Cənubi Qafqaz uğrunda mübarizə ən böhranlı mərhələyə girmiş kimi görünür. ABŞ və Qərbin Rusiyanı bu regiondan sıxışdırıb, tamamilə çıxartmaq cəhdləri hələlik gözlənilən nəticədən çox-çox uzaqdır. Belə ki, Kreml Rusiyanın Cənubi Qafqazdakı mövqelərini qorumaq üçün malik olduğunu təsir mexanizmlərindən maksimum səviyyədə istifadə edir. Və indiki situasiyada Kremlin tərəddüdlü də olsa, etdiyi manevrlər Rusiyaya gələcəyə yönəlik "açıq pəncərə"ni hər halda, saxlayır.
Onu da qeyd etmək lazımdır ki, əgər, ABŞ və Qərb indiki Cənubi Qafqaz siyasətində dəyişikliklər etməzsə, Rusiyaya əvvəl-axır məğlub olması ilə barışmaq məcburiyyətində qala bilər. Çünki Qərbdə geopolitik hesablamaların yanlış faktorlar üzərindən aparıldığı artıq qətiyyən şübhə doğurmur. Üstəlik, bu reallıq Qərb siyasi dairələri tərəfindən də tədricən etiraf olunmağa başlayıb. Və mövcud situasiyaya görə isə öz şəxsi mənfətlərini hər şeydən üstün tutan Qərbdəki ermənipərəst siyasətçilər məsuliyyət daşımalı olacaqlar.
Məsələ ondadır ki, erməni diasporundan aldıqları rüşvətdən asılı vəziyyətə düşən bəzi yüksək rütbəli Qərb siyasətçiləri Cənubi Qafqaz siyasətinin Ermənistan üzərindən aparılmasını təmin ediblər. İndi bundan dərhal geri çəkilmək və ya yeni geopolitik planları işə salmaq o qədər də asan deyil. Çünki buna bir tərəfdən zaman lazımdır. Digər tərəfdən isə bu zamanın Qərbin xeyrinə olmayacağı da qətiyyən istisna deyil. Və indiyə qədər yürüdülən siyasətin, atılan addımların üzərindən çarpaz xətlərin çəkilməsi Qərbi Cənubi Qafqazda ümumiyyətlə, "geopolitik labirintə" də sala bilər.
Maraqlıdır ki, ABŞ və Qərbin ortaq ermənipərəst mövqeyi Azərbaycanı əks düşərgəyə yönəldib. İndi rəsmi Bakı ABŞ və Qərbə qətiyyən güvənmir. Üstəlik, Cənubi Qafqazda şəriksiz iradə sahibi olan Azərbaycan ABŞ və Qərbin bu regiona yerləşməsinə müqavimət göstərir. Eyni zamanda, bu məsələdə Azərbaycanın maraqları hələlik Rusiya ilə müvəqqəti də olsa, üst-üstə düşür. Və belə vəziyyətdə Qərb Cənubi Qafqazda gözlədiyindən daha güclü bloklayıcı faktorla üzləşmiş olur.
Ancaq bu prosesdə ziddiyyətli məqamlar da kifayət qədərdir. Birincisi, rəsmi Bakı Kremlin də Cənubi Qafqazda geopolitik hegemoniyasına geniş imkanlar açmaq niyyətində deyil. Yəni, Azərbaycan üçün Rusiyanın da bu regiondan kənara çəkilməsi strateji baxımdan, böyük əhəmiyyət daşıyır. Və bu baxımdan, Azərbaycanın Rusiya ilə maraqlarının uzlaşması yalnız Qərbin Cənubi Qafqaza yerləşmək cəhdlərinin bloklanmasına yönəlik tərəfdaşlıq ilə məhdudlaşır. Və bu ortaq hədəfdən kənarda Azərbaycanla Rusiyanın maraqlarında geopolitik paralellik mövcud ola da bilməz.
Digər tərəfdən, ABŞ və Qərbin daha bir önəmli problemi məhz öz regional siyasi planlarının mərkəzinə yerləşdirdiyi Ermənistanın həm sürüşkən, həm də riyakar mövqeyi ilə birbaşa bağlıdır. Belə ki, rəsmi İrəvan Ermənistanı Rusiyadan uzaqlaşdırıb, Qərbə yaxınlaşdırmağa cəhd göstərərkən, konkret bir neçə məkrli məqsədi ön planda tutur. Birincisi, Ermənistan II Qarabağ savaşında biabırçı məğlubiyyətə uğradılmış tərəfdir. Ona görə də, rəsmi İrəvana həmin hərbi məğlubiyyətə Ermənistan əhalisinin qəbul edəcəyi günahkar tapmaq lazım idi. Və Rusiya buna tamamilə uyğun gəlirdi.
