Kredit götürən şəxslərə XƏBƏRDARLIQ – FOTO

Son vaxtlarda vətəndaşlar kredit əldə etmək üçün BOKT-lara daha çox üz tutmağa başlayıblar.

Mərkəzi Bankdan aldığı lisenziya əsasında təminatlı və təminatsız kreditlər verə bilən BOKT-ların fəaliyyəti və üstün cəhətləri barədə Metbuat.az-a iqtisadçı Rauf Qarayev açıqlama verib. O bildirib ki, banklardan daha tez kredit verə bilən BOKT-larda faiz nisbəti daha yüksək ola bilər:

 

“Bankların imkanları daha geniş olduğu üçün onlar da kreditlərin verilməsində müəyyən nüanslardan istifadə edib özlərinə müştəri cəlb edə bilirlər. BOKT-ların da bazarda olması müsbət haldır. Çünki bazarda imkanlar geniş olmalıdır ki, müştəri istədiyi məhsulu oradan ala bilsin. Düşünürəm ki, onların mövcud olmaması da bir sıra çətinliklərlə yanaşı, bankların işini artıra bilər. Hesab edirəm ki, məhz bu baxımdan Mərkəzi Bank BOKT-ların fəaliyyətinə ciddi yanaşır”.

Ekspert qeyd edib ki, BOKT-lardan kredit götürən zaman müştərilər çıxılmaz vəziyyətdə qalmamaq üçün müqavilə şərtlərini diqqətlə oxumalıdırlar:

“Müştəri əgər müqaviləni diqqətlə oxuyub, nüansları diqqətlə nəzərə alırsa, ödənişlərin qaytarılması zamanı çıxılmaz vəziyyətdə qalmaya bilər. Vətəndaşlar bəzən müqavilələrə diqqət etmirlər, çünki sənədləşmə prosesi onlara cansıxıcı olur. Amma vacib məqamlardan biri də odur ki, kredit borcu müqavilələri tərtib olunan zaman hüquqşünaslar cümlələr arasında müəyyən nüansları gizlədirlər. Müştərilər sonradan problem yaşamaq istəmirlərsə, mütləq kredit götürən zaman hüquqşünasın rəyini dinləməlidirlər. Əks halda itirən müştəri olur”.

Bank sektoru üzrə mütəxəssis Əkrəm Həsənov bildirib ki, BOKT-lardan kredit götürən vətəndaşlar bilməlidir ki, qaydalar banklarda olduğu kimi eynidir:

Məhkəmə Əkrəm Həsənov barəsində xüsusi qərardad qəbul etdi | Banco.az

“Vətəndaş götürdüyü krediti geri qaytara bilmədiyi üçün əmlakını borc qarşısında girov qoyubsa, həmin təşkilat məhkəmə yolu ilə borcunu tələb edə bilər. Amma vətəndaş əmlakını girov qoymayıbsa, bu zaman bankda olduğu kimi burdada heç nə verməli deyil. Ümumiyyətlə, əksər hallarda vətəndaşlar onlara lazım olmadığı halda belə kredit götürməyə cəhdlər edirlər. Bu da onların uzunmüddətli faizlərlə əlavə borclanmasına səbəb olur”.

Qeyd edək ki, ölkədə fəaliyyət göstərən, aktivlərinin həcmi 10 milyon manatdan yüksək olan cəmi 18 kredit təşkilatı mövcuddur. Bu təşkilatların cəmi aktivləri BOKT sektorunun 81%-i (500 mln. manat) təşkil edir. Sektor üzrə verilən kreditlərin 60%-i Bakı şəhəri üzrədir.

05.05.2024 12:40
19389