Milli Məclisin 30 sentyabr tarixli plenar iclasında Xarici Müdaxilə və Hibrid Təhdidlərə Qarşı Mübarizə Komissiyası yaradılıb.
Musavat.com-un məlumatına görə, deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin sədri Arzu Nağıyev müzakirələrdəki çıxışında komissiyanın yaradılmasının vacibliyini və vaxtında olmasını qeyd edib.
“Hazırda Ermənistanda revanşist əhval-ruhiyyə güclənir və bundan istifadə edən Qərbdəki bəzi qüvvələr bu məqsədə çatmaq üçün müxtəlif üsullardan, o cümlədən hibrid müharibə üsullarından istifadə edirlər. Hibrid təhdidlər məkrli niyyətlə planlaşdırılan və həyata keçirilən və ilk növbədə dövlətin və dövlətçiliyin məhvinə yönəlmiş açıq və gizli hərbi, hərbiləşdirilmiş və qeyri-hərbi vasitələrin geniş spektrini özündə birləşdirən üsullardır. Belə şəraitdə mülki əhalinin rolu ön plana çıxır, xalqla hakimiyyətin birliyi qarşıdurma üçün əsas amillərdən birinə çevrilir”.
A.Nağıyevin sözlərinə görə, vətəndaşlar arasında qarşılıqlı etimadın gücləndirilməsi bu gün hibrid müharibə və hibrid təhlükələrin neytrallaşdırılması səylərinin əsas məqsədi olmalıdır. “Bu məqsədə nail olmaq üçün parlamentarilər səviyyəsində təhlillərin aparılması, daha sonra icra orqanlarına tövsiyələrin hazırlanması vacibdir. Parlamentlərarası dostluq qruplarının üzvləri xarici həmkarları arasında da müəyyən işlər aparacaqlar. Bir sözlə, yaradılan komissiyanın fəaliyyəti böyük əhəmiyyət kəsb edir və onun gördüyü işlər kənardan təhlükənin artdığı bir şəraitdə dövlət təhlükəsizliyinin daha da möhkəmləndirilməsinə xidmət etmək məqsədi daşıyır”, - Nağıyev daha sonra əlavə edib.
Elşad PAŞASOY,
Musavat.com