Konsertləri tanınmış müğənnini milyarderə çevirdi

Dünya şöhrətli müğənni Taylor Sviftin sərvəti 1 milyard dolları keçib.

Musavat.com xəbər verir ki, "Bloomberg"in yaydığı məlumata görə, müğənni Amerika qitəsinə reallaşan “The Eras Tour” adlı turnesində əldə olunan uğur sayəsində kəskin varlanıb.

Agentliyin hesablamalarına əsasən, müğənninin bu il ABŞ-da 53 konserti bu ölkənin ÜDM-inə 4,3 milyard dollar artım gətirib. Sviftin özünün sərvəti isə 1,1 milyard dollar təşkil edib.

Sviftin turnesi 2023-cü ilin mart ayında ABŞ-da başlayıb və Latın Amerikasında davam edib. 12 qat "Grammy" mükafatı laureatı 2024-cü ilin fevralında Asiyaya, mayda isə Avropaya səfər edərək Böyük Britaniya, Almaniya, Fransa, Niderland və digər ölkələrdə çıxış edəcək. Müğənni “Lover”, “Folklor”, “Evermore” və “Midnights” adlı son albomlarından 40-dan çox mahnı ifa edir.

Sviftin dörd albomu eyni vaxtda “Billboard 200”ün ilk 10-luğuna daxil olaraq qadın müğənnilər arasında onu ilk yerə çıxarıb. 57 il əvvəl trubaçı Herb Alpert də analoji nailiyyət əldə etmişdi. 2016-cı ildə müğənni və gitaraçı Prinsin (1958-2016) beş albomu ilk 10-luğa daxil oldu, lakin bu, musiqiçinin ölümündən sonra baş verdi.

“Speak Now” albomunun yeni versiyası “Billboard 200” çartında liderlik etdikdən sonra Sviftin musiqi reytinqlərində lider olan 12 albomu var. Bu göstəriciyə görə müğənni Barbra Streyzandı (11 albom) ötüb və reper Dreykə çataraq, yalnız The Beatles (19 albom) və reper Cey-Ziyə (14 albom) uduzur.

Musavat.com

27.10.2023 20:21
1989