Kreml Trampı niyə "qaranlıq güclərə" bağladı: Rusiya ABŞ "dərin dövlət"ini hədəfə aldı

Kremldə əmindirlər ki, ABŞ prezidentləri, kimliyindən asılı olmayaraq, yalnız səhnə arxasından verilən təlimatları yerinə yetirən icraçılardır... Rusiya siyasi dairələri bu iddialarla Donald Trampın sülh cəhdlərinin uğur qazanma ehtimalını şübhə altına almağa cəhd göstərirlər...

Dünya böyük savaşın içərisində çabalayır. Hazırda beynəlxalq məkanda hətta iqtisadi münasibətlər də müharibə şəraitinə uyğun qurulmağa başlayıb. Yəni, indi dünyada, xüsusilə də, Avrasiya məkanında hərbi iqtisadiyyat anlayışı daha ön plana keçib. Və bu, yaxın gələcəkdə bəşəriyyətin daha ağır savaş vəziyyətinə düçar ola biləcəyinin ilkin əlamətlərindən biri hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, hazırda əsas müzakirə mövzularından biri də məhz Ukrayna savaşının gələcək inkişaf istiqamətlərinin necə ola biləcəyi ilə birbaşa bağlıdır. Belə ki, bu mövzuda konkret ortaq qənaət hələlik mövcud deyil. Bəzi beynəlxalq güc mərkəzləri hesab edirlər ki, Ukrayna savaşı hələ uzun müddət davam edə bilər. Bu mövqenin daşıyıcıları hətta hesab edirlər ki, Ukrayna savaşını son hədəfinə çatmadan dayandırmaq olmaz.

ezgif.com-gif-maker.jpg (210 KB)

Bu isə o deməkdir ki, Qərbdə Rusiyanın məğlub edilmədən savaşdan çıxmasına imkan verilməsi gələcəkdə daha böyük fəlakətlərə yol aça biləcəyindən narahatdırlar. Ona görə də, nəyin bahasına olursa-olsun, Rusiyanın zəiflədilməsini və son nəticədə məğlub olunmasını vacib, hətta taleyüklü hədəf kimi qəbul edirlər. Və bu, hazırda qlobal sülh tərəfdarlarının Ukrayna savaşını dayandırmaq cəhdləri qarşısında əsas əngəl hesab oluna bilər.

İkinci istiqamət isə ondan ibarətdir ki, qlobal sülh tərəfdarları Ukrayna savaşının ən qısa zamanda dayandırmasını bütün dünya üçün yeganə xilas yolu kimi təqdim edirlər. Onların fikrincə, Ukrayna savaşı qlobal müharibəyə çevrilmə perspektivlərinə malikdir. Belə ki, hazırda həm Ukraynanı, həm də Rusiyanı dəstəkləyən dövlətlər arasında qlobal qütbləşmə beynəlxalq düşərgə düşmənçiliyinə çevrilib. Bu proses hansısa mərhələdə hər iki düşmən qütbün Ukrayna savaşına birbaşa müdaxilə etməsinə qədər inkişaf edə bilər.

Təbii ki, bu, ən təhlükəli təhlükə variantı sayılır. Çünki bu halda, dünya yeni qlobal savaşa məhkum duruma düşmüş olacaq. Qlobal savaşda məğlub olmaq təhlükəsi ilə qarşı-qarşıya qalan qütbün təmsilçilərinin isə ən taleyüklü mərhələdə nüvə silahından istifadə etməyə qərar verməyəcəklərinə təminat isə qətiyyən yoxdur. Yəni, qlobal düşmən qütblərin bir-birinə nüvə zərbəsi endirmə təhlükəsi qətiyyən istisna deyil. Və bu, o deməkdir ki, Ukrayna savaşı davam edəcəyi təqdirdə, dünyanı nüvə müharibəsinə sürükləmək perspektivlərini aktual saxlayır.

Maraqlıdır ki, hazırda Ukrayna savaşının dayandırılması istiqamətində başladılmış prosesi ABŞ-ın keçmiş prezidenti Donald Tramp koordinasiya edir. Ağ Evin keçmiş sahibi hələ də bu savaşı ən qısa zamanda sülh masasında sona çatdıra biləcəyinə əmindir. Onun fikrincə, Ukrayna savaşının dayandırılması yeni qlobal müharibə təhlükəsindən yayınmaq anlamı daşıyır. Və Donald Tramp ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələcəyi təqdirdə, buna nail olmağı özünün əsas hədəfi hesab edir.

putin-tramp-kollaj-unnamed (2).jpg (366 KB)

