Körpə qığıltısı, coluq-cocuq vığıltısı – Avropada “çayldfri”, Asiyada – “futbol on biri”

 

Toylarda tost deməyin dəb olduğu vaxtlarda bir standart tost vardı, ağsaqqallar, bəy-gəlinə ərki ötən qohumlar tamadadan mikrofonu alıb deyirdilər: “Arzu edirəm ki, gələn il bu vaxt qucağınızdan körpə qığıltısı gəlsin”.

Mətləbə adlamazdan öncə deyim ki, nə yaxşı, toyda tost demək adəti 100-də 95 yığışdırılıb, ta insanlar (əmioğlular, dayıoğlular, bibioğlular, xalaoğlular, iş yoldaşları, tələbə dostları, əsgərlik qardaşlıqları, qonşular və b.) növbə ilə mikrofona yaxınlaşıb “Allah xöşbəxt eləsin” demirlər, tamada da onlara dirəşmir ki, manısların masasına “qulplarından çıxan bir şey” atsınlar və oynasınlar. Maşallah, musiqi çalınan kimi ortalığa 123 adam (121-i qadın) girir, dayanmadan yarım saat oynayırlar.

Bu, heç. Gələk “körpə qığıltısı” məsələsinə. Bir xeyli gənc var ki, tost deyənlər, xeyir-dua verənlər desələr də, deməsələr də, toylarının 1-ci ildönümündə körpələrinin 3 aylığını da qeyd edirlər. Üzrlü səbəbdən bunu etməyənlər də olur. Allah onlara şəfa versin. Amma yeni dünya trendinə uyaraq uşaq sahibi olmağı təxirə salanlar, hətta valideynlik statusundan bilmərrə imtina edənlər də var.

Beynəlxalq arenada bunun adına təşər-təşər “çayldfri” deyirlər. Hərfi tərcüməsi “uşaqdan azad” deməkdir. Elə mənası da o cürdür. Evlənən cütlük uşaq istəmir, uşaq qayğısı çəkmədən, səllimi yaşayır – bu ölkə sənin, o ölkə mənim, gəzir. Toylar, ziyafətlər, qulaq dincliyi və s. və i.a. da öz yerində.

Bir də var, 7-8 ay boyunca 2-3 həftədən bir ginekoloq müayinəsinə, UZİ-muziyə getsinlər, bahalı klinikada qeysər əməliyyatı yoluyla dünyaya uşaq gətirsinlər, işdən çıxıb evdə otursunlar, hər həftə körpəni pediatr müayinəsinə aparsınlar, üstündə əsim-əsim əssinlər ki, körpəyə soyuq, isti, külək, bürkü olmasın və s. Hələ bunun ekoloji təmiz geyim, orqanik qida məsələsi var. Dünya aləmin xərci gedir, əziyyəti, zəhməti isə dəftər-kitaba sığan iş deyil.

Ona görə də müasir gənclərin bir qismi “çayldfri” rejimində yaşamağı üstün tuturlar. Bu, təxminən “subaylıq sultanlıqdır” statusunun yarısıdır, hətta tam özüdür. Subay adam çox əziyyət çəkir, amma evdə yemək hzırlayan, paltar yuyan, eləcə də, Söylü demişkən, beynəlxalq vəziyyəti təhlil edən biri varsa, həyat var. Nəyi çatmır? Bir dənə körpə qığıltısı. O da çoxmu lazımdır?

Bu, bizə Avropadan gəlir, daha doğrusu, gəlməkdədir. Hələ belə həyatın rahatlığını, ləzzətini anlayanlar azdır, yaxın illərdə artacaq. O zaman görəcəyik ki, 3 il əvvəl oğlunu evləndirmiş qonşunun evindən nə körpə qığıltısı gəlir, nə uşaq zırıltısı.

Rusiyada isə artıq “çayldfri” erası başlayıb. Ona görə də srağagün Rusiyanın rəhbəri Putin “çayldfri” təbliğatı aparılmasını qadağan edən qanunu imzalayıb. Daha heç kim o ölkədə “öz həyatımızı yaşayaq, uşaq əl-ayağa dolaşır, adamın ömrünü yeyir” təbliğatı apara bilməz. Uşaqsız yaşamağı üstün tutanlar da gərək elə yaşasınlar ki, evlərindən körpə qığıltısı gəlmirsə, heç olmasa, başqa səslər də gəlməsin.

Ruslar buna məcburdurlar, il-ildən sayları azalır. Alkoqol asılılığı üzündən ölüm halları sabitdir, hətta artmağa meyllidir, bu tərəfdən də uşaq əkib-doğanlar azalır. İndiyə qədər demoqrafik prizmadan bu vacib işi miqrantlar görürdü, indi onları da qovurlar, onlar da gedib öz ölkələrinin demoqrafiyasına töhfə verirlər.

Hələ eynicinsli birgəliklər məsələsi də var. LGBT-nin fitrətində “çayldfri” təbii şəkildədir.

Bu trend Hindistanda, Banqladeşdə, İndoneziyada, Meksikada dəb olmalıykən, Avropada və avropalaşmaq istəyən ölkələrdə yoğunlamaqdadır. Odur, Hindistanda 900 milyon kasıb var, bir ucdan da əkib-doğub kasıbların sayını artırırlar. Bir ağsaqqalları da yoxdur, gənc cütlüklərə başa salsın ki, yeni evlənmisiz, heç olmasa, üçcə il “çaldfri” rejimində yaşayın. Kimə deyirsən? 3-4 ilə komalarından coluq-cocuq vığıltısı gəlməsə, ölkə birinciliyi əldən verər.

Ən qəribəsi odur ki, mədəni ölkələrdə bir uşağı 6 yaşına çatdırıb ibtidai sinifə yola salana qədər ətək-ətək pul xərclənirsə, çoxuşaqlı ölkələrdə bu işə heç bir ovuc da pul xərcləmirlər, hamısı da sap-sağlam olur.

Bizim ölkə elə bir durumdadır ki, Avropaya qoşulub “çayldfri-çayldfri” düşüncələr edə bilmərik. Heç Hindistandakı kimi “futbol on biri” də təşkil etməməliyik.

Eləcə, evlərdən körpə qığıltısı gəlsə, bəsdir. Yeri gəlmişkən, o qığıldayanlara aybaay pul da verilsə, lap yaxşı olar.

25.11.2024 10:05
1432