Kosmik şərait

Biz bəzən kosmik həyat yaşayırıq, lakin bunu bizə yaradanların qədrini bilmirik, naşükürlük edirik.  Məsələn, Ridli Skottun 2015-ci ildə çəkdiyi “Marslı” filmini yəqin hamınız görmüsünüz. Baş rolda Mett Deymon oynayır. Orada Yerdən Marsa gedən ekspedisiya qırmızı planetdə qum fırtınasına düşürdü. Bu yaxında Bakı və Abşeron yarımadasını həmin qum fırtınasının eynisi bürümüşdü. Di gəl camaat narazılıq edirdi. Halbuki Ridli müəllim o fırtınanı ekranda yaratmaq üçün Allah bilir neçə milyon dollar xərcləmişdi. Sizə müftə-müsəlləm fırtına təşkil edilir, siz isə asqırırsınız, göz yumursunuz.

Yenə həmin kinoda qəhrəman Marsda tək qalırdı, öz nəcisiylə kartof yetişdirməyə məcbur olurdu. Bizdə, maşallah, hələlik kartofu o cür becərməyə ehtiyac yoxdur, lakin qalan qida məsələsində yavaş-yavaş ona yaxınlaşırıq, məsələn, qoyun əti 21 manata qalxıb. Guya Marsda qoyun var idimi? Bəs qəhrəman necə yaşayırdı, ümid edirdi, gələcəyə işıqlı nəzərlə baxırdı? Qoyasan bizimkilər elə narazılıq eləsin...

Ən kosmik vəziyyətimiz isə son günlər yaranmaqdadır. Bunu bir az ətraflı təsvir etməliyəm.

Hazırda bəşəriyyət tarixində bir ilk, bir yenilik yaşanmaqdadır: eyni anda kosmosda 19 nəfər vardır. Bunlardan 12 nəfəri Beynəlxalq Kosmik Stansiyadadır, 4 nəfər “Draqon” gəmisindədir, milyarder Ayzekmanla uçan turistlərdir, 3 nəfər isə Çinin orbital stansiyasındakı taykonavtlardır (çinlilər sovetlərin və rusların kosmonavt, amerikalıların və Qərbin astronavt dediyi peşəyə taykonavt deyirlər; bizim dildə oğlan uçsa Aybala, qız uçurtsaq Göybəs olacaq).

Uzun sözün qısası, bu saat kosmosun Yer ətrafı hissəsində böyük basabasdır. Tıxac yaranıbdır. Hələ vəziyyəti dramatikləşirən detallardan biri də budur ki, Beynəlxalq Kosmik Stansiyaya uçan 2 amerikalı astronavt əslində çoxdan yerə qayıtmalıydı, lakin onları ora aparan “Boinq” şirkətinin gəmisində nəsə zibil çıxdı, məcburən gələn ilin fevralına qalıblar. Bir həftəliyə uçan adamlar yarım il göydə olacaq. Zülümdür.

İndi mən hörmətli oxuculardan soruşuram: bu vəziyyət sizə nəyi və haranı xatırladır? Azca ip ucları verirəm. Hamı ora yığışıb, on dəqiqəlik yolu 2 saata gedirsən, gedənlər qayıda, gələnlər dönə bilmir, turistlər, çinlilər, sonu bilinməyən remont və sairə... Ay sağ olasınız, bu eynilə bizim Bakı şəhəridir! Lap konkret yazsam, “20 yanvar” metro stansiyasının üstü. Hazırda orbitdə yeganə fərq manatlıq taksilərin olmamağıdır, ona da şübhəm var, çünki dünən Masazır tərəfə nəsə ulduza oxşayan işıq axırdı.

Kosmik münasibətlərimizə layiq olmamaq, qədirsizlik özünü tək xalq-hökumət münasibətlərində göstərmir, təəssüf ki, buna ictimai-siyasi, mədəni-ekoloji sferalarda da rastlaşırıq. Misal üçün, Novella xanım Müsavat Partiyasından, İlqar bəy isə REAL sədrliyindən istefa verir. Niyə, nə olub, dünyanın axırıdır? Qalıb işləməliyik. Bizi gələcəkdə nə qədər işlər gözləyir. Bəlkə hansısa ekzoplanetdə həyat tapılacaq?

Müğənni Kərimi fonoqramla oxuduğu üçün toyda döymək istəyənlər isə lap geridə qalıblar. Söhbəti Marsla başlamışıq, elə oradan misal çəkəcəyəm. Yazıçı Rey Bredberinin “Mars xronikaları” romanında bəzi marslılar insanlarla telepatiya yolu ilə - danışmadan ünsiyyət qururdular. Bəlkə Kərim müəllim də toyda telepatiya üsuluyla oxuyurmuş? Elə novator metoda görə pulunu artıq eləmək yerinə şıllaq atırlar.

 

13.09.2024 10:00
959