O, nə orta məktəbdə oxuyarkən, nə də tələbəlik illərində xüsusi xidmət orqanlarında xidmət edəcəyi haqqında düşünüb. Leonid Şebarşin uşaqlıqdan təyyarəçi olmaq arzusu ilə yaşayıb, xəyallarında özünü səmalarda görüb. Amma onu müxtəlif bəhanələrlə aviasiyaya qəbul etməyiblər. Səhhətində problemlər, yaxud da fiziki hazırlığı tam olmadığına görə Şebarşin təyyarəçi olmaq arzusunu gerçəkləşdirə bilməyib...
Leonid Şebarşin 1935-ci ildə Moskvada anadan olub. Orta məktəbi gümüş medalla bitirib. Təyyarəçi olmaq sevdası baş tutmayanda o, sənədlərini Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna verib və şərqşünaslıq fakültəsində ali təhsil alıb. İnstitutu bitirdikdən sonra Xarici İşlər Nazirliyinə təyinat alan Şebarşin bir neçə il Moskvada işlədikdən sonra Pakistana göndərilib. O, əvvəlcə SSRİ-nin Pakistandakı səfirinin tərcüməçisi, 1959-cu ildə isə diplomat dərəcəsi alaraq həmin səfirlikdə attaşe işləyib.
1962-ci ildə Leonid Şebarşin Moskvaya qayıdıb, fəaliyyətini Xarici İşlər Nazirliyinin Asiya şöbəsində davam etdirib. Elə həmin il onu dövlət təhlükəsizliyi orqanlarına dəvət ediblər. Şebarşin kiçik leytenant rütbəsində DTK-nın 1-ci baş idarəsində (xarici kəşfiyyat) xidmətə başlayıb.
Leonid Şebarşin uzun illər SSRİ DTK-nın xətti ilə xarici ölkələrdə fəaliyyət göstərib. O, 1964-1968-ci illərdə Pakistanda işləyib, 1971-1977-ci illərdə Hindistanda DTK rezidentinin müavini, 1979-1983-cü illərdə İranda DTK-nın rezidenti olub.
Dövlət təhlükəsizliyi orqanlarında Şebarşin peşəkarlığı, güclü məntiqə malik olması, nəzəri bilikləri xidməti fəliyyətdə uğurla tətbiq etməyi, məlumatların əldə olunmasında mükəmməl bir mexanizm və şəbəkə yaratmaq bacarığı ilə fərqlənib. Bütün bunlar nəzərə alınaraq o, 1987-ci ildə DTK-nın 1-ci baş idarəsinin rəis müavini təyin olunub. 1989-cu ildə Vladimir Kryuçkov DTK sədri təyin ediləndə Leonid Şebarşin də onun yerinə, idarə rəisi, o cümlədən DTK sədrinin müavini vəzifəsinə təyinat alıb.
1991-ci ilin avqust ayında “QKÇP” adı ilə tarixə düşən qiyam zamanı Leonid Şebarşin digər DTK rəhbərlərindən, o cümlədən Vladimir Kryuçkovdan fərqli olaraq Mixail Qorbaçova əks getməyib. “QKÇP”nin əleyhinə çıxan Boris Yeltsinin tərəfdarları Moskvada mitinqlər təşkil edəndə DTK izdihamı dağıtmağa cəhd edib. DTK-nın tabeliyində olan “A” (Alfa) və “V” (Vımpel) qrupları bununla bağlı tapşırıqlar alsa da, mitinqlərə silahlı müdaxilə Kryuçkovun tələb etdiyi dərəcədə icra edilməyib. Bu, məhz Şebarşinin göstərişi ilə olub. Hadisələr zamanı general-leytenant Leonid Şebarşin Moskva ətrafında olan Boris Yeltsinin də şəhərə daxil olmasına şərait yaradıb. Bununla da “QKÇP”nin sovet imperiyasını qoruyub saxlamaq cəhdi alt-üst olub. Şebarşinin təbirincə desək, “hər şey texniki cəhətdən zəif təşkil edildiyindən, cəhdlər faydasız və mənasız olub”.