Maraqlıdır ki, Donald Trampın bu mövqeyi Qərbdə bir çoxlarını ciddi şəkildə narahat edir. Bəzi Qərb siyasi dairələri Ağ Evin keçmiş sahibinin Rusiyanın mənafeyinə uyğun planlar qurmaqda suçlayırlar. Onların fikrincə, əgər, Ukrayna savaşı Rusiya məğlub olmadan sona çatarsa, bu, bir tərəfdən Kremlin qələbəsi, kollektiv Qərbin isə strateji məğlubiyyəti anlamı daşıyacaq. Və bu halda, kollektiv Qərb Rusiyanın beynəlxalq hegemonluğu qarşısında qala bilər.

Bu qənaətə bağlı olanlar onu da vurğulayırlar ki, Donald Tramp Rusiyanın siyasi qüruruna hörmət məzmunu daşıyan şərtlər daxilində sülh sazişindən danışarkən, həm də Kremlin yaxın gələcəyə yönəlik ümidlərini gücləndirir. Nəticədə Rusiya yaxınlaşan qələbə şansları barədə yeni planlar qurmaq cəsarəti ilə yüklənmiş olur. Və bu baxımdan, bəziləri Donald Trampı Rusiyanın dünya üçün vəd etdiyi real hərbi-siyasi təhlükəni mütləq qaydada nəzərə almağa çağırırlar.

Halbuki, Ağ Evin keçmiş sahibi belə çağırışlara qulaq verməyə həvəsli xarakterdən çox-çox uzaq siyasətçidir. Belə ki, o, öz qərarlarını yalnız məhdud çərçivədə həmfikirləri ilə müzakirə etməyə daha çox üstünlük verir. İndiyə qədər Donald Tramp Macarıstan baş naziri Viktor Orban vasitəsilə Rusiyanın sülh sazişinə münasibətini dəqiqləşdirməyə nail olub. Eyni zamanda, Kremlin də rus nazirlərdən birini Donald Trampın yanına məxfi sülh planı ilə göndərdiyi barədə də məlumatlar mövcuddur.

Digər tərəfdən, Kreml Rusiyanın israr etdiyi sülh şərtlərindən bəzilərini artıq ictimailəşdirib. Belə ki, Kreml Ukraynanın Krım və Donbas da daxil olmaqla, bəzi ərazilərinin Rusiyanın nəzarətində qalmasını tələb edir. Eyni zamanda, Kreml Ukraynanın NATO-ya üzv qəbul edilməməsi, bu ölkənin ərazisində hər hansı kənar dövlətin hərbi bazalarının yaradılmaması kimi mövzularda israrlı mövqe tutur. Və bu, o deməkdir ki, Kreml artıq Rusiyanın beynəlxalq rəqiblərinə sülh şərtlərini diqtə etmək imkanlarından tamamilə əmindir.

tramp-ukraina.JPG (54 KB)

Nə qədər qəribə də olsa, Donald Trampın Ukrayna prezidenti Volodemir Zelenski ilə telefon ünsiyyətindən sonra rəsmi Kiyev də sülh mövzusu barədə daha tez-tez danışmağa başlayıb. Eyni zamanda, Qərb siyasi dairələrində də son vaxtlar yeni dövrə hazırlıq təlaşı müşahidə olunmağa başlayıb. Belə ki, Avropa Birliyi və NATO kluarlarında ABŞ-da Donald Trampın prezident seçilmə ehtimalına artıq olduqca ciddi yanaşırlar. Və yaxın gələcəklə bağlı siyasi-strateji planlar qurarkən, bu faktoru nəzərə almağa çalışırlar.

Ancaq Kremlin son davranışları bir qədər gözlənilməz xarakter daşıyır və müəyyən mənada, təəccüb doğurur. Belə ki, Kreml ABŞ-da kimin prezident seçilməsinə elə bir ciddi əhəmiyyət vermədiyini qabartmağa üstünlük verir. Rusiya siyasi dairələri hesab edirlər ki, ABŞ xalq tərəfindən seçilmiş prezidentlərin idarə etdiyi ölkə deyil.

Kremldə əmindirlər ki, ABŞ prezidentləri yalnız səhnə arxasından verilən təlimatları yerinə yetirən icraçılardır. ABŞ-ın idarə olunmasında əsas səlahiyyətlər isə "dərin dövlət"in əlində cəmləşib. Və Kreml bu iddiaları ilə Donald Trampın sülh cəhdlərinin uğur qazanma ehtimalını müəyyən mənada, şübhə altına almış kimi görünür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

29.07.2024 19:45
1948