Krasnodarda yaşayış binasının həyətində bir kişi bir neçə nəfər tərəfindən döyülüb. Şəhər polisinin mətbuat xidmətinin məlumatına görə, zərərçəkmiş huşunu itirib və xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Musavat.com Rusiya mediasına istinadla xəbər verir ki, hadisə iyulun 7-də gecə saat 1 radələrində çoxmərtəbəli binanın avtomobil dayanacağında baş verib. Videogörüntülərə görə, bir qrup aqressiv şəxs ağ köynəkli şəxsə hücum edərək onu döyməyə başlayıb. Yayımlanan görüntülərdə zərərçəkənin artıq yerdə uzandığı və hücum edənlərin onun kürəyinə, ombasına və sinəsinə zərbələr vurduğu, şəxsin isə müdafiə olunmağa belə cəhd etmədiyi görünür.
Hadisənin şahidi olan bir şəxs döyülən kişiyə yaxınlaşmaq istəyəndə hücum edənlərdən biri tapança çıxararaq ona tuşlayıb. Bu zaman zərərçəkənin qrup şəklində döyülməsi davam edib, nəticədə o, bud və boyun nahiyəsindən iki kəsilmiş xəsarət alıb. Həkimlər onu huşsuz vəziyyətdə xəstəxanaya aparıblar. Yaralının 27 yaşında olduğu məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışa başlayıb.
Polislər hadisə yerindən pnevmatik tapança, qatlanan bıçaq və gümüş qolbaq götürüb. Əşyaların sahibləri hələlik müəyyən edilməyib. Davada 6 nəfərin iştirak etdiyi məlum olub.
“Hadisənin bütün iştirakçılarının müəyyən edilməsi üçün lazımi tədbirlər görülür. Prosesin sonunda hüquqi prosessual qərar qəbul ediləcək”, - Krasnodar polisindən bildiriblər.
Musavat.com