Kolxozun uzaq qohumu – sanatoriyaya oxşayan kibbutslar

İlk dəfə kibbuts kəlməsini biz sovet dövrünün axırlarında eşitdik. Söz yox, ondan əvvəl də bu termin vardı, amma uzaq İsraildə hansı kənd təsərrüfatı birliyinin olmamasının bizə dəxli yox idi. O zamanlar bizdə sovxoz-kolxoz birlikləri vardı, kibbutslar maraqlı deyildi.

Ancaq sovet dövrünün axırlarında kolxoz-sovxoz quruluşları yıpranmışdı. Həddindən çox “müftə maaş alan”lar (7 aqronom, 7 iqtisadçı, 7 mühasib, 7-8 də başqa bu kimi vəzifə adamları) vardı, təsərrüfatdan oğurluqlar normaya çevrilmişdi, məhsuldarlıq aşağıydı, müəssisələrin xeylisi ziyanla işləyirdi.

Belə bir durumda SSRİ-nin məşhur jurnallarından birində kibbutslar haqqında yazı çıxdı. Kibbutsların bizim kolxozların uzaq qohumu adlandırıldığı məqalədə göstərilirdi ki, İsraildə 40-50 ailəlik aqrar birliklər var və çox effektiv şəkildə fəaliyyət göstərirlər.

kibban.jpg (14 KB)

Yazıda kibbutsda rəhbər işçilərin olmadığı, hamının bərabər işlədiyi, qazancı da bərabər böldüyü qeyd olunurdu. Maraqlıydı. Bundan daha maraqlısı hər bir kibbutsun özünün az qala sanatoriyaya oxşadığı, öz büdcəsi hesabına tələbələr oxutduğu, hər kəsə yaxşı güzəran, ev-eşik təşkil etdiyi qeyd olunurdu.

Yazının ümumi ideyası beləydi ki, biz də böyük təsərrüfat birliklərindən imtina edib, kiçik kibbutslara keçid etsək, daha yaxşı olar. Amma SSRİ-nin dağılması ilə bizdə başqa proses getdi. Kollektiv təsərrüfatların dağıdılması prosesi başladı, kolxozlar, sovxozlar darmadağın oldu, onların texnikaları, torpaqları pay-bölüş edildi, satıldı, sovuldu. Yəhudilər kimi effektiv kibbutslar təşkil etmək əvəzinə kənd zəhmətkeşləri quru yurdda qaldılar. Daha sonra bərəkətli, sututar torpaqlar keçmişdə yüksək dövlət vəzifələri tutan və bu sayədə milyonlarla qanunsuz varidat yığan, eləcə də hazırda o işlə məşğul olanların əlinə keçdi.

Təcrübə isə göstərirdi ki, bu gedişlə axırda ağa-qul münasibətləri formalaşacaq, 200 il əvvəlin Amerikasında olduğu kimi iri plantatorlar əmələ gələcək və onlar mövsümi işlərdə işlətmək üçün müasir “qul”ların əməyinə müraciət edəcək, az maaşla ağır işlər gördürəcəklər. Elə də oldu.

Yəqin ki, nə vaxtsa biz də yəhudilərin təcrübəsindən yararlanmaq, kibbutslar təşkil etmək istəyəcəyik. Ancaq bacaracağıqmı, əmələ gətirə biləcəyikmi?

D31-035-1.jpg (627 KB)

İvritcədə kibbutsun anlamı "qrup" mənası verir. Bu, mülkiyyət birliyi əmək və istehlakda bərabərlik ilə xarakterizə olunan kənd təsərrüfatı kommunasıdır.

Kibbutsların yaranma tarixi 1904-1914-cü illərdən başlayır. Osmanlı imperiyasının hökmranlığı dövründə Fələstində yəhudilərin geriyə qayıtmasını, repatriasiyanı əhatə edən proses başladığı vaxtlarda ilk kibbutslar yaranıb. O zamanlar bu, yəhudi xalqının dirçəlişinin təminatı hesab olunub.

Onu da qeyd edək ki, Fələstində yəhudi məskənlərinin, eləcə də kibbutsların salınmasına Bakı neftinin də özünəməxsus töhfəsi olub. Belə ki, məşhur Rotşildlər sülaləsinin Bakıda qazandığı pulların bir hissəsi Fələstində torpaq alınmasına və o torpaqlarda yəhudilər üçün ilk yaşayış massivlərinin salınmasına sərf olunmuşdu.

c158fece71707ee5a52730fa69d.jpg (21 KB)

Baron E. J. Rotşild özü də kibbuts tərəfdarı olub. Əmlak və istehsal vasitələri üzərində kollektiv mülkiyyət hüququna, işdə, istehlakda və sosial xidmətlərdə bərabərlik prinsipinə əsaslanan, muzdlu əməyin rədd edilməsinə əsaslanan kibbuts həm iqtisadi, həm də siyasi maneələrə, yəhudi köçkünlərin ideoloji tələblərinə tam cavab verib.

