Kiyevlə “qan iyi” gələn sövdələşmə - İrəvan silah göndərir...

Ermənistanın Ukraynaya HHM sistemləri və artilleriya qurğuları verdiyi iddiaları səslənir; özü oradan-buradan silah dilənən ölkəni bu addımı atmağa nə vadar edir?

“Ukraynanın gözlənilmədən daha bir müttəfiqi peyda olub. İrəvanın Ukraynaya sovet tipli silahlar verməyə başlaması haqda bir neçə mənbədən xəbər gəlib. Bildirilir ki, İrəvan tanklar üçün döyüş sursatı ilə yanaşı, Kiyevə mövcud hava hücumundan müdafiə sistemlərini və 152 mm-lik artilleriya qurğularını təhvil verir”.

“Yeni Müsavat” qeyd edir ki, bu barədə “Svobodnaya pressa” yazıb. Məlumatda iddia olunur ki, silah ötürülməsi Gürcüstan limanları vasitəsilə həyata keçirilə bilər: “Bu il aprelin 5-də Ermənistanın baş naziri Nikol Paşinyanın Aİ-yə əlamətdar səfəri baş tutub. Brüsseldə Paşinyan Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen və ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar aparıb. Onlar əməkdaşlığı davam və inkişaf etdirmək barədə razılığa gəliblər. Brüssel və Vaşinqton Ermənistana müvafiq olaraq 270 milyon avro və 65 milyon dollar verəcəklərini vəd ediblər. Bununla belə, Azərbaycanla davamlı sülh olmadığı halda, Ermənistan üçün əsas mövzu olan əməkdaşlıq sahələri arasında təhlükəsizlik məsələsi qeyd olunmayıb”, - deyə məqalədə vurğulanır.

Yazıda deyilir ki, düzdür, bunun müqabilində İrəvana NATO tipli artilleriya təchizatı vəd edilib: “Xüsusilə Fransanın "SEZAR" haubitsalarının Ermənistana təhvil verilməsi və bir çox başqa məsələləri müzakirə ediblər. Unutmamalıyıq ki, avqustun 24-də Ukraynanın Müstəqillik Günü Kiyevdə qeyd olunanda Nikol Paşinyan Zelenskiyə isti təbrik teleqramı göndərib və orada “İrəvan və Kiyev arasında münasibətlərin uzun və səmərəli inkişafına” ümid etdiyini bildirib". Məqalədə deyilir ki, Ermənistanın Ukraynanı silah-sursatla təchiz etməyə başlaması ilə bağlı son xəbərlər beynəlxalq aləmdə səs-küyə səbəb olub və İrəvanla Moskva arasında münasibətləri daha da gərginləşdirib. Rusiya İqtisadiyyat Universitetinin siyasi təhlil və sosial-psixoloji proseslər kafedrasının dosenti, hərbi politoloq Aleksandr Plexanov da belə deyib. “Ukrayna ordusunda çatışmazlıq yaşandığına görə İrəvan Amerika Birləşmiş Ştatlarından Kiyevə silah və sursat tədarük etməyə başlamaq əmri alıb. Düşünürəm ki, Vaşinqton və Brüssel daha bir dövləti Rusiyadan qoparıb Moskvaya qarşı düşmənçilik etməyə müvəffəq olduqlarına görə çox xoşbəxtdirlər”, - o deyib.

Yevgeni Mixaylov: “Dünya birliyi reallıqların dəyişdiyini tam olaraq dərk  etmir” - 12.07.2021, Sputnik Azərbaycan

Yevgeni Mixaylov

Rus politoloq, millətlərarası münaqişələr və təhlükəsizlik məsələləri üzrə ekspert Yevgeni Mixaylov sözügedən mövzu ilə bağlı Cebheinfo.az-a Ermənistanın Ukraynaya yeni silah tədarük mənbəyinə çevriləcəyini düşünmədiyini bildirib. O qeyd edib ki,  Ermənistanın bunun üçün kifayət qədər silahı yoxdur: “Xüsusən Azərbaycan buna nail olmaq üçün çox çalışıb. Ermənistanın vəzifəsi indi Qərb tərəfdaşları vasitəsilə öz ordusunu Fransa və Hindistan silahları ilə silahlandırmaqdır. Bu fonda o, bəzi silah qalıqlarını Ukraynaya köçürəcək. Ancaq bu, vəziyyəti  dəyişməyəcək, çünki silahların hamısı köhnəlib. Bu silahlar Ukraynaya yalnız ona görə lazımdır ki, hərbçilər bu silahlarla döyüşməyə öyrəşiblər. Amma Ermənistanla məsələ birmənalı deyil. Düşünürəm ki, ilk silahlar faktiki olaraq Ukraynaya gələn kimi rus əsgərlərini öldürmək üçün istifadə olunacaq və  bunlar Rusiya rəhbərliyinin Ermənistandan gələn təhdidlərin qarşısını almaq üçün kəskin tədbirlər görməkdə sonuncu qırmızı xətt olacaq”. Bununla belə, Ermənistan Avropa Şurasının “Ukraynaya qarşı təcavüzlə bağlı Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) təhqiqatı”na dəstək haqqında bəyannaməsini imzalamayıb. Bu barədə Ermənistan XİN sözçüsü Ani Badalyan məlumat yayıb. Badalyan bildirib ki, Ermənistan əvvəldən də bəyannaməyə qoşulmayıb.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

Qabil Hüseynli

“Yeni Müsavat”a danışan professor Qabil Hüseynli hesab edir ki, əgər belə sübut olarsa, Ermənistan üçün Rusiyadan sanksiyalar gələ bilər: “Nəzərə alaq ki, Rusiya ilə yeganə quru yolu Yuxarı Larsdır. İkincisi, yenicə Avrasiya İqtisadi Birliyi bu ölkəyə 100 milyon bəxşiş verib. Üçüncüsü, Ermənistan Avropa Şurasının son qərarına qoşulmadı və çəkindi. Gələn ay isə Paşinyan Kazana gedir və BRİKS toplantısında iştirak edəcək. Belə bir iqtisadi platformalarda görünən, Rusiya ilə ticarət dövriyyəsi artan Ermənistanın Kremli qəzəbləndirib Kiyevi silahlandırması qəribə gəlir. Paşinyan belə bir riskə gedərsə, ciddi təzyiqlərlə üzləşə bilər. Hərçənd hələ o silahların da nə dərəcədə yararlı olduğunu düşünmək lazımdır”.

Azad MƏSİYEV

Azad Məsiyev

Siyasi ekspert Azad Məsiyevin sözlərinə görə, Ermənistan hakimiyyəti xalqın yox, onları iqtidara gətirən Qərbin maraqlarına xidmət edir: “Ona görə ABŞ-dan gələn təlimatları yerinə yetirirlər. Bu gün ABŞ, Fransa Ermənistana hərbi dəstək verir. Ola bilsin ki, bu addımı atmağa da məcbur edirlər. Burada məqsəd Rusiya ilə münasibətləri daha da pisləşdirməyə hesablanıb, erməniləri Rusiyanın gözündən salmaq niyyəti güdülüb, ikincisi, Ukraynanın silah-sursatla təmin olunması davam etdirilir”. A.Məsiyev Ermənistanın Ukraynaya verdiyi silahların müharibənin nəticələrinə geniş ölçüdə təsir edəcəyini gözləmir.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

12.09.2024 10:45
1075