“32 Beauty dent billur” klinikasının baş həkimi Sənan Məmmədov külli miqdarda dələduzluqla üzləşib. Klinikasında əlavə tikinti işləri görmək istəyən baş həkim 95 min manat verdiyi şəxs tərəfindən aldadılıb.
Musavat.com xəbər verir ki, Sənan Məmmədova qarşı dələduzluq etməkdə təqsirləndirilən şəxs tanışı 37 yaşlı Zaur olub.
Sənan Məmmədov
Baş həkim klinikasında əlavə tikinti işi aparmaq, lift quraşdırmaq üçün Zaura 95 min manat pul verib. Zaur özünü dövlət orqanlarında işləyən şəxs kimi təqdim edib. Zaur aldığı pulla əlavə tikinti işi ilə bağlı məsələni Bakı Şəhər İcra Hakimiyyətində həll edəcəyini vəd edib.
Aldığı pulun qarşılığında heç bir iş görməyən Zaur pulun cəmi 17500 manatını geri qaytarıb. Zaur uzun müddət sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, son zamanlar borcları olduğu üçün Sənan həkimdən aldığı pulu borclarına ödədiyini deyib. O, anasının xərçəng xəstəsi olduğu üçün borclarının yarandığını bildirib.
Sənan həkim pulu tam olaraq ödənildiyi halda şikayətçi olmayacağını deyib. Bu istiqamətdə bir neçə dəfə danışıqlar aparılsa da müsbət nəticə olmayıb. Həkim zərərin qalan hissəsinin ödənilməsini istəyib.
Zaur törətdiyi əmələ görə külli miqdarda dələduzluqda ittiham olunaraq 6 il müddətinə azadlıqdan məhrum edilib.
İ.Muradov,
Musavat.com