Kredit borcu olanların DİQQƏTİNƏ – İşdən çıxarıldıqda...

Bəzi hallarda bankdan kredit götürmüş şəxs işdən çıxarıldığına görə ödənişlərin edilməsində çətinlik çəkir. Belə olan təqdirdə bankla vətəndaş arasında ödənişin gecikməsi və ya edilməməsi ilə bağlı problemlər yaranır.

Bəs görəsən belə hallarda banklar vətəndaşlara hüquqi olaraq güzəşt etməlidirmi?

Musavat.com xəbər verir ki, mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov Referans.az-a danışıb.

“İşəgötürənlər tərəfindən işçilərin hansısa banka və ya quruma borcu var deyə onu bu səbəbdən işə saxlamaq və yaxud krediti bitənə qədər işinə davam etməsini təmin  etmək kimi öhdəliyi yoxdur. Nəticə etibarı ilə, bu sadəcə işçinin, yəni şəxsin özünə aid olan riskdir. Banka borcu olan şəxs bilməlidir ki, ona kredit ayıran bank da bu pulu verdiyi zaman, şəxsin hər hansısa formada işdən çıxdığı zaman ödənişin dayandırılacağı barədə öhdəlik götürməyib. Ona görə borcu olan şəxs kreditin yenə də hər ay müntəzəm şəkildə ödənilməsinə məsuliyyətlidir və cavabdehdir. Sadəcə olaraq işləmədiyi müddət ərzində banka ərizə ilə müraciət edərək, bankdan xahiş edə bilər ki, müvəqqəti olaraq məbləğin aylıq ödənişini daha az ödənilməsi ilə bağlı köməklik edilsin. Lakin bununla bağlı icazə vermək bankın hüququdur. Bank həmin şəxsə bu güzəşti etməyə də bilər. Əgər borclu şəxs işləmədiyini əsas gətirərək ödənişdən yayınarsa və ödəmələrin 90 gün müddətində gecikməsindən sonra bank ərizə ilə şəxsin yaşadığı yer üzrə məhkəməyə müraciət edəcək və ya əmr icraatı qaydasında məhkəmə əmrini çıxarmaqla pulun ödənilməsini tələb edə bilər. Borclu şəxs əgər icra mərhələsində də ödənişi etməzsə, onu məhkəmə qərarının icra olunmaması ilə bağlı inzibati və cinayət məsuliyyəti gözləyir”, - hüquqşünas bildirib.

10.10.2023 11:47
1840