Ukraynanın ABŞ və Qərbə güvənərək, Rusiya ilə qarşıdurmaya qərar verməsi rəsmi Kiyevin ən böyük səhvlərindən biri idi. Çünki Rusiya qarşıdurmanın ilk intensivləşdiyi mərhələdə ABŞ və Qərb Ukraynaya bir çox cəlbedici vədlər verməkdəydi. Rəsmi Kiyev isə Qərbin vədlərə ümid bəsləyərək, Rusiya qarşısında Ukraynanı tam müdafiə altında hesab edirdi. Və bunun nə qədər ciddi hərbi-siyasi səhv olduğu indi daha qabarıq şəkildə ortaya çıxmaqdadır.
Onu da qeyd etmək lazımdır ki, ABŞ və Qərbin Ukraynaya verdiyi əsas vədlərin demək olar, heç birisi reallaşmayıb. Birincisi, Qərb Ukraynaya ən qısa müddətdə NATO üzvlüyünü vəd etmişdi. Rəsmi Kiyevə təminat verilmişdi ki, Ukrayna NATO sıralarına qatılacaq və Rusiya təhlükəsindən qorunmuş olacaq. Əslində, Ukrayna Rusiyanın mövqeyinə əhəmiyyət belə, vermədən istənilən beynəlxalq hərbi-siyasi quruma, eləcə də, NATO-ya üzv olmaq hüququna sahibdir. Və Rusiyanın buna aqressiv şəkildə reaksiya verməsi tamamilə absurd, həm də beynəlxalq hüquqa zidd xarakter daşıyırdı.
Ancaq buna baxmayaraq, ABŞ və Qərb Ukraynanın sürətlə NATO sıralarına qatılmasını təmin etsəydi, Rusiya savaşa başlamaq məsələsində ən azından tərəddüd edə bilərdi. Çünki bu halda, Ukrayna ilə müharibə Rusiya üçün həm də NATO ilə savaş anlamı daşıyacaqdı. Rusiyanın NATO ilə savaşa tab gətirə biləcək hərbi potensialının olmadığını Kremldə də bilirdilər. Və bu baxımdan, Rusiya NATO ölkəsi olan Ukraynaya böyük ehtimalla hücum etməyə cəsarət göstərməzdi.
Halbuki, Ukrayna ətrafında geopolitik proseslər tamamilə fərqli istiqamətlərə yönəldildi. Belə ki, Ukrayna NATO-ya qəbul edilmədi. Əksinə, ABŞ və Qərb sadəcə, bu məsələni israrla gündəmdə saxlamaqla, kifayətləndi. Üstəlik, Ukraynanın NATO-ya üzvlüyündən dərhal sonra bu ölkədə uzaqmənzilli raket zərbələri və hərbi bazalar yerləşdiriləcəyi ilə bağlı ssenarilər təbliğ olundu. Yəni, ABŞ və Qərb NATO-Ukryna mövzu üzərindən siyasi-ideoloji manipulyasiyalar ilə Rusiyanı tələyə salmağa çalışırdı. Və son nəticədə Qərbin qurduğu plan üzrə Rusiyanın "savaş bataqlığı"na çəkilməsi mümkün oldu.
Göründüyü kimi, ABŞ və Qərbin əslində, Ukraynanı nə vaxtsa NATO sıralarına qəbul etmək kimi bir niyyəti ümumiyyətlə, olmayıb. Qərbə Rusiyanın Ukraynaya hərbi təcavüzü lazım idi ki, buna da nail olunub. Elə indi də Ukraynaya NATO-nın "təhlükəsizlik çətiri" qətiyyən rəva görülmür. Xüsusilə də, ABŞ, Almaniya və Fransa buna qarşı çıxır. Yəni, ABŞ və Qərbə Rusiya ilə savaşda dağıdılmış Ukrayna NATO üzvü kimi lazım deyil. Və bu reallıq yaxın gələcəkdə dəyişməyəcək.
Halbuki, Ukraynanın aldadılması prosesi yalnız bununla məhdudlaşmır. Belə ki, Ukraynaya Avropa Birliyinə üzvlük vədi də verilmişdi. Ancaq Qərb bu vədin yerinə yetirilməsinə də qətiyyən həvəs göstərmir. Qərbdə "savaş bataqlığı"na çevrilmiş Ukraynanı Avropa Birliyi sıralarında görmək istəmədiklərini də qətiyyən gizlətmirlər. Halbuki, NATO mövzusundan fərqli olaraq, Rusiya Ukraynanın Avropa Birliyinə üzvlüyünə daha müqavimət göstərmir. Və bu baxımdan, rəsmi Kiyevin bu məsələdə də aldadıldığı artıq qətiyyən şübhə doğurmur.