Leonid Şebarşinin xidmətləri Mixail Qorbaçovun diqqətindən kənarda qalmayıb və o, avqustun 22-də onu DTK-ya sədr təyin edib. Bu təyinatdan xəbər tutan Boris Yeltsin elə gecə ikən Mixail Qorbaçovla telefonla danışıb. Yeltsin ona Şebarşinin Kryuçkova çox yaxın adam olduğunu söyləyib.
Avqustun 23-də Qorbaçov “səhvini” düzəldib, 1 gün DTK sədri işləyən Şebarşini vəzifədən kənarlaşdırıb. DTK rəhbərliyinə Vladimir Bakatin gətirilib. Bütün bu oyunları anlamayan Leonid Şebarşin elə düşünüb ki, öz köhnə vəzifəsində, 1-ci baş idarənin rəisi və DTK sədrinin müavini postunda qalacaq. Ancaq üstündən bir gün keçməmiş onunla razılaşdırılmadan vəzifəsini bir pillə kiçildərək baş idarənin rəis müavini vəsifəsinə təyin olunması haqqında Bakatin əmr imzalayıb. Onun yerinə, DTK-nın 1-ci baş idarəsinin rəisi vəzifəsinə Yevgeni Primakov təyinat alıb.
Şebarşin bu vəzifə təyinatından imtina edib. 56 yaşlı general bununla da 29 il xidmət etdiyi dövlət təhlükəsizlik orqanlarından öz ərizəsi ilə istefa verib.
İstefasından sonra Leonid Şebarşin “Rusiya milli iqtisadi təhlükəsizlik xidməti” cəmiyyətini təsis edib və onun rəhbəri olub.
Leonid Şebarşin müəllifi olduğu kitablarla da yadda qalıb. Qələmə aldığı “DTK zarafat edir” kitabı isə oxucular tərəfindən daha maraqla qarşılanıb. Generalın siyasi aforizmləri isə bu günə qədər də bir çoxları tərəfindən sitat kimi işlədilir.
Şebarşin öz xatirələrində sovet vətəndaşlarının necə aldandığını da xüsusi vurğulayıb:
“Bizə “dünya proletarlarının rəhbəri”nin yalanlarını öyrətdilər, bizi məcbur etdilər ki, az qala yarımallaha çevrilən Stalinə inanaq, daha sonra Nikita Xruşova, “müharibə qəhrəmanı”na çevrilən Brejnevə, ən yazıq siyasi fiqur olan Çernenkoya inanmağa məcbur etdilər. Məgər Andropov uzaqgörən və hədsiz dərəcədə ağıllı idi? O da özündən asılı omayaraq hamını aldatdı və tabeliyində olanları da inanmağa və aldanmağa məcbur etdi...”
Leonid Şebarşin ömrünün son illərini faciəli hadisələrlə yaşayıb. Qızı astma xəstəliyindən vəfat edib. General düz səkkiz il iflic olmuş və əlil arabasında gəzən həyat yoldaşına özü qulluq edib. Yuxarılardan heç bir kömək istəməyən general maddi çətinliklərə baxmayaraq, heç kimə əl açmayıb, zabit şərəfini qorumaq üçün bütün çətinliklərə dözüb.
2012-ci ilin martın 30-da Şebarşinin intihar etməsi xəbəri yayılıb. Bu xəbəri müəmmalarla qarşılayanlar da az olmayıb və intiharla bağlı fərqli versiyalar irəli sürülüb.
Generalın əsl intihar səbəbi isə onun çoxsaylı xəstəlikləri ilə bağlı olub. Şebarşin ömrünün son aylarında sərbəst yeriyə bilməyib, görmə qabiliyyəti kəskin şəkildə zəifləyib, yüksək qan təzyiqindən əziyyət çəkib.
İlham Cəmiloğlu,
Musavat.com