Kreml də Minsk qrupunun qələmini qırdı

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin ATƏT-in Minsk qrupunun artıq de-fakto fəaliyyət göstərmədiyini bildirib. Onun sözlərinə görə, Qərb həmsədrləri rusiyalı həmsədr ilə əməkdaşlıqdan imtina edib.

Kopırkin Minsk qrupunun gələcək formatının qeyri-müəyyən olduğunu vurğulayaraq, regiondakı məsələlərin yerli ölkələr tərəfindən həllinin vacibliyini qeyd edib.

SONA SON.jpg (56 KB)

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında səfirin həqiqətləri dilə gətirdiyini vurğulayıb:

“ATƏT-in Minsk qrupu onsuz da ölü doğulmuş təşkilat idi. 31 il əvvəl formalaşan bu qurum 2020-ci ilin payızına qədər faktiki olaraq Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinin nizamlanması istiqamətində heç bir töhfə vermədi. Nəticədə Azərbaycan BMT qətnamələrini özü yerinə yetirdi. Hazırda belə bir münaqişə mövcud deyil.

Rəsmi Bakı qətiyyət göstərərək, öz gücü ilə onu tarixə qovuşdurdu. Bu baxımdan, nə biz, nə də Ermənistan üçün bu təşkilat həyati önəm daşıyır. Ermənistan bu “ölünü” diriltmək istəyir, amma dünyada gedən geosiyasi proseslər tamam fərqli yöndə cərəyan edir.

Bir sözlə, bu təşkilat artıq istəsə də, dirilə bilməyəcək. Çünki oradakı “vasitəçilər” bir-birinin düşməninə çevrilib. Bu baxımdan, Kopırkin həqiqətləri dilə gətirib və təşkilatın gələcəyi ilə bağlı yarımqapalı mövqe sərgiləyib”.

Cavanşir ABBASLI
Musavat.com

08.03.2025 14:38
1821