Kreml Zəngəzur dəhlizini tələb edir: Bakı kənara çəkildi, dərhal da Rusiya-Ermənistan "savaşı" başladı

Rəsmi Bakının Zəngəzur dəhlizi ilə bağlı məsələni birbaşa Rusiya və Ermənistan arasında olduqca ciddi problemə çevirməyi bacardığı artıq qətiyyən şübhə doğurmur... Baş verənləri kənardan müşahidə edən Azərbaycanın da maraqlarına uyğun olan Zəngəzur dəhlizinin Ermənistandan alınmasını məhz Rusiyanın öhdəsinə buraxılması ən doğru taktika təsiri bağışlayır...

Son üç il əvvələ qədər Cənubi Qafqazda stabil geopolitik situasiya mövcud idi. Bu situasiyanın əsas məzmunu ondan ibarət idi ki, Cənubi Qafqazda Azərbaycan və Ermənistan müharibə davam edirdi, düşmənçilik münasibətləri ən yüksək səviyyədə qalmaqdaydı. Rusiya isə regionda münaqişə tərəfləri arasında geopolitik manipulyasiyalar sayəsində hegemonluq edə bilirdi. Və üstəlik bu situasiyanın yaxın gələcəkdə dəyişə biləcəyi ehtimal olunmurdu.

Ancaq bütün bunlara baxmayaraq, bu stabil geopolitik situasiya bir anda pozuldu. Azərbaycan ordusu 2020-ci ildə əks hücum əməliyyatlarına başladı. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Rusiyanın əlində olan ən güclü və həlledici geopolitik manipulyasiya mexanizmi - Kremlin yaratdığı "Qarabağ problemi" həmişəlik ləğv olundu. Və bununla da, yeni geopolitik situasiya yarandı.

Düzdür, indi də Azərbaycan və Ermənistan arasında düşmənçilik əvvəlki kimi davam edir. Ancaq hazırda Ermənistan məğlub tərəfdir. Azərbaycan ilə hər hansı sahədə regional qarşıdurma şansına malik deyil. Ən əsası isə Ermənistanın artıq Rusiya kimi nəhəng regional himayədarı yoxdur. Bu iki ölkə arasında hərbi müttəfiqlik belə, indi formal xarakter daşıyır. Və Rusiya daha Cənubi Qafqazda hegemonluq da edə bilmir.

05be602560b6c4fde518f83889cbb60a.jpg (119 KB)

Digər tərəfdən, Kremlin regional forpostu da demək olar ki, yoxdur. Üstəlik, Rusiyanın vaxtilə yaratdığı və himayə etdiyi Ermənistan dövləti indi Kremlə qarşı düşmənçilik siyasəti yürüdür. Rusiyanın beynəlxalq düşmənlərinin Cənubi Qafqazdakı maraqlarına xidmət göstərir. Yəni, hazırda regional düşmənçilikdə oyunçular da dəyişib. Və Rusiya-Ermənistan qarşıdurması hər ötən gün daha da dərinləşir.

Təbii ki, bu, rəsmi Bakının hərbi-strateji və siyasi-diplomatik uğurudur. Hər halda, Azərbaycan öz problemlərini tam şəkildə həll etməyə bacarıb. Artıq fərqli inkişaf hədəflərinə doğru can atır. Ermənistan isə Rusiyanın əsas geopolitik problemlərindən birinə çevrilib. Və Kreml belə vəziyyətdə Rusiyaya xəyanət edib, Qərbə yaxınlaşmağa çalışan Ermənistana qarşı məhz Azərbaycan ilə ortaq hərəkət etmək məcburiyyətində qalıb.

Məsələ ondadır ki, son üç il ərzində Ermənistan Rusiya əleyhinə atıla biləcək bütün addımları sınaqdan çıxarıb. Rəsmi İrəvan hətta Rusiyanın təmsil olunduğu müzakirə platformalarını belə, baykot edir. Son vaxtlara qədər Ermənistanın davranışlarına maksimum səviyyədə təmkinli yanaşmağa çalışan Kremlin səbri isə artıq tüklənmək üzrədir. Və Rusiya siyasi dairələri Ermənistana qarşı "qulaqburma" əməliyyatı üçün gec qaldıqlarını da anlamağa başlayıblar.

Ancaq Kreml heç olmasa, bundan sonra situasiyanı xilas etmək, Rusiyanın xeyrinə dəyişmək barədə düşündüyünü biruzə verməkdədir. Belə ki, Rusiyanın siyasi dairələri rəsmi İrəvanın Kreml əleyhinə atdığı addımlara sərt reaksiya verməyə çalışırlar. Bir tərəfdən Ermənistanı geopolitik xəritədən yox etməklə hədələyirlər, digər tərəfdən isə Paşinyan hakimiyyətini ittiham edirlər. Və Paşinyan hakimiyyətinin Rusiya əleyhinə manevrləri həddindən artıq çoxdur.

3af8a97d-88b9-4e60-84c3-b47653fa9f68.jpg (250 KB)

Maraqlıdır ki, Kreml Paşinyan hakimiyyətinin regional nəqliyyat-kommunikasiya xətlərinin açılmasına yönəlik mövqeyindən də ciddi şəkildə narazıdır. Rəsmi İrəvanı öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməkdə suçlayır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarova hətta Ermənistan baş naziri Nikol Paşinyanın "Sülh kəsişməsi" adlandırdığı layihəni də hədəfə alıb. O, bildirib ki, erməni baş nazirin dedikləri qətiyyən yeni mövzu deyil.

