Ukrayna savaşı ətrafında yaranmış situasiya gərginləşərək, qəlizləşməkdə davam edir. ABŞ və Qərb bu müharibənin sonrakı inkişaf istiqamətləri ilə bağlı yekun qərarını verməkdə çətinlik çəkir. Çünki Ukrayna savaşı ABŞ və Qərbin maraqları baxımından da artıq müəyyən tərəddüdlər yaratmağa başlayıb. Və belə situasiyada Qərbin prinsipial ssenarilər icad etməsi o qədər də asan deyil.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşı üçün ön planda olan əsas iki variant Qərb siyasi dairələrini qətiyyən qane etmir. Birinci, ABŞ və Qərbin Ukrayna savaşını planlaşdırarkən müəyyən etdiyi əsas hədəf reallığa çevrilməyib. Yəni, Rusiyanın müqavimət gücünü itirəcək həddə qədər zəiflədilməsi mümkün olmayıb. Və bu səbəbdən də, Ukrayna savaşının dayandırılması Qərbin strateji planlarına ziddir.
Üstəlik, Ukrayna savaşının indiki mərhələdə dayandırılması, sülh masası arxasına keçilməsi ABŞ və Qərbin, o cümlədən də, NATO-nun Rusiya qarşısında hərbi-siyasi məğlubiyyəti anlamı daşıya bilər. Ancaq buna baxmayaraq, ABŞ və Qərb nə qədər cəhd göstərsə də, əslində, ikinci əsas varianta - Ukrayna savaşının mövcud şərtlər çərçivəsində davam etdirilməsinə də tam hazır deyil. Çünki bu savaş Qərb ölkələrinə olduqca baha başa gəlir. Qərb ölkələrinin maliyyə vəsaitləri Ukrayna savaş poliqonunda buxarlanır, resurslar isə tükənməz deyil. Və yekun nəticənin də Qərbin maraqlarını ifadə edəcəyinə tam təminat yoxdur.
Əksinə, Ukrayna savaşı uzandıqca, əslində, ABŞ və Qərb Rusiya ilə bağlı əsas hədəfindən - onu çökdürmək planından daha çox uzaqlaşır. Deməli, ABŞ və Qərb Ukrayna savaşı ilə bağlı daha fərqli variantın tapılmasına məcburdur. Halbuki, Qərbin dayandırmaqda maraqlı olmadığı və davam etdirməkdə çətinlik çəkdiyi Ukrayna savaşına üçüncü inkişaf variantı tapması indiki situasiyada olduqca qəliz məsələdir. Və bu dəfə içərisindən çıxılmaz "labirintə" tam nəzarət Qərbin əlində deyil.
Təbii ki, ABŞ və Qərb İsveçrədə Ukrayna Sülh Sammitini keçirməklə, hər halda, çıxış yolu şansını sınaqdan çıxartdı. Halbuki, bu sammitin formatı elə başlanğıcdaca sülh axtarışlarının olmayacağını biruzə verirdi. Çünki Ukrayna savaşının digər iştirakçısı olan Rusiya kənarda saxlanmışdı, Çin isə bu sammitə qatılmaqdan imtina etmişdi.
Belə vəziyyətdə təktərəfl sülh sammitinin keçirilməsi məntiqsiz görünürdü. Rusiya əleyhinə müəyyən maddələrlə yanaşı, yekun sənəddə Ukrayna savaşının bütün iştirakçılarının qatılacağı sülh müzakirələrinin keçirilməsi barədə məqamın yer alması İsveçrə sammitinin uğursuz olduğunu göstərir. Və əslində, Rusiya prezidenti Vladimir Putin İsveçrə sammitindən əvvəl onu hədəfə alıb, əhəmiyyətdən salmağı bacarmışdı.
Məsələ ondadır ki, Kreml sahibi İsveçrə sammiti ərəfəsində Rusiyanın sülh şərtlərini açıqlamışdı. O, bildirmişdi ki, işğal olunmuş Ukrayna əraziləri Rusiya ərazisi kimi tanınmalıdır, Ukrayna NATO-ya üzv olmamalıdır və Rusiyaya qarşı bütün sanksiyalar ləğv edilməlidir. Və prezident Vladimir Putin bunların Rusiyanın sülh müzakirələrinə başlaması üçün yalnız ilkin şərtlər olduğunu da vurğulamışdı.
