Kiyev artıq martın 11-də ABŞ-ın 30 günlük tam müvəqqəti atəşkəs təklifi ilə razılaşıb və rus qoşunlarının bütün istiqamətlərdə atəşi dayandırmasını görmək istəyir.
Musavat.com xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib.
"Ukraynanın mövqeyi aydın və dəyişməz olaraq qalır: martın 11-də yenidən Ciddədə biz ABŞ-ın 30 günlük tam müvəqqəti atəşkəs təklifi ilə qeyd-şərtsiz razılaşdıq. Rusiya isə imtina etdi və bu imtina artıq 39 gündür ki, ABŞ-a qarşı davam edir. Lakin bu müddət ərzində Moskva müxtəlif şərtlər irəli sürərək Ukraynaya, mülki şəxslərə və mülki infrastruktura qarşı hücumları gücləndirib. İndi Vladimir Putin guya atəşkəsə hazır olması barədə bəyanatlar verib. 30 gün əvəzinə 30 saat. Təəssüf ki, bizdə onun sözlərinin əməlləri ilə üst-üstə düşmədiyi ilə bağlı ciddi təcrübə var. Bilirik ki, onun sözlərinə etibar etmək olmaz və biz sözə yox, əmələ baxacağıq", - Sibiqa dedi.
Nazir vurğulayıb ki, Rusiya istənilən vaxt 30 gün müddətinə tam və qeyd-şərtsiz atəşkəs təklifi ilə razılaşa bilər və bu təklif artıq mart ayından müzakirə olunur.
Musavat.com