“Ermənistanda hakim partiya “klassik prosesə” - daxili parçalanma mərhələsinə qədəm qoyub”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli ekspert Tiqran Köçəryan danışıb.
“Ümumilikdə, bu mübarizədə (Paşinyanın partiyasında gedən - red.) bir tərəfdən köhnə formasiyadan olan “ter-petrosyançılar”, digər tərəfdən, obrazlı desək, “yeni bolşeviklər” yer alıb. Aydındır ki, bu iki istiqamətin ortaq nöqtəsi yoxdur. Özünüz fikir verin: məsələn, Andranik Köçəryanın Soros üzvlərindən biri ilə, yaxud Xaçatur Sukiasyanın Mxitar Ayrapetyanla ortaq cəhəti nə ola bilər? Onlar müxtəlif nəsillərin nümayəndələri, müxtəlif ideologiyaların daşıyıcılarıdır. Belə bir vəziyyətdə hər kəsin yorğanı öz üzərinə çəkməyə çalışacağı göz qabağındadır”, - deyə o qeyd edib.
Tiqran Köçəryanın sözlərinə görə, parlamentin Müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Andranik Köçəryan əsl istədiyi yerdə - intriqaların mərkəzindədir.
Erməni ekspertin fikrincə, onun ilk qurbanı keçmiş müdafiə naziri David Tonoyan olub. Köçəryan hesab edir ki, keçmiş ədliyyə naziri Qriqor Minasyanın istefaya göndərilməsi məsələsində Andranik Köçəryanın əli var. Tiqran Köçəryana görə, bu vəziyyət Andranik Köçəryanla partiyanın üzvlərini birləşdirib.
“Məsələn, Tonoyanla yaxın münasibətdə olan Vilen Qabrielyan çətin ki, Köçəryanın hərəkətlərini bağışlasın. Fakt odur ki, Köçəryanın “Vətəndaş sazişi” ilə qopma prosesi getdikcə daha da dərinləşəcək və bu ixtilafı uzun müddət idarə etmək mümkün olmayacaq, gec-tez partlayış olacaq. Andranik Köçəryanın reytinqinin kiçik olduğunu nəzərə alaraq müəyyən mərhələdə Paşinyan vəziyyəti müvəqqəti yumşaltmaq üçün onu qurban verə bilər. Amma Köçəryan bu partiyadaxili intriqalardan qalib çıxa bilsə, onun növbəti qurbanı Nikol Paşinyanın özü olacaq”, - deyə Tiqran Köçəryan bildirib.
Musavat.com