Ukrayna qaz ixracatçısı kimi Azərbaycana, alıcı kimi isə Slovakiyaya öz ərazisindən Rusiyadan yan keçməklə Avropaya qaz nəqli üçün alternativ sxem təklif edib. Bu barədə RBC Ukrayna öz mənbələrinə istinadən məlumat yayıb. Rusiya qazının Azərbaycan qazı ilə əvəzlənməsi təklif edilir.
Təklifin mahiyyəti belədir: alıcı, məsələn, Slovakiya qazı Azərbaycandan Rusiyaya və ya Rusiyadan Ukraynaya giriş nöqtəsində alır. Sonra qazın sahibi müstəqil olaraq onun Rusiya ərazisi ilə nəqli ilə bağlı danışıqlar aparır, onu Ukraynanın yeraltı anbarlarına vurur və sonra xaricə satmaq da daxil olmaqla, öz mülahizəsinə uyğun olaraq sərəncam verir. Bu sxemdə Ukrayna tranzit ölkə deyil, təkrar ixracatçıdır.
Təklifin əsas şərti ondan ibarətdir ki, hər bir tərəf hərbi əməliyyatlar şəraitində Ukraynanın qaz nəqli sisteminin mühafizəsini effektiv şəkildə təmin edərək, tədarükün təhlükəsizliyinə dair Rusiya ilə müstəqil şəkildə razılaşmalıdır.
“RBC Ukrayna”nın mənbələri bildirir ki, müzakirə hələ danışıqlar mərhələsinə çatmayıb, lakin bu məsələ ikitərəfli görüşlərdə qaldırılır. Hazırda nə Azərbaycan, nə də Slovakiya bu təklifə yekun cavab verməyib.
Qeyd edək ki, ötən il Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə 8 Avropa ölkəsinə 12 milyard kubmetr qaz ixrac edib. Bu il həcmin 13 milyard kubmetrə çatdırılması təklif edilir.
“Qazprom” Ukraynanın qaz nəqli sistemi vasitəsilə Avropaya ildə təxminən 14 milyard kubmetr qaz tