Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri, hakim “Vətəndaş sazişi” partiyasının üzvü Andranik Köçəryan Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasına yönəlik sülh sazişi ilə bağlı maraqlı açıqlamalar verib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bununla belə, o, jurnalistlərin Ermənistan silahlı qüvvələrinin məhdudlaşdırılmasıyla bağlı tələbinin sazişdə yer alıb-almayacağı ilə bağlı suallarını cavabsız qoyub.
Jurnalistlər həmçinin Köçəryana Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanla sülh müqaviləsinin 80%-nin artıq razılaşdırıldığı barədə bəyanatına münasibət bildirməyi xahiş ediblər. Media nümayəndələri razılaşdırılmamış “20 faizin” nədən ibarət olduğunu soruşublar. Erməni deputat bu sualı da cavabsız qoyub. O qeyd edib ki, bu bəyanat yalnız tərəflərin sülhə imza atmağa yaxın olduğunu göstərir.
“Bu o deməkdir ki, biz sülh müqaviləsi imzalamağa yaxınıq və bu yolla getməliyik. Mən ancaq bunu qeyd edə bilərəm. Müqaviləni nə qədər tez imzalasaq, bir o qədər yaxşıdır. Təbii ki, bu sazişin heç bir problemi həll etməyəcəyini söyləyənlər olacaq, amma mən cavab verəcəm ki, bu saziş sülhə nail olmaq perspektivini təmin edir”, - deyə Köçəryan vurğulayıb.
Musavat.com