Trampın Yaxın Şərq siyasəti bundan əvvəlki prezidentliyi dönəmindən bəllidir. Trampın BMT-nin qərarına baxmayaraq, Qüdsü (fələstinlilər Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanıyırlar) İsrailin paytaxtı kimi tanımaq və ABŞ səfirliyini oraya köçürmək qərarını yada salmaq kifayətdir. Ona görə Ağ Evdə prezident kimi ilk İsrailin baş naziri Benyamin Netanyahunu qəbul etməsi gözlənilən idi. Amma onun Qəzza ilə bağlı səsləndirdiyi bəyanatlar, fələstinlilərin İordaniya və Misirə köçürmək planları hətta öz administrasiyasının üzvlərini belə heyrətə salıb. "İsrail döyüşlər başa çatdıqdan sonra Qəzza zolağını ABŞ-a təhvil verəcək. Fələstinlilər o vaxta qədər daha təhlükəsiz və daha gözəl yerlərə yerləşdiriləcək və bölgə yeni və müasir evlərə sahib olacaq” deyə, Tramp bildirib. ABŞ dövlət katibi Marko Rubio Trampın “ayıbını örtməyə” çalışıb, deyib ki, “ABŞ bu ərazinin yenidən qurulması üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu nümayiş etdirib”. Rubio Trampın qəzzalıların birdəfəlik köçürülmə deyil, “dağıntılar təmizlənə və yenidənqurma işləri aparılanadək” aralıq müddətə Qəzzanı tərk etməsini təklif etdiyini deyib.
2 milyona yaxın fələstinlini qonşu Misirə və İordaniyaya köçürmək təklifi əlbəttə ən əvvəl avantüradır, heç bir beynəlxalq sənədə, anlayışa da sığmır.
Cəmi 41 km uzunluğunda və 10 km enində, iki milyondan çox əhalisi olan Qəzzanın indi ancaq xarabalığı var. Zatən Qəzza xalqı ötən ilin oktyabrından Allah bilir neçənci dəfə evlərindən qaçqın düşüblər, indi orada yaşamağa bir salamat bina da qalmayıb. Onlara əlbəttə ki, ev tikilməlidir, amma bunun üçün ən azı 10 il lazımdır. Tramp da deyir ki, İsrail Qəzzanı ona təhvil versin, Amerika da orada cənnət yaratsın, sonra qəzzalılar qayıtsın. Trampın dedikləri bir az nisyə söhbətdir, bir az “çiy”dir, həm də yalandır. Nisyə ona görə deyirik ki, “gedin, sonra qayıdarsız” vədinin arxasında hansısa imza, sənəd, təminat yoxdur, olması da mümkün deyil. “Çiy”dir ona görə ki, iki-üç dövləti zorla, təhdid və vergi hədəsi ilə qorxudub köçürməni boynuna qoymaq mümkün iş kimi görünmür. Nəhayət, ona görə yalandır ki, qəzzalıları son 70 ildə çox yalan vədlərlə aldadıblar, bu da 71-ci olacaq.
Təzada baxın: Trampın öz ölkəsində miqrantları ona görə rədd etmək istəyir ki, onları cinayətə meylli şəxslər hesab edir. Halbuki hamısı elə deyil, onların içərisində sağlam düşüncəli, yararlı minlərlə insan da tapmaq olar. Tramp öz ölkəsinə rəva görmədiyini Misirə və İordaniyaya “məsləhət bilir”. İstəyir ki, bir az aqressiv, həm də qəzəbli əhalini qəbul edib, öz ərazilıərində məskunlaşdırsınlar. İordaniya və Misir ərəb arealına, Fələstin probleminə yad ölkələr deyillər, əksinə, illərlə bu cür qarşıdurmalardan qaçqanlara sığınacaq olublar. Amma Trampın indiki tələbi çox fərqlidir, bunun məsuliyyəti bir kənara, hansı dövlət elə bir yükün altına girər? O regiondakı ərəb toplumunu çalışsaq belə heç cürə anlaya bilmərik. Bu dava illərdir danışıqlarla, masa söhbətləri ilə alınmır, alınası iş də deyil, amma səngiyə, bir müddət dinc fazaya keçə bilər. Trampın indiki təklifi isə əslində cinayətdir, xalqın zorla deportasiyasıdır, sürgünüdür.
Trampın bu ideyasının maliyyə qaynaqlarına bağlı olduğu şübhələri əvvəldən də vardı, “The Wall Street Journal” isə əsli senasiyanı “partlatdı”. Nəşr yazıb ki, 2024-cü ilin yayında, İsrailin bombardmanının ən qızğın vaxtında Tramp hələ prezidentliyə namizəd olanda Netanyahu ilə Qəzzanın gələcəyini müzakirə ediblər.Nəşr yazır ki, onlar biznes layihələrini gerçəkləşdirmək üçün Fələstin ərazisinin yerli sakinlərdən təmizlənməsi barədə danışıblar. Tramp Qəzzadan ABŞ və İsrail tərəfindən “Orta Şərq Rivierası”na çevrilə biləcək “əsas daşınmaz əmlak” kimi danışıb. Görüşdə iştirak edən Trampın kürəkəni Kuşner də oxşar təkliflə çıxış edib. Tramp həmçinin İsrailin baş nazirindən Fələstin anklavında hotellər tikməyi düşünməyi xahiş edib.
Hazırda Qəzzanın əhəmiyyətli bir hissəsi İsrail hərbçilərinin nəzarəti altındadır, lakin Fələstin administrasiyası bu zolaqda fəaliyyətini davam etdirir. HƏMAS-ın qurduğu əvvəlki hökumətdən neçə nəfərin sağ olduğu və əraziyə nəzarət edə bildiyi hələlik məlum deyil.
2025-ci ilin yanvarında İsrail və HƏMAS aylarla davam edən dolayı danışıqlardan sonra müharibəni dayandırmaq üçün atəşkəs razılaşması əldə etdilər. Razılaşmanın məqsədi hərbi əməliyyatlara daimi son qoyulması və İsrail həbsxanalarındakı fələstinli məhbusların əvəzində Qəzzada HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsidir.
Razılaşmanın bütün mərhələlərinin həyata keçirilməsi nəticəsində İsrail qoşunları Qəzzanın əksər bölgələrindən çıxmalıdır.
Trampın bu ideyasına qarşı Avropada da ciddi etirazlar var. Tramp bu ideyadan vaz keçməsə, Yaxın Şərqdə yeni qarşıdurmalar qaçılmaz olacaq. Tramp doğurdanmı fikirləşir ki, minlərlə körpənin məzarı olmuş torpaqda hotel tikib pul qazanmaq, xoşbəxt olmaq olar?