Kreml Nemtsovun qanını batırır: Sensasion gəlişmə

Boris Nemtsovun qətl işi üzrə adı hallanan Artur Geremeyev adını dəyişərək gizlənməyə çalışır.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, indi rəsmi sənədlərdə Artur Ulubayev kimi qeyd olunur, yeni soyadla müalicə alır və səyahət edir.

Məlumat Rusiya vətəndaşlarının şəxsi məlumatlarına dair sızmalarda və Federal Vergi Xidmətinin bazasında təsdiqlənib. Pasport Geremeyevə Çeçenistan üzrə DİN tərəfindən verilib. Köhnə sənədlərdə o, Geremeyev Artur Axyadoviç, yenisində isə Ulubayev Artur Axyatoviç kimi göstərilir. Yeni familiyanı atasının – Axyad Ulubayevin soyadından götürüb.

Federal Vergi Xidmətinin İNN yoxlama formasında da təsdiqlənir ki, Geremeyev və Ulubayevin İNN nömrəsi eynidir. Qanunla bir şəxsin iki fərqli pasportu ola bilməz, lakin praktika göstərir ki, bu, mümkündür. Məsələn, axtarışlar zamanı Yevgeni Priqojinin müxtəlif adlarla, lakin eyni foto ilə bir neçə pasportu aşkar edilib.

Geremeyev yeni familiya ilə tibbi xidmətlərdən də yararlanır. Sızmalara görə, 2024-cü ilin mayında o, Helix klinikasında hepatit analizləri verib.

O həmçinin yeni sənədlə işğal olunmuş Ukrayna ərazilərinə də gedib. FSB sərhəd xidmətinin sızan məlumatına görə, 2023-cü il 8 iyulda Ulubayev Mariupola aparan “Veselo-Voznesenka” keçid məntəqəsindən keçib. Onun qondarma “DNR” səfərləri barədə “Agentstvo” da yazıb.
Həmin səfərdə Ulubayev “B 881 PO” nömrəli Hummer markalı avtomobilin sükanında olub. Bu avtomobil tez-tez Moskva küçələrində də qeydə alınıb.

Artur Geremeyev Nemtsovun qətl işi üzrə təhqiqatda Veyernaya küçəsindəki mənzillərdən birinin sahibi kimi tanınırdı. Həmin mənzildə cinayəti planlaşdıranlar toplanmış, eləcə də qətldən sonra ora qayıtmışdılar. Ailənin vəkili Vadim Proxorovun sözlərinə görə, Geremeyev şahid qismində dindirilə bilərdi, lakin əsas diqqət onun qohumu – Ruslan Geremeyevə yönəlmişdi. Onu da dindirmək mümkün olmadı, çünki Çeçenyadakı ünvanında müstəntiqlərə qapı açılmamışdı.

Artur və Ruslan heç vaxt məhkəməyə gəlməyiblər. Proxorov xatırladır ki, başqa bir fiqurant – Ruslan Muxudinov (Ruslan Geremeyevin sürücüsü) da “saxta pasportla” hərəkət edib və rəsmi axtarışa verilib.

Musavat.com

04.09.2025 15:27
253