Rusiya ilə milli valyutalarla ticarət Azərbaycan üçün problem yaratmır
Ukraynadakı işğalçı müharibəyə görə Qərbin ağır sanksiyaları ilə üzləşən Rusiya getdikcə sərtləşən məhdudiyyətlərdən qurtulmaq üçün müxtəlif yollara əl atır. Bu yollardan biri də Qərb valyutalarından asılılığı azaltmaq üçün ticarət tərəfdaşları ilə milli valyutalarla əməliyyatlara keçməkdir. Rusiya getdikcə daha çox ölkə ilə ticarəti dollar-avro cütlüyündən kənar valyutalara keçirir. Prezident Vladimir Putin dəfələrlə müxtəlif səviyyələrdə dollar və avrodan uzaqlaşmağın gərəkdiyini bəyan edib. Rusiya ən yüksək səviyyədə Şanxay Əməkdaşlıq Təşkilatı, BRİKS, Avrasiya İqtisadi İttifaqı, MDB və sair platformalar daxilində milli valyutalarla ticarətə keçidə nail olmağa çalışır.
Bu günlərdə Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin Minskdə MDB-nin daimi nümayəndələrinin görüşündən əvvəl jurnalistlərlə söhbətində qurumda Rusiyanın sədrliyinin prioritetləri haqda danışarkən milli valyutalarla əməliyyatlara keçiddən danışmışdı...
2022-ci ildən bəri Rusiyanın aktiv şəkildə irəlilətməyə çalışdığı təşəbbüs BRİKS ölkələrinin vahid valyutasının formalaşdırılmasıdır. Lakin birlik daxilində əksəriyyət bu təşəbbüsə skeptik yanaşırlar. Xüsusilə də Çin və Hindistan tərəfdən təşəbbüsə etinasız münasibət diqqəti cəlb edir. Bu ölkələr vahid valyutanın formalaşdırılması barədə orta səviyyədə belə hansısa müsbət mövqe sərgiləmirlər.
Rusiyanın maliyyə naziri Anton Siluanov “İzvestiya”ya müsahibəsində BRİKS-in vahid valyutasını gələcəyin məhsulu adlandırıb. O əlavə edib ki, 2024-cü ildə Rusiyanın birliyə sədrlik edəcəyi zaman Rusiya gündəminin əsas mövzularından biri hesablaşmalar və rəqəmsal maliyyə aktivlərindən istifadə məsələsi olacaq. Siluanovun sözlərinə görə, assosiasiya ölkələri etibarsız olduğu üçün dollar və avrodan istifadə etmir.
Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçın dediyinə görə, 2023-cü ildə Rusiyanın ticarət hesablaşmalarında rublun və dost ölkələrin valyutalarının payı ixracda 76 faizə, idxalda isə 72 faizə çatıb və bu artım 2024-cü ildə də davam edəcək.
Rusiya Mərkəzi Bankının məlumatlarına əsasən 2023-cü ilin əvvəlindən oktyabr ayına qədər Rusiyanın ixrac ödənişlərində dollar və avronun payı demək olar ki, yarıya qədər - 48,6 faizdən 24,7 faizə qədər azalıb. Eyni dövrdə ixrac daxilolmalarında “dost” ölkələrin valyutalarının payı iki dəfədən çox artaraq 37 faizə çatıb. Yuan “dost” ölkələrin valyutalarının payında əsas yeri tutub - oktyabr ayına qədər ixrac üçün bütün ödənişlərin 33 faiz Çin valyutası ilə həyata keçirilib. Tənzimləyicinin məlumatlarına görə, oktyabrda Rusiya məhsullarının tədarükü üçün ödənişlərdə rublun payı 38 faiz səviyyəsində olub. Mərkəzi Bank dünya regionları üzrə ixraca görə ödənişlərin statistikasını da təqdim edib. İlin əvvəlindən Afrika ölkələri ödənişlərdə dollar və avrodan istifadəni 3 dəfə azaldıb.
Dünya bazarlarının, ticarətinin, maliyyələşmənin istinad etdiyi ABŞ valyutası olan dollardan kənarlaşmağı yalnız Rusiya deyil, Qərbin sanksiyaları ilə üzləşən digər dövlətlər - İran, Venesuela və digərləri də arzulayır. Bu hədəf açıq elan olunmasa belə, dünyanın ikinci iqtisadiyyatına malik Çində də qarşıya qoyulub. Lakin hələlik dolları əvəzləyəcək hansısa valyuta üfüqdə belə görünmür.
SWIFT sisteminin hesabatına əsasən, 2023-cü ilin noyabrında dolların qlobal ödənişlər bazarındakı payı 47,08 faiz təşkil edib. Bu, oktyabr ayı ilə müqayisədə bir qədər azdır (oktyabrda göstərici 47,25 faiz olmuşdu). Valyutaların reytinqində ikinci və üçüncü yerləri ardıcıl olaraq avro və funt sterlinq tutur. Noyabrda beynəlxalq ödənişlərdə avronun istifadəsi 23,36 faizdən 22,95 faizə, funt-sterlinqin istifadəsi isə 7,33 faizdən 7,15 faizə düşüb.
SWIFT hesablamalarına görə, noyabrda yuanın qlobal maliyyə bazarında payı 3,6 faizdən 4,61 faizə yüksəlib. Nəticədə Çin milli valyutası dünya reytinqində dördüncü yerdə qərarlaşıb. Yapon yeni isə beşinci mövqeyə düşüb. Onun beynəlxalq ödənişlərdə payı 3,91 faizdən 3,41 faizə qədər azalıb.
