Rusiyanın Ukrayna savaşında müdafiə taktikasına məcbur edilməsi yeni situasiya yaradıb. Belə ki, Ukrayna ərazisinə qoşun yeritdiyi vaxtdan indiyə qədər Rusiya ordusu hücum edən tərəf rolunda çıxış edirdi. Rusiya əsgərləri çox çətinliklə, yavaş tempdə də olsa, Ukrayna ərazisində irəliləyirdilər. Və Rusiya Ukraynanın beynəlxalq hüquqla təsbit olunmuş ərazilərinin bir hissəsini işğal altında saxlayırdı.
Ancaq son günlərdə bu vəziyyət tam əksinə olaraq, dəyişməyə başlayıb. Çünki bu dəfə Ukrayna ordusu Rusiya ərazisinə hücum edib. Rusiya ərazilərinin dərinliklərinə irəliləməyə nail olub. Hətta Kremlin gözləmədiyi halda, Ukrayna ordusu Rusiyanın kifayət qədər geniş bir ərazi bölümünə nəzarəti ələ keçirə bilib. Və indi Kreml üçün kifayət qədər ağır yeni problemlər də yaranmağa başlayıb.
Məsələ ondadır ki, müharibə indi artıq yalnız Ukrayna ərazisində deyil. Yəni, savaş Rusiya ərazisinə də sıçrayıb. Rusiya ikinci dünya müharibəsindən sonra ilk dəfə olaraq, böyük bir ərazi arealına nəzarəti itirib. Üstəlik, Ukrayna ordusunun Rusiyanın dərinliklərinə doğru hərəkətini dayandırmağa da hələlik nail olunmayıb. Ukrayna ordusunun nəzarətinə keçən Rusiya əraziləri ilə Rusiya ordusunun nəzarətində olan Ukrayna ərazilərinin ölçülərində bərabərlik yaranmağa başlayıb. Və bu, Rusiyanın savaş poliqonundakı mövqelərini ciddi şəkildə zəiflədə biləcək hərbi-strateji faktordur.
Digər tərəfdən, Kreml Rusiya ərazisilərinin Ukrayna ordusundan "təmizləmək" istiqamətində elə bir ciddi hərbi plana da malik deyil. Rusiya hərbi-siyasi dairələri hələlik çaşqınlıq içərisində olduqlarını gizlətməkdə də çətinlik çəkirlər. Xüsusilə də, canlı qüvvə çatışmazlığı ilə bağlı problem indi daha qabarıq şəkildə ortaya çıxıb. Ona görə də, Ukrayna ordusu Rusiyanın dərinliklərinə doğru elə bir ciddi hərbi müqavimətə rast gəlmədən irəliləmək imkanı qazanıb. Və bu, Kremlin üzləşdiyi yeni situasiyanı daha da qəlizldirir.
Təbii ki, belə vəziyyətdə hazırda yalnız yeganə çıxış yolu kimi Ukrayna ərazisində döyüş əməliyyatlarında iştirak edən Rusiya ordusunun bir hissəsini ölkə sərhədlərinin müdafiəsinə yönəltmək məcburiyyəti yaranıb. Halbuki, bu, Kremlin strateji hərbi planlarına qətiyyən cavab vermir. Çünki bu halda, Rusiya ordusunun Ukrayna savaş poliqonunda ləng hücum potensialı belə, ləğv edilmiş olacaq. Hətta Rusiya ordusu Ukrayna ərazisində işğal etdiyi əraziləri nəzarətdə saxlamaq imkanlarını belə, tezliklə itirə bilər. Və belə situasiyada Kremlin qəbul edəcəyi taleyüklü qərarların hansı istiqamətdə olacağı da böyük maraq doğurur.
Onu da qeyd etmək lazımdır ki, bütün bu baş verənlər ABŞ və Qərbi tamamilə məmnun edir. Hər halda, Ukrayna savaşının başlanmasından üzü bəri Ukrayna savaş poliqonunda Rusiya ordusu ilk dəfə bu qədər ağır "hərbi labirintə" salınıb. Belə ki, Rusiya ordusu hazırda irəliyə hərəkət etmək potensialından məhrum olunub. Geriyə çəkilmək isə hərbi-siyasi anlamı daşıya bilər. Yəni, Kreml üçün içərisindən çıxılması mümkün olmayacaq hərbi-siyasi situasiya yarana bilər. Və Rusiyanın bu kollapsdan necə çıxacağı hələlik kifayət qədər ciddi suallar doğurur.