Halbuki, Ukraynanın vədlərlə aldadılması prosesi Rusiya ilə savaş şəraitində də davamlı xarakter daşıyıb. Belə ki, ABŞ və Qərb Ukraynaya ən müasir silahlar və hərbi texnika vəd etmişdi. Ancaq uzun müddət Ukrayna ordusuna həmin silahların çatdırılması təxirə salındı. Yalnız Rusiya istehsalı olan hərbi texnika istifadə edildikdən sonra Ukraynaya müdafiə silahları verildi. Üstəlik, ABŞ yarım ildən uzun müddət ərzində Ukraynaya hərbi dəstəyi ümumiyyətlə, dayandırdı. Və bununla da, Ukrayna savaş meydanında qazandığı üstün mövqeləri itirmiş oldu.
Daha sonra Ukraynaya müasir hücum silahları vəd olunsa da, rəsmi Kiyev hələ də gözləmək məcburiyyətində buraxılır. Halbuki, Zelenski hakimiyyəti Qərbdəki tərəfdaşlarından həm hücum silahları, həm də Rusiyanın dərinliklərinə sarsıdıcı zərbələr endirmək icazəsi tələb edir. Çünki Kiyevdə hesab edirlər ki, bu icazə Rusiyanın hərbi müqavimət potensialını minimuma endirmək üçün taleyüklü xarakter daşıyır. Və hələlik rəsmi Kiyevin bununla bağlı ümidləri də özünü doğrultmayıb.
Məsələ ondadır ki, bir müddət öncə ABŞ və Qərb Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək icazəsi söz vermişdi. Hətta bu önəmli məsələ Qərb siyasi dairələrində intensiv müzakirə olunmaqdaydı. Halbuki, bu müzakirələrdə ziddiyyətlər də açıq-aşkar müşahidə edilirdi. Belə ki, prezident Co Bayden bu barədə düşündüyünü bildirmişdi. Pentaqondan belə bir addım yolverilməz hesab olunmuşdu. ABŞ-ın dövlət katibi Entoni Blinken isə Ukraynaya Rusiya dərinliklərinə zərbə icazəsini mümkün hesab etmişdi.
Təbii ki, Kreml Qərbin bu tərəddüdlərin istifadə etməyi bacardı. Belə ki, Rusiya siyasi dairələri icazə veriləcəyi təqdirdə, NATO-nu Ukrayna savaşının birbaşa iştirakçısına çevrilmiş hesab edəcəyini bəyan etdi. Ardınca isə Avropa ölkələrinə nüvə silahı da daxil olmaqla, bütün potensialı ilə zərbə endirəcəyinə eyham vurdu. Və məhz bundan sonra Qərbin mövqeyi dərhal dəqiqləşdi.
Məsələ ondadır ki, Ağ Evdən verilən son açıqlamaya görə, ABŞ Ukraynanın Rusiya dərinliklərinə zərbə endirməsini hələlik məqbul variant hesab etmir. Bəzi iddialara görə, ABŞ-ın bu mövqeyi NATO üzvü olan Avropa Birliyi ölkələrinin Ağ Evə təzyiqlərindən qaynaqlanır. Yəni, Avropa ölkələri Ukrayna ucbatından Rusiyanın nüvə zərbələrinə məruz qalmaq istəmədiklərini birmənalı şəkildə qabardırlar. Və onların fikrincə, Ukrayna savaşının "qoca qitə"yə keçirilməsinə heç bir halda, imkan vermək olmaz.
Belə anlaşılır ki, ABŞ və Qərb Ukraynaya verdiyi növbəti vədlərdən də geri çəkilmək qərarını daha üstün tutub. Yəni, Ukraynaya müasir hücum silahları və Rusiya dərinliklərinə zərbə icazəsi verilməyəcək. Belə şəraitdə Ukraynanın Rusiya ilə savaşda döyüş üstünlüyü qazanma şansları o qədər də cəlbedici görünmür. Çünki ABŞ və Qərb Rusiyanın təhdidləri qarşısında həlledici qərarlara cəsarət göstərə bilmir. Və nəticədə Avropanın həm maraqları, həm də gələcək təhlükəsizliyi üçün savaşan Ukrayna ordusu daha çox itkilərə məruz qalır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
Yeni Müsavat Media Qrupu