Kolbayevin öldürülməsindən sonra 3 avtoritet “oğrubaşı” statusundan imtina edib

Oktyabrın 5-də Qırğızıstanda məşhur “oğrubaşı” Kamçı Kolbayevin xüsusi təyinatlılar tərəfindən məhv edilməsindən sonra üç kriminal avtoritet dərhal “oğrubaşı” statusundan imtina ediblər.

Musavat.com 24.kg-a istinadən xəbər verir ki, ilk olaraq cinayətkar “Sakal” ləqəbli Ulan Toktosunov “oğrubaşı” satusundan imtina etdiyini açıqlayıb. Onun videomüraciəti sosial şəbəkələrdə yayılıb.

O, videomüraciətində deyib ki, Allah rizası üçün statusumdan imtina edir.

Oktyabrın 6-da “Cenqo” ləqəbi ilə tanınan digər kriminal lider Kadırbek Dosonov “oğrubaşı” statusundan imtina etdiyini açıqlayıb. Onun da videomüraciəti sosial şəbəkələrdə yayımlanıb.

53 yaşlı kriminal avtoritet deyib: “Mən Qırğızıstanda yaşayıram və qanunlara tabe oluram. Qanunsuz hərəkətlərə görə qanun qarşısında cavab vermişəm. İndi mənim kriminal statusum yoxdur. Qırğızıstanda sülh və əmin-amanlıq olsun”.

Kamçı Kolbayevin cinayətkar qrupunun daha bir üzvü oktyabrın 7-də oğru statusundan imtina edib. Bildirilir ki, bu, “Uzun” ləqəbli kriminal avtoritet Ulan Barçakeyevin mühafizəçisidir. Onun videomüraciəti sosial şəbəkələrdə yayımlanıb.

O, hər kəsi qanuna tabe olmağa çağırıb və kriminal aləmdə heç bir səlahiyyətinin və statusunun olmadığını bildirib.

"Mən hakimiyyəti dəstəkləyirəm və qanunu pozmaq niyyətində deyiləm", - “Uzun” sözüzü uzatmadan deyib.

Xatırladaq ki, oktyabrın 4-də Bişkekdə qanuni oğru Kamçı Kolbayevin xüsusi əməliyyat zamanı məhv edilməsindən sonra Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin rəhbəri Kamçıbek Taşiyev bundan sonra ölkədə heç bir mütəşəkkil cinayətkar qrupun və kriminal liderlərin olmayacağını bildirib.

Musavat.com

08.10.2023 16:02
1384