Bütövlükdə ABŞ dolları qlobal hesablaşmalarda rəqiblərini xeyli qabaqlayır. Dolların payındakı artımın ilk növbədə avrodan “aldığı” aydın görünür. Avronun hesablaşmalardakı payı rekord həddə düşüb. Əsas Qərb valyutalarının (dollar+avro) ümumi payını götürsək, o, azalır. Noyabrda ikisinin birgə payı 70 faiz olub. 2023-cü ilin iyul ayında bu, 70,9 faiz idi.
Ekspertlər qeyd edirlər ki, əslində, SWIFT sistemi əmtəə ticarətinə deyil, maliyyə aktivlərinin hərəkətinə xidmət edir. Bütün dünya ticarətinin illik həcmi təxminən 32 trilyon qiymətləndirilir. 2021-ci ildə SWIFT sistemi vasitəsilə ödənişlərin həcmi 1400 trilyon dollar təşkil edib. Bu, bütün dünya ticarətindən 40 dəfə çoxdur. Beləliklə, SWIFT sistemi vasitəsilə ödənişlər Qərb maliyyə sisteminin kapitalında (kreditlər, depozitlər, qiymətli kağızlar və s.) ilk növbədə malların deyil, hansı valyutaların hərəkət etdiyini göstərir.
Bundan əlavə, SWIFT-in açıqladığı statistikanın qlobal ticarəti tam əhatə etmədiyi iddia olunur. Xüsusilə ekspertlər 2 ildir Rusiya banklarının əksəriyyətinin bu sistemdən ayrıldığını, BRİKS ölkələri və Türkiyənin milli valyutalara aktiv şəkildə keçid etdiyini, bundan əlavə, kriptovalyuta köçürmələri seqmentinin sürətlə inkişaf etdiyini bildirərək, SWIFT-in statistikasının real vəziyyəti əks etdirmədiyini iddia edirlər.
Dolların ticarət hesablaşmalarındakı payının artması onun qlobal ehtiyatlardakı payının azalması ilə müşayiət olunur. Beynəlxalq Valyuta Fondunun (BVF) son məlumatlarına görə, ABŞ dollarının qlobal mərkəzi bank ehtiyatlarında payı azalmaqda davam edir və 2023-cü ilin üçüncü rübündə 59,2 faizə düşüb. Onun arxasınca avro gəlir ki, onun da payı 19,6 faizə düşüb. Yapon yeninin dünya ehtiyatlarındakı payı əvvəlki rübdəki 5,3 faizdən bir qədər artaraq 5,5 faizə yüksəlib. Çin yuanı, Britaniya funtu, Kanada dolları və İsveçrə frankının payı faktiki olaraq dəyişməz qalıb.
Rusiya ekspertləri ehtiyatlarda dolların payının azalmasını de-dollarizasiyaya doğru qlobal tendensiyanın bir hissəsi kimi qiymətləndirirlər. Lakin onlar dolların payının elə həmin dollarla ifadə olunan qızılın hesabına azaldığını qeyd etmirlər. Halbuki ehtiyatlarda dollarla ticarət olunan və dollarla ifadə olunan qızılın həcmi artır.
Digər tərəfdən, Rusiyanın xarici ticarətində yüksək paya malik olan yuan, BƏƏ dirhəmi də dollara bağlıdır. Bu valyutalarla hesablaşmalar da əmtəələrin dollarla qiyməti əsasında həyata keçirilir.
Nəhayət, son 2 ilin təcrübəsi göstərir ki, hesablaşmalarda milli valyutalara keçid heç də uğurlu təcrübə deyil: Hindistanda Rusiya neftinə görə ödənilən 40 milyard dollara yaxın ekvivalentdə rupi toplanıb və neçə aylardır Rusiya şirkətləri həmin vəsaitləri dollara çevirib ölkələrinə çatdıra bilmirlər...
Hələlik Rusiya ətrafındakı kiçik ölkələrlə ticarətini maksimum rubllaşdırmağa çalışır. Bu baxımdan, Azərbaycanla da eyni prosesin getdiyini rahatlıqla söyləmək olar. Hələlik qarşılıqlı hesablaşmalarda manat və rubla üstünlük verilməsi Azərbaycan üçün əlverişlidir. Çünki biz Rusiyadan ora satdığımızdan daha çox mal alırıq. Dövlət Gömrük Komitəsinin (DGK) hesabatına əsasən 2023-cü ildə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi 17,5 faiz artaraq 4,3 milyard dollara çatıb. Bu zaman Azərbaycanın Rusiyaya ixracı 22,7 faiz artaraq 1,1 milyard dollar, Rusiya məhsullarının Azərbaycana tədarükü isə 15,6 faiz artaraq 3,1 milyard dollar təşkil edib.
Dövlət Gömrük Komitəsinin hesabatında o da göstərilir ki, 2023-cü ilin sonunda Rusiya Azərbaycanın ticarət tərəfdaşları arasında İtaliya və Türkiyədən sonra üçüncü yeri tutub. Belə ki, Rusiya ilə ticarət əməliyyatları respublikanın xarici ticarət dövriyyəsinin 8,52 faizini təşkil edib.
Beləliklə, Azərbaycan Rusiyaya ixrac etdiyi məhsulların müqabilində rahatlıqla rubl ala bilər. Çünki onu idxal üçün geri qaytarmaq imkanı var.
Dünya SAKİT,
“Yeni Müsavat”