Türkiyə-Rusiya münasibətlərində “çatlar” yaranmağa başlayıb. Son vaxtlara qədər olduqca ciddi yaxınlaşma məsafəsi qət etmiş bu iki nəhəng dövlət arasında indi müəyyən ziddiyyətlər ön plana keçməkdədir. Hətta Rusiya parlamentinin komitə sədri Türkiyənin neytral dövlətdən qeyri-dost ölkəyə çevrildiyini iddia edib. Və hazırda Rusiya mətbuatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı hədəfə alaraq, ona qarşı ittihamlar irəli sürür.
Bu baxımdan, Rusiyanın Türkiyə tərəfindən atılan son addımlardan narazı olduğu inkaredilməz reallıqdır. Kreml Türkiyənin "Azov"un komandirlərini geri qaytarmasını Rusiya ilə anlaşmanın pozulması kimi qəbul edir. Eyni zamanda, Rusiya rəsmi Ankaranın Ukraynanın NATO-ya üzv qəbul edilməsinin əsas təşəbbüskarları sırasında yer almasından da ciddi şəkildə narazıdır. Xüsusilə də, Ukrayna savaşının başlanmasında rəsmi Kiyevin NATO-ya üzvlük cəhdlərinin Kreml tərəfindən əsas bəhanə kimi istifadə edildiyini nəzərə aldıqda, bu, o qədər də təəccüblü deyil.
Ancaq Rusiyanın narazılığı və ya qıcıqlanması rəsmi Ankaranı öz mövqeyindən geri çəkilməsi üçün qətiyyən yetərli deyil. Çünki rəsmi Anklara Rusiyanın deyil, Türkiyənin milli maraqlarına uyğun addımlar atmağa üstünlük verir. Onu da nəzərə almaq lazımdır ki, hazırda Türkiyə Rusiyaya deyil, məhz Rusiya Türkiyəyə möhtacdır. Hər halda, Türkiyə Ukrayna savaşı ilə bağlı sərt sanksiyalara məruz qalmış Rusiya ilə normal münasibətlərini qoruyub, saxlayan yeganə NATO dövlətidir.
Digər tərəfdən, Kremlin Türkiyə ilə iqtisadi-ticari əməkdaşlığa ciddi ehtiyacı var. Hətta hesab etmək olar ki, Türkiyə Rusiya üçün hələlik açıq qalan əsas “nəfəslik” rolunu da oynayır. Bu baxımdan, Kremlin Türkiyə ilə münasibətlərini tamamilə korlaması Rusiyanın maraqlarına ağır zərbə vura bilər. Və ona görə də, bu narazılıq böyük ehtimalla müvəqqəti xarakter daşıyır.
Türkiyə və Rusiya arasındakı bu müvəqqəti narazılığın Cənubi Qafqazdakı geopolitik proseslərə təsirinə gəldikdəsə, Kreml bu regionda istənilən halda, Azərbaycanın milli maraqlarını nəzərə almağa məcburdur. Düzdür, Azərbaycan Türkiyənin hərbi müttəfiqidir və bu iki qardaş ölkə bir çox önəmli beynəlxalq məsələlərə münasibətdə ortaq mövqedən çıxış edirlər. Ancaq Azərbaycan da Rusiyaya münasibətdə alternativ təsir mexanizmlərinə sahibdir. Yəqin ki, Kreml Rusiyanın indiki durumunda Azərbaycan ilə münasibətləri korlamağa xüsusi həvəs göstərməz.
Məsələ ondadır ki, Rusiya onsuz da Azərbaycana qarşı erməni təxribatlarının əsas ssenari müəllifi rolunda çıxış edir. Azərbaycanın Xankəndi və ətraf bölgəsində olan erməni separatçı-terrorçuları maksimum səviyyədə dəstəkləyir. Eyni zamanda, Kreml Cənubi Qafqazda sülh prosesinin əngəllənməsi üçün də əlindən gələn hər şeyi edir.
Ona görə də, bölgədə baş verənlərə tam nəzarət etmək üçün rəsmi Bakı Laçın yolunda sərhəd buraxılış məntəqəsi yaradıb. İndi Rusiya sülhməramlılarının bütün davranışları Azərbaycanın nəzarəti altındadır. Hətta rəsmi Bakı Kremldən rus sülhməramlıların təchizat prosesinin Ermənistan deyil, məhz Azərbaycan üzərindən yürüdülməsini də tələb edir.