Belə ki, Rusiya diplomatiyasının təmsilçisinin dediyinə görə, erməni baş nazirin dedikləri indiyə qədər regional nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı işçi qrupunun 12 toplanmasında müzakirə olunub. Hətta bir çox məsələlər ətrafında prinsipial anlaşmalar da əldə olunub. Sadəcə, bu anlaşmalarla bağlı yekun qərarın qəbul edilməsi üçün bəzilərinin siyasi iradəsi çatmır. Qətiyyən şübhə doğurmur ki, Mariya Zaxarova "Siyasi iradəsi çatmayan tərəf Rusiya deyil" deyərkən, birmənalı şəkildə Ermənistan baş naziri Nikol Paşinyana işarə edir.

Digər tərəfdən, Kreml Ermənistanda nəqliyyat-kommunikasiya xətlərinə nəzarət etmək üçün xüsusi mühafizə kontingenti hazırlanmasından da qıcıqlandığını qətiyyən gizlətmir. Mariya Zaxarova Rusiyanın rəsmi dairələrinin bundan təəccüb etdiklərinə eyham vurub. O, bildirib ki, Azərbaycan və Naxçıvanı birləşdirəcək marşruta məhz Rusiya sərhəd qoşunları nəzarət etməlidir. Çünki 10 noyabr üçtərəfli anlaşmasında bununla bağlı ayrıca bənd mövcuddur və baş nazir Nikol Paşinyan onu imzalayıb. Və rəsmi İrəvan mütləq həmin öhdəlikləri yerinə yetirməyə borcludur.

Göründüyü kimi, Kreml Zəngəzur dəhlizinini nəzərdə tutur və bu marşruta birbaşa nəzarət etməyə iddiasını qabartdır. Əslində, bu, Ermənistan üçün yeni və ciddi problemin yaranmaqda olduğunu da göstərir. Hər halda, Kreml əvvəllər belə israrlı mövqe tutmurdu. Çünki son vaxtlara qədər Zəngəzur dəhlizininin açılması rəsmi Bakı tərəfdən tələb olunurdu. Kreml isə məsələnin Azərbaycan və Ermənistan arasında həll edilməsini gözləyərək, sadəcə, baş verənləri kənardan müşahidə etməklə, kifayətlənirdi.

1ff119a5-34dc-4534-9b0c-76c8dc562dd1.jpg (98 KB)

Ancaq indi situasiya ciddi şəkildə dəyişib. Rəsmi Bakı Zəngəzur dəhlizinə marağının böyük ölçüdə azaldığını açıq mətnlə bəyan edib. Buna alternativ olaraq isə İran ərazisindən Naxçıvana yeni marşrutun çəkilməsinə start verib. Bu, regional nəqliyyat-kommunikasiya xətlərinə Qərbin nəzarət şansını heçə çıxartdığı üçün Rusiyanın da maraqlarına cavab vermiş kimi görünür. Bununla belə, Kreml üçün Rusiyanın nəzarəti altında Zəngəzur dəhlizinin açılması daha önəmlidir və böyük strateji əhəmiyyət daşıyır.

Belə anlaşılır ki, Cənubi Qafqazın gələcək taleyində böyük əhəmiyyət daşıya və Rusiyanın regional mövqeyini ciddi şəkildə möhkəmləndirə biləcək bir geopolitik və geosiyasi layihənin arxa plana keçirilməsi Kremli əməlli-başlı narahat etməyə başlayıb. Ona görə də, Kreml Ermənistana bütün istiqamətlər üzrə təzyiqləri gücləndirməyə çalışır. Bir tərəfdən siyasi-hüquqi anlaşmaları xatırladır. Digər tərəfdən isə hazırda Ermənistan üçün həyati əhəmiyyət daşıyan və Gürcüstandan keçən Yuxarı Lars yolunu təmir bəhanəsi ilə qapadır. Ardınca isə rəsmi İrəvana açıq mətnlə mesaj verir ki, Ermənistanın Rusiya ilə əlaqəsi üçün Azərbaycan ərazisindən keçən marşrut daha sərfəlidir.

Bütün bunlar onu göstərir ki, Kreml rəsmi İrəvandan Zəngəzur dəhlizini tələb edir. Əks halda, Yuxarı Lars yolunun tamamilə bağlanması ilə Ermənistanın blokadasının daha da dərinləşə biləcəyinə eyham vurur. Yəqin ki, bu proses rəsmi İrəvanın Zəngəzur dəhlizini Rusiyanın nəzarəti altında açılmasına razılıq verməsinə qədər davam edəcək.

Bu baxımdan, rəsmi Bakının Zəngəzur dəhlizi ilə bağlı məsələni birbaşa Rusiya və Ermənistan arasında olduqca ciddi problemə çevirməyi bacardığını da iddia etmək mümkündür. Belə situasiyada Azərbaycanın bu məsələ ilə bağlı bütün baş verənləri sadəcə, kənardan müşahidə etməklə kifayətlənmək haqqı var. Və indiki halda, Azərbaycanın da maraqlarına uyğun olan Zəngəzur dəhlizinin Ermənistandan alınmasını məhz Rusiyanın öhdəsinə buraxılması ən doğru taktika təsiri bağışlayır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

10.11.2023 18:32
15156