Ancaq indiki situasiya Rusiyanın digər problemlərini də qabarıq şəkildə ortaya çıxara bilər. Belə ki, hazırda Kreml Rusiya ordusunu yeni canlı qüvvə resursları ilə təmin etmək məcburiyyəti ilə üzləşib. Yəni, Rusiya hakim dairələri ümumi səfərbərlik elan etməyə ehtiyac duyur. Halbuki, bu, olduqca təhlükəli bir prosesə də çevrilə bilər. Belə ki, Ukrayna ordusunun Rusiya dərinliklərinə irəliləməsi ölkə daxilində onminlərlə insanın müvəqqəti qaçqınlıq durumu ilə üzləşməsinə səbəb olub. Bu isə öz növbəsində Rusiya cəmiyyətində siyasi-ictimai gərginliyi artıra biləcək faktordur. Və bu gərginlik faktoruna bir də ümumi səfərbərlik prosesinin əlavə olunması qətiyyən Kremlin maraqlarına uyğun deyil.
Ona görə də, Kreml hazırda daha çox hərbi müttəfiqlərini Rusiyanın müdafiəsinə cəlb etmək variantını sınaqdan çıxartmağa cəhd göstərir. Belə ki, Belarusun Rusiya və Ukrayna sərhədlərinə yaxın bölgəyə canlı qüvvə və hərbi texnika toplaması qətiyyən təsadüfi ola bilməz. Böyük ehtimalla bu, Kremlin rəsmi Minskdən tələbləri çərçivəsində reallaşdırılan addımdır. Hər halda, Belarus hazırda Rusiyanın yeganə sadiq hərbi müttəfiqi olaraq, Kremlin tələblərinə daha həssas yanaşır. Və bu, növbəti mərhələdə KTMT-nın da Ukrayna savaşına cəlb olunma cəhdləri ilə də müşayiət oluna bilər.
Məsələ ondadır ki, KTMT hərbi-siyasi alyans olaraq, üzv dövlətlərin xarici hərbi müdaxilədən kollektiv müdafiə öhdəliklərinə malikdir. Halbuki, bu hərbi-siyasi alyans ətrafında yaranmış situasiya da Kremlin maraqları ilə kəskin ziddiyyət təşkil edir. Belə ki, KTMT üzvü olan Ermənistanın bu qurumdan tədricən uzaqlaşmaqda olduğu artıq inkaredilməz reallıqdır. Üstəlik, ABŞ və Qərbdən Rusiya əleyhinə təlimatlar alan rəsmi İrəvan son vaxtlar Ukraynanı dəstəklədiyini açıq-aşkar biruzə verir. Və bu, o deməkdir ki, Ermənistan KTMT-nın gələcək taleyini kifayət qədər ciddi risk altına salmağa başlayıb.
Eyni zamanda, KTMT-nın digər üzvləri də əslində, Rusiyanın Ukraynaya hərbi müdaxiləsini dəstəkləmədiklərini qətiyyən gizlətmirlər. Bu baxımdan, KTMT üzvü olan dövlətlərin Kremlin tələbi ilə Ukraynaya qarşı savaşa qatılacaqlarına inanmaq sadəlövhlük olardı. Düzdür, Kreml Belarusu savaş poliqonuna doğru çəkməklə, KTMT variantını sınaqdan çıxartmağa cəhd göstərir. Və bu sınaq da Rusiya üçün kifayət qədər riskli xarakter daşıyır.
Hər halda, Kremlə artıq çoxdan xəyanət etmiş Ermənistanın Rusiyanı dəstəkləməyəcəyi qətiyyən şübhə doğurmur. Eyni zamanda, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən digər KTMT üzvləri də Kremlin müraciətlərinə ümidverici reaksiyadan uzaq qalarlarsa, bu, ümumiyyətlə, "Rus NATO-su"nu deqradasiya mərhələsinə yaxınlaşdıra bilər. Və bu halda, hətta KTMT-nın tamamilə parçalanıb, dağılmasından danışmaq lazım gələcək.
Göründüyü kimi, situasiya kifayət qədər qəliz xarakter daşıyır. Belarusun Ukrayna savaşına bulaşma ehtimalı getdikcə, daha inandırıcı görüntülər almağa başlayıb. Kreml ən taleyüklü məqamda KTMT-nı da savaş poliqonuna çəkməyə cəhd göstərmək məcburiyyətində qala bilər. Bu isə Rusiya üçün olduqca riskli variant hesab olunur.
Çünki Belarus istisna olmaqla, Ukraynanın ərazi bütövlüyünü tanıyan KTMT üzvləri Kremlin bu cəhdlərinə müqavimətlə cavab verə bilərlər. Nəticədə Ermənistanın Kremlə qarşı xəyanət davranışları ucbatından daxilində dərin çatlar yaranmış KTMT ilə Rusiya arasında kəskin ziddiyyətlər qaçılmaz olacaq. Və bu halda, Rusiya ətrafında mərkəzdənqaçma prosesinin başlanma ehtimalı da reallığa çevrilə bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu