Komandasındakı 17 nəfəri ölümdən xilas edib

Ötən gün terror aktının baş verdiyi “Crocus City Hall”da “Piknik” qrupunun konsertini lentə almalı olan operator İvan Pomorin 17 nəfərin həyatını xilas edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.

O, qıfıllı qapını vaxtında açmağa müvəffəq olub və bütün komandasını sağ-salamat hadisə yerindən çıxarıb.

42 yaşlı operator bildirib ki, konsertlə bağlı genişmiqyaslı çəkiliş nəzərdə tutulduğundan salona 17 nəfərlik heyətlə gedib. Hadisədən əvvəl onların hər biri öz yerlərini tutublar. Operatorların xilas edilməsinə aralarında olan rabitə cihazı kömək edib.

Rejissor pultu arxasında olan Pomorin ilk silah səsini eşidən kimi operatorlara texnikanı qoyaraq onunla birgə kulisə çıxmağı əmr edib. Onların komandasında ən uzaq nöqtədə - eyvanda iki qız da olub. Qızlar digərlərindən fərqli olaraq həm atışmanı, həm də terrorçuların səhnəyə “molotov” kokteyllərini necə atdıqlarını gözləri ilə görüblər. Səhnəyə kokteyllər tullamaqla onlar qaçanlara mane olmaq niyyətində olublar. Xoşbəxtlikdən həmkarları radioəlaqə vasitəsilə qızları da çölə çıxarmağa nail olublar.

Hadisə şahidləri terrorçuların zalın texniki quruluşuna çox yaxşı bələd olduqlarını, bütün giriş-çıxışı bildiklərini, əşyaları məqsədyönlü şəkildə yandırdıqlarını deyiblər.

Qeyd edək ki, İvan Pomorin Rusiyada məşhur olan “Təcili yardım” serialının operatoru olub.

24.03.2024 04:30
1783