Fələstində ilk kollektiv kənd təsərrüfatı qəsəbəsi – kibbuts 1909-cu ildə yaradılıb. Birinci dünya müharibəsinin sonunda artıq ölkədə ümumilikdə 250-300 nəfərdən ibarət 8 kənd təsərrüfatı kommunası var idi.

Sonradan yəhudilər müasir İsrailin ərazisinə axışdıqca kibbuts hərəkatı da sürətlə inkişaf edib. Rusiyadan və Polşadan gəlmiş çoxsaylı məskunlaşma fəalları yeni- yeni kibbutslar yaradıblar. İngilislərin İsrail torpağında hökmranlıq etdiyi illərdə kənd təsərrüfatı kommunalarının və kollektiv şəkildə satın alınan mənzillərin sayı 176-ya yüksəlib və mandat müddətinin sonunda onların əhalisi 47,4 min nəfər (təxminən 23 min üzv) olub.

kibbutz-kids.jpg (265 KB)

1948-ci ildə İsrail dövləti qurulduqdan sonra yeni kibbutsların yaradılması bir qədər yavaşlayıb. İcmaların əsas insan resursu - Avropadan olan qəsəbə fəalları 2-ci dünya müharibəsi zamanı məhv edildiyinə görə yeni kommunalar yaratmaq mümkün olmayıb. 1948-ci ildən sonra İsrailə axın edən mühacir dalğası əsasən Holokostdan sağ çıxan, kommunalarda yaşamağa meylli olmayan və əkinçiliklə məşğul olaraq, onları kibbutslardan üstün tutan insanlar olub. Bunlar Asiya və Afrika yəhudiləri idi.

Ancaq 20-ci əsr boyunca yəhudilərin müxtəlif ölkələrdən gələrək İsraildə təmərküzləşməsi kibbutsların sayının artmasına rəvac verib. 1983-cü il siyahıyaalınmasına görə, İsraildə 267 kibbuts var idi, orada təxminən 116 min nəfər - 69 min əmək qabiliyyətli üzv və 47 min uşaq və qoca yaşayırdı.

Cəmiyyətdə baş verən dəyişikliklərdən və kibbutzların mövcudluğuna, onların həyat tərzinə və İsrail iqtisadiyyatında iştirak formalarına təsir edən müxtəlif qanunlardakı dəyişikliklərdən sonra 2005-ci ildən etibarən bütün kibbutslara aşağıdakı üç statusdan biri verilib:

1. kommunal kibbuts (ənənəvi forma);

2. yenilənmiş kibbuts (yalnız qismən sosiallaşma);

3. şəhər kibbutsu.

Bu gün İsrail inkişaf etmiş sənaye ölkəsi olmaqla yanaşı, regionda ən məhsuldar aqrar ölkədir. Bu dövlət bütün dünyaya hər cür kənd təsərrüfatı məhsulları ixrac edir. Bir hektardan ən yüksək məhsul almaq rekordu israilli k\t zəhmətkeşlərinə aiddir. Özü də onlar bunu suvarma suyunun və bərəkətli torpaqların qıt olduğu, il on iki ay qızmar günəşin hökmranlıq etdiyi bir iqlim şəraitində əldə edirlər. Kibbutslarda çalışanlar bir damcı suyun belə havayı axmasına təhəmmül etmir, ən son texnologiyalardan yararlanırlar.

aqrar.jpg (120 KB)

Bununla belə, kibbutsların nailiyyətinin əsas səbəbi burada çalışan insanların yüksək icma şüuruna, ağıl-kamala, kollektiv dürüstlüyə malik olmasındadır. Kibbutslarda nə tənbəl adamı barındırarlar, nə də əliəyri insanları. Ona görə də onlar firavan güzərana malikdirlər.

Bir sözlə, İsraillə münasibətlərin isti olduğu bir vaxtda onlardan kənd təsərrüfatını idarə etməyin sirlərini öyrənmək gərəkdir.

Bizdə İsmayıllı rayonunun İvanovka kəndində hələ də mövcud olan Nikitin adına kolxoz məhz kibbutslar kimi fəaliyyət göstərir və məlum olduği kimi, ciddi nailiyyətləri, çoxşaxəli istehsal müəssisələri ilə məşhurdur.

Musavat.com

06.06.2023 15:51
2046