Ona görə də, Paşinyan hakimiyyəti vaxtilə ölkədaxili ittihamları özündən yayındırmaq və yaxud da heç olmasa, zəiflətmək üçün Rusiyanı Ermənistanın hərbi məğlubiyyətinin əsas günahkarı elan etməyə üstünlük verdi. Eyni zamanda, bundan bəhanə kimi yararlanaraq, Rusiyadan uzaqlaşma imitasiyası ilə ABŞ və Qərbin diqqətini çəkməyə, onun hərbi-siyasi dəstəyini qazanmağa cəhd göstərdi. Və rəsmi İrəvanın bu məsələdə kifayət qədər irəliləyə gedə bildiyi isə hazırda elə də ciddi müzakirə mövzusu deyil.
Ancaq reallıqda isə situasiyanın tamamilə fərqli olduğu artıq tədricən ortaya çıxmağa başlayıb. Belə ki, Paşinyan hakimiyyəti bir tərəfdən Rusiyadan uzaqlaşma imitasiyası ilə ABŞ və Qərbin həm maliyyə, həm də hərbi-siyasi dəstəyini almağa nail olub. Yəni, ABŞ və Qərb hazırda Ermənistanı açıq-aşkar müdafiə edir, bu uydurma dövlətə silah-sursat, hərbi texnika dəstəyi verir. Yəni, Paşinyan hakimiyyəti ABŞ və Qərbi aldadaraq, Ermənistanın sürətlə silahlandırıılması prosesinə start verməyə nail ola bilib. Və buna paralel olaraq isə səhnə arxasından fərqli hədəfləri ön planda saxlamağı da qətiyyən unutmayıb.
Əslində, Kremlin Ermənistanın Rusiyaya belə açıq xəyanətinə tolerant yanaşmasının əsas səbəblərini də məhz elə rəsmi İrəvanın səhnə arxası manevrlərində axtarmaq daha doğru olardı. Çünki Paşinyan hakimiyyətinin Kremllə münasibətləri reallıqda göründüyü qədər korlanmayıb. Əksinə, qeyri-leqal məkanda Rusiya-Ermənistan hərbi müttəfiqliyi hətta müəmmalı şəkildə inkişaf edir.
Əsas müəmma isə Ermənistanın Rusiyanı Qərbin sanksiyalarından yayındırması ilə bağlıdır. Hər halda, Rusiya hərbi sənayesi Ukrayna savaşının başlanmasından sonrakı periodda məhz Ermənistanın Qərb ölkələrindən idxal edib, gizli şəkildə Kremlin istifadəsinə göndərdiyi elektron detalların sayəsində istehsalı davam etdirə bilir. Və bu baxımdan, bəzi məlumatlara görə, Rusiya-Ermənistan qarşıdurması əslində, Kremllə rəsmi İrəvan arasında gizli anlaşma üzərindən reallaşdırılan imitasiyadan başqa bir şey deyil.
Belə anlaşılır ki, Rusiya və Ermənistan ortaq və planlı imitasiya ilə son vaxtlara qədər Qərbi aldatmağa nail ola biliblər. Hər halda, rəsmi İrəvan bir tərəfdən Qərbdən həm maliyyə dəstəyi, həm də müasir silahlar alır. Digər tərəfdən isə Qərbin sanksiyalarına məruz qalan Rusiyanı gizli şəkildə ehtiyac duyduğu elektron cihazlarla təmin edir. Bundan isə həm Ermənistan qazanır, həm də Kreml tamamilə məmnundur. Və üstəlik, qeyri-rəsmi də olsa, hər iki tərəf arasında qarşılıqlı etimad da möhkəmlənməkdə davam edir.
Maraqlıdır ki, Kremlə xəyanət edib, Qərbə qaçmağa çalışan Ermənistanın silahlandırılmaması prosesinə indi artıq Rusiya da qoşulub. Belə ki, son vaxtlar Rusiyadan Ermənistana silah-sursat və hərbi texnika göndərilməsi barədə məlumatlar daha intensiv şəkildə gündəmə gəlməyə başlayıb. Hətta iddia edilir ki, yaxın vaxtlarda Rusiya Ermənistana yeni silah partiyası göndərməyə də hazırlaşır. Yəni, bu, o deməkdir ki, Rusiya Ermənistanın sürətlə silahlandırılması prosesində ABŞ, Avropa Birliyi və Fransa ilə eyni düşərgədə yer alır. Və Azərbaycanın Cənubi Qafqaz ətrafında cərəyan edən proseslərdə bu məsələni - Rusiyanın ikibaşlı davranışlarını mütləq nəzərə alması olduqca vacibdir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu