AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, Ermənistanın Konstitusiya Məhkəməsi keçmiş prezident Robert Koçaryana qarşı irəli sürülmüş çevriliş ittihamlarını konstitusiyaya zidd elan etdikdən üç il sonra, prokurorların vəsatəti ilə onun yenidən mühakiməyə cəlb olunmasına “yaşıl işıq” yandırıb.
Koçaryan, onun keçmiş administrasiya başçısı Armen Gevorkyan və təqaüddə olan iki ordu generalı 2008-ci il seçkisinin ardınca Yerevanda törədilmiş zorakılığa görə mühakimə edilirdilər.
Lakin Konstitusiya Məhkəməsi müttəhimlərə qarşı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə irəli sürülmüş ittihamların konstitusiyaya zidd olduğunu elan etdikdən sonra, 2021-ci il aprelində rayon məhkəməsi onlara qarşı “konstitusiya quruluşunu devirmək” ittihamlarına xitam vermişdi.
Prokurorlar ittihamlara xitam verilməsinə qarşı vəsatət qaldıraraq bildirmişdilər ki, sözü gedən şəxslər 2008-ci ilin martında baş vermiş hadisələrə görə səlahiyyətlərinin aşılması maddəsi ilə mühakimə olunmalıdırlar.
Apellyasiya Məhkəməsi xitam qərarını qüvvədə saxlayandan sonra prokurorlar daha yüksək instansiya olan Kassasiya Məhkəməsinə müraciət etmişdilər. Kassasiya Məhkəməsi bu ilin martında yenidən Konstitusiya Məhkəməsinə müraciət etmişdi.
Konstitusiya məhkəməsinin iyulun 25-də açıqladığı qərarında deyilir ki, Ermənistanın Prosessual Məcəlləsi prokurorlara 2008-ci ilin martında antihökumət etirazçılarına qarşı zorakılıqla bağlı fərqli ittiham irəli sürmək hüququ verir. 2008-ci ilin 1 martında Yerevanda baş vermiş toqquşmalarda 8 etirazçı həlak olmuşdu.
Koçaryanın vəkillərindən Hayk Alumyan iyulun 25-də bu qərarı pisləyərək bildirib ki, yüksək məhkəmə instansiya səlahiyyətlərini aşıb.
O AzadlıqRadiosunun Erməni xidməti – Azatutyuna deyib ki, “Konstitusiya Məhkəməsi konstitusiyaya əsaslanmaq əvəzinə, ayrıca götürülmüş qanuna əsaslanaraq qərar çıxarıb.
Vəkilin sözlərinə görə bu, Ermənistan hakimiyyətinə Koçaryanın təkrar “siyasi mühakiməsi” üçün imkan vermək məqsədilə edilib.
Koçaryan 2019-cu ildən keçirilən məhkəmə dinləməsindən əvvəl, habelə rüşvətdə ittiham olunurdu. Keçmiş prezident bu ittihamı qəbul etmirdi.
Koçaryan və Gevorqyan hakim Anna Danibekyan çevriliş ittihamına xitam verdikdən sonra da rüşvət ittihamı ilə mühakimə olunurdular.
Bu məhkəmə 2023-cü ilin dekabrında heç bir hökm çıxarılmadan bitmişdi. Buna səbəb Koçaryanın bu ittihamın etibarlılıq vaxtının 2023-cü ilin mayında bitməsinə dair vəsatət qaldırması idi.
Azatutyun yazır ki, indi eyni səbəbdən Koçaryan 2008-ci il hadisəsi ilə bağlı təkrar mühakimə olunsa belə həbsxanaya salınmayacaq.
Konstitusiya Məhkəməsinin qərarından bir həftə əvvəl Koçaryanın işinə xitam verən hakim Anna Danibekyan səlahiyyətlərindən məhrum edilib.
Koçaryan ilk dəfə 2018-ci ilin iyulunda, Paşinyanı hakimiyyətə gətirən “məxməri inqilabdan” az sonra həbs olunmuşdu.
O 2020-ci ilin iyununda zaminə buraxılmışdı.
69 yaşlı, əslən qarabağlı Koçaryan hazırda Ermənistanın əsas müxalifət fraksiyası olan Hayastan hərəkatına başçılıq edir.
Azatutyun xatırladır ki, Paşinyan qanlı zorakılıqla bitmiş 2008-ci il etirazlarında aparıcı müxalifət fiquru idi.
O hakimiyyəti devirmək ittihamı ilə mühakimə olunaraq ömrünün iki ilini həbsxanada keçirib.