Belə anlaşılır ki, Kreml Rusiyanın iştirakı olmadan sülh sammiti keçirən Qərbə şərtləri birtərəfli qaydada diqtə edəcək qədər özünü rahat hiss edir. Böyük ehtimalla Kremldə Rusiya ordusunun yavaş tempdə də olsa, tədricən Ukraynanın dərinliklərinə irəliləmək perspektivini əsas təzyiq faktoruna çevirmək niyyətindədirlər. Və Kreml hər halda, bununla Qərbə sülhün yalnız Rusiyanın şərtləri çərçivəsində mümkün ola biləcəyinin mesajını vermiş oldu.
Digər tərəfdən, prezident Vladimir Putinin məhz İsveçrə sammiti öncəsində Rusiyanın şərtlərini bütün dünyaya bəyan etməsi ABŞ və Qərbin planlarına sarsıdıcı zərbə vurdu. Çünki Kremlin əsas hədəfi həm də Ukrayna savaşı ilə bağlı Rusiyanın iştirakı olmadan keçirilən İsveçrə sammitinin legitimliyini şübhə altına almaqdan ibarət idi. Və Kreml bu hədəfinə İsveçrə sammitinin başlanmasından öncə böyük ölçüdə nail olmağı bacardı.
Göründüyü kimi, ABŞ və Qərbin Ukrayna savaşını dayandırmaq şansı o qədər də ümidverici görünmür. Hazırda Rusiyanın dərinliklərinə müasir NATO silahları ilə zərbələr endirilsə də, əslində, savaşın davam etdirilməsi üçün də uzunmüddətli resurslar mövcud deyil. Hər halda, Qərb siyasi dairələri Ukrayna savaşı üçün maliyyə və hərbi resursların tükənmək üzrə olduğunu dolayısı ilə etiraf edirlər. Və bu, Ukraynanın bir dövlət kimi gələcək taleyini böyük təhlükə altında buraxır.
Üstəlik, ABŞ Dövlət Departamentinin yüksək səviyyəli rəsmi təmsilçisi Ağ Evin Ukraynanın təhlükəsizliyinə dəstəyinin sərhədsiz olmadığını vurğulayıb. Adının çəkilməsini istəməsə də, Ağ Ev rəsmisi vurğulayıb ki, ABŞ-ın Ukraynaya təhlükəsizlik təminatı ilə bağlı imzaladığı saziş də əslində, formal xarakter daşıyır və bu sənədin hər an hüquqi qüvvədən salınma ehtimalı mövcuddur. Hər halda, parlamentlər tərəfindən ratifikasiyası nəzərdə tutulmayan bu sazişi ABŞ prezidenti birtərəfli qaydada ləğv etmək hüququna malikdir.
Nəhayət, İsveçrə sammitindən sonra əksər Qərb siyasi dairələri Ukrayna ilə bağlı olduqca önəmli qənaətə gəliblər. Həmin qənaətə görə, savaşın dayandırılması Ukrayna üçün fəlakətin başlanğıcına çevrilə bilər. Çünki bu halda, ABŞ və NATO-nun maliyyə və hərbi dəstəyi tamamilə dayandırılmış olacaq. Ukraynaya verilmiş dəstəyin borc statusunda geri qaytarılması mütləq gündəmə gətiriləcək. Və Rusiya zəifləmiş, Qərbdən dəstəyini itirmiş Ukraynaya tam nəzarətə cəhd göstərəcək.
Belə anlaşılır ki, Rusiya İsveçrə sammitinə verdiyi hərbi-siyasi reaksiya ilə ABŞ və Qərbi müəyyən mənada, "geopolitik labirintə" salmağı bacarıb. Qərb siyasi dairələri Kremlin sülh şərtləri ilə bağlı manevrlərinə necə reaksiya verəcəklərini hələlik müəyyən edə bilməyiblər. Eyni zamanda sülh masası arxasında "zəif bənd" roluna məhkum Ukraynanın savaşın dayandırılacağı təqdirdə, ümumiyyətlə, bir dövlət kimi dünya xəritəsindən yoxa çıxma ehtimalı indi daha inandırıcı görünür. Və bütün bunlar Qərbdə açıq-aşkar təlaş doğurur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu