Komitə sədri Hesablama Palatasının hesabatından danışdı

Milli Məclisdə Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı müzakirəyə çıxarılıb.

Musavat.com xəbər verir ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sənədlə bağlı çıxış edib.

O bildirib ki, Hesablama Palatası haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə və Milli Məclisin Daxili Nizamnaməsinin 21-ci maddəsinə əsasən, Ali Audit Orqanı olan və kənar dövlət maliyyə nəzarəti həyata keçirən Hesablama Palatası öz fəaliyyəti barədə Azərbaycan Respublikasının Milli Məclisinə illik hesabat təqdim edir:

“Bu fəaliyyətin istiqamətləri isə müvafiq Qanunun 6-cı maddəsi ilə müəyyən edilib. Palatanın 2023-cü ildəki fəaliyyəti ilə bağlı hazırladığı hesabat Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş təqdimat və müzakirə edilib. Komitə üzvləri hesabatla bağlı öz fikirlərini, təkliflərini və iradlarını bildirib. Hesab edirik ki, təqdim olunmuş hesabat struktur və məzmun baxımından əhatəli və informativdir, kənar dövlət maliyyə nəzarəti tədbirlərinin icra səviyyəsinin və səmərəliliyinin ölçülməsi üçün xeyli məlumatlarla təchiz olunub”.

Tahir Mirkişili qeyd edib ki, təqdim edilən Hesabat 2023-cü ildə Hesablama Palatasının iş planı ilə nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri, büdcə qanunvericiliyinin tələb etdiyi fəaliyyət, həmçinin palatanın hesabat ilində cari fəaliyyəti ilə bağlı digər məlumatları özündə əks etdirir:

“Hesabata audit, analitik və monitorinq fəaliyyəti ilə bağlı məlumatlar daxil edilib. Builki hesabatda da nəticə əsaslı büdcə modelindən istifadə edilib. Yəni planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla göstərilib. Palatanın Strateji planının 2023-cü il üçün əməliyyat planının 91.7% icra olunmasını təqdirəlayiq hal hesab edirik. Qeyd edim ki, 2022-ci ildə bu göstərici 81.3% idi. Hesabatda audit təsirinin ölçülməsi üzrə tətbiq edilən yanaşmanın genişləndirilməsini, fəaliyyətin kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət göstəriciləri, o cümlədən nəzərə alınmış təklif və tövsiyələr barədə məlumatların verilməsini də təqdirəlayiq hal hesab edirik. Hesabatda Palata tərəfindən ilk dəfə olaraq həyata keçirilən hökumət əsaslı Dayanıqlı İnkişaf Məqsədlərinin qiymətləndirilməsi, konsolidə edilmiş maliyyə hesabatlarının auditinin aparılması, investisiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi haqqında geniş məlumatlar verilib. Biz bu istiqamətlərdə Palatanın fəaliyyətini məqbul hesab edirik”.

Komitə sədri xatırladıb ki, 2023-cü il Prezident tərəfindən “Heydər Əliyev ili” elan edilib:

“Azərbaycan dövlətinin memarı olan Ulu Öndər Heydər Əliyev iqtisadiyyatı gücləndirməklə hər bir milli hədəfə nail olmağın yolunu müəyyən edib. Eyni zamanda bu tarixi bir ildə Azərbaycan ərazilərinin separatçı qüvvələrdən tam təmizlənməsi möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz üçün yeni bir dövrün başlanmasına rəvac verib. Qələbəmizin 3-cü ildönümünü qeyd etdiyimiz bu ildə işğaldan azad edilmiş ərazilərdə dünyada misli görünməmiş geniş bərpa-quruculuq işləri həyata keçirilib, əldə etdiyimiz zəfər daha da möhkəmlənib. 2023-cü ildə ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb, insanları narahat edən inflyasiya isə cilovlanıb. Bu ildə ÜDM 1.1%, qeyri-neft-qaz sektorunda ÜDM isə 3.7% artıb. ÜDM mütləq ifadədə hesabat ilində 123 mlrd. manata çatıb. Dövlət büdcəsinin gəlirlərinin 35 mlrd 574.8 mln manat, xərclərinin isə 36 milyard 458.5 milyon manat icra edilməsi palatanın potensial fəaliyyət dairəsinin 2023-cü ildə daha da artdığını deməyə imkan verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət xərclərinə nəzarətin artırılmasını, maliyyə intizamının, resurslardan istifadənin səmərəliliyinin səviyyəsinin yüksəldilməsini bütün dövlət orqanlarının diqqət mərkəzində olmalı olduğunu əsas vəzifələrdən biri kimi müəyyən edib. Qarşıya qoyulan bu tapşırığa əməl edilməsində mühüm missiya yerinə yetirən, kənar dövlət maliyyə nəzarətini həyata keçirən, Milli Məclisin bu proseslərə effektiv nəzarətinin artmasında mühüm analitik məlumat mənbəyi rolunu oynayan Hesablama Palatasının fəaliyyəti, bu fəaliyyətin güclənməsi və səmərəliliyin artması bizim əsas hədəflərimizdən biridir”.

E.Paşasoy,
Musavat.com

19.04.2024 12:57
716