Digər tərəfdən, rəsmi Bakı erməni separatçı-terrorçuların törədəcəyi istənilən silahlı təxribata dərhal Azərbaycan ordusunun antiterror əməliyyatları ilə cavab verəcəyinin mesajını açıq şəkildə Rusiyaya çatdırıb. Yəni, Kremlin sifarişi ilə bölgədə erməni təxribatı baş verərsə, Azərbaycan ordusu dərhal genişmiqyaslı antiterror əməliyyatlarına başlaya bilər. Bu halda, rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında erməni terrorçuların tərksilah edilməsi qaçılmaz olacaq.
Əgər, Kreml bu proseslərə birbaşa açıq müdaxilə edərsə, onda Rusiyanın Azərbaycanla münasibətlərinin korlanacağı qətiyyən şübhə doğurmur. Üstəlik, Azərbaycanın hərbi müttəfiqi və NATO üzvü olan Türkiyənin də Rusiyanın müdaxiləsinə dərhal reaksiya verəcəyi istisna deyil. Bu baxımdan, Kreml atdığı addımlara diqqət etməzsə, öz günahı ucbatından Rusiyaya qarşı ikinci cəbhənin açılmasına da səbəb ola bilər. Ukraynada zəifləmiş Rusiyanın indiki situasiyada Azərbaycan və NATO üzvü olan Türkiyə ilə bibaşa hərbi-siyasi qarşıdurmaya həvəs göstərəcəyi qətiyyən inandırıcı deyil.
Ona görə də, böyük ehtimalla rəsmi Bakı antiterror əməliyyatlarına başlayarsa, Rusiya buna müdaxilə etməyərək, müşahidəçi qalmağa məcbur olacaq. Ümumiyyətlə, yaxın vaxtlarda Azərbaycan ordusunun antiterror əməliyyatlarına başlama ehtimalı kifayət qədər yüksəkdir. Çünki erməni separatçılar tərksilah olunmaq və reinteqrasiya tələblərindən yayınmağa çalışırlar.
Ançaq belə vəziyyət uzun müddət davam edə bilməz. Rəsmi Bakı Azərbaycan ərazisində erməni terrorzimi ilə bağlı problemi ən uzaqı 2025-ci ilə qədər həll etməkdə qərarlıdır. Bundan sonrasa, rəsmi Bakının rus sülhməramlıların Azərbaycan ərazisindən çıxarılmasında israr edəcəyi qətiyyən şübhə doğurmur. Və bu, o deməkdir ki, Azərbaycan-Türkiyə İttifaqı ilə Rusiya arasında olan müəyyən ziddiyyətlərin yaxın gələcəkdə qarşılıqlı münasibətlərdə böhranlı situasiya yarada biləcəyi də istisna deyil.
Bütün bunları nəzərə aldıqda, Kremlin Türkiyənin milli maraqlarına və Cənubi Qafqazdakı yeni situasiyanın diqtə etdiyi şərtlərə daha həssas yanaşması qaçılmaz olacaq. Əks halda, Rusiya Azərbaycan-Türkiyə İttifaqının timsalında çox önəmli tərəfdaşını itirə bilər. Yəni, Kremlin “Rusiya necə istəyirsə, hər şey elə olmalıdır” prinsipindən uzaqlaşmasının vaxtı çoxdan çatıb. Hər halda, Rusiyanın bu prinsipin artıq əvvəlki kimi təsirli olmadığını müəyyən etməsi üçün bir çox örnək faktorlar mövcuddur.
Əslində, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun Türkiyə ilə münasibətlərin inkişaf etdiriləcəyini vurğulaması böyük önəm daşıyır. Belə anlaşılır ki, Kreml “Azov böhranı”nı Türkiyə-Rusiya münasibətlərini korlayacaq ciddi problemə çevrilməsinə cəhd göstərmək niyyətində deyil. Bu baxımdan, Rusiyanın Azərbaycan-Türkiyə İttifaqı ilə mövcud tərəfdaşlığı qorumağa çalışacağını ehtimal etmək olar.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu