Çinin “Deep Blue Aerospace” özəl kosmik şirkəti 2027-ci ilə planlaşdırılan kosmosa səyahət üçün ilk iki bileti satıb.
Bu barədə Honkonqda dərc edilən “South China Morning Post” nəşri yazıb.
“İlk sərnişinlər təxminən 12 dəqiqə davam edəcək səyahətə çıxacaqlar və bu səfər zamanı onlar kosmosda azı 5 dəqiqə çəkisizlik yaşayacaqlar”, - qəzet yazıb.
Şirkət cümə axşamı Çinin “Taobao” onlayn mağazasında canlı yayım zamanı hər biri 1,5 milyon yuan (210 min ABŞ dolları) dəyərində olan iki bileti satışa çıxarıb və onlar 4 dəqiqəyə alınıb. Şirkət gələn ay daha bir neçə bilet satmağı planlaşdırdığını bildirib.
2027-ci ildəki uçuş zamanı raket kosmik məkana çatacaq, lakin Yer orbitinə çıxmayacaq. “Deep Blue Aerospace” şirkəti kommersiya məqsədli kosmos turizmini rəsmi olaraq işə salmazdan əvvəl kosmos səyahətinin təhlükəsizliyini və etibarlılığını təmin etmək məqsədilə növbəti iki il ərzində onlarla sınaq uçuşu həyata keçirəcək.//Report