı öz borcunu yerinə yetirib.

Belə anlaşılır ki, Rusiya kəşfiyyatı CİA-dən məlumatları aldıqdan sonrakı müddətdə öz funksiyalarının öhdəsindən gələ bilməyib. Hətta ola bilər ki, FTX bu məsələyə lazımi səviyyədə ciddi yanaşmayıb. Qarşı tərəfin psixoloji manipulyasiya cəhdi hesab edib. Hər halda, terror aktından cəmisi bir neçə gün öncə - martın 19-da prezident Vladimir Putinin verdiyi açıqlamalar belə düşünməyə imkan yaradır.

Çünki Kreml sahibi Qərb səfirliklərinin terror təhlükəsi barədə rəsmi xəbərdarlığını təxribat və Rusiyada qorxu mühiti yaratmaq cəhdi kimi dəyərləndirmişdi. Yəni, prezident Vladimir Putinin növbəti dəfə səhv etdiyi inkaredilməz reallıqdır. Və bu baxımdan, törədilən terror aktının Kreml sahibinin ictimai nüfuzuna sarsıdıcı zərbə vura biləcəyi istisna deyil.

8e0da806f444894cbc6834efa44019f9.jpg (156 KB)

Ona görə də, indi Rusiya siyasi dairələrinə konkret günahkar və hədəf lazımdır. Hətta bəzi Rusiya mənbələri terror aktının təşkilatçısı və sifarişçisi kimi Ukraynaya işarə etməyə çalışırlar. Kremlin ABŞ-ın terror aktının törədilməsindən qısa müddət sonra "Ukrayna bu cinayətə bulaşmayıb" bəyanatına qıcıqla yanaşması da bunu təsdiqləyir. Rusiya siyasi dairələri hələlik sübutlar olmasa da, bütün izlərin Ukraynaya apardığını iddia etməsi Kremlin verəcəyi ehtimal olunan sərt reaksiyanın əsas istiqamətini təxmin etməyə imkan yaradır.

Bütün bunlar onu göstərir ki, yaxın vaxtlarda beynəlxalq məkanda hərbi-siyasi situasiya indikindən daha qəliz məzmun qazana bilər. Bəzi iddialara görə, Rusiya “Crocus City Hall”da törədilmiş terror aktından Ukrayna savaşında istifadə etməyə çalışa bilər. Belə ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev açıq mətnlə bəyan edib ki, bu terror aktında rəsmi Kiyevin iştirakı təsdiqlənərsə, bu, Rusiyanın düşmənlərinə baha başa gələcək. O, vurğulayıb ki, bu halda, Ukraynanın siyasi rəhbərliyinə daxil olan bütün şəxslər məhv ediləcək.

Bəzi ehtimallara görə, “Crocus City Hall”da terror hadisəsindən sonra Ukrayna savaşının əhatə dairəsinin qloballaşma təhlükəsi daha da ciddiləşib. Hesab olunur ki, Kreml bu cinayətdən Ukraynaya taktiki nüvə silahı ilə zərbə endirmək üçün bəhanə olaraq istifadə edə bilər. Bunun ardınca isə Ukraynaya dəstək verən bəzi Avropa Birliyi ölkələrinə də analoji zərbə ehtimalının mövcudluğu istisna edilmir. Hər halda, Ukraynaya hərbi kontingent göndərilməsinə yönəlik müzakirələrin intensivləşdirilməsi Rusiyanı ciddi şəkildə narahat edir.

Kremldə hesab edirlər ki, əgər, Qərb ölkələri hər hansı bir məsələnin müzakirəsinə başlayıbsa, deməli, bu barədə səhnəarxası qərar artıq verilib. Yəni, Rusiya bəzi Qərb ölkələrinə taktiki nüvə zərbəsi ilə bütün beynəlxalq düşmənlərini qorxutmaq şansı qazanmış kimi görünür. Və əgər, Kreml bundan istifadə etmək niyyətinə düşərsə, deməli, dünyada daha dəhşətli qlobal savaş qaçılmaz olacaq.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

23.03.2024 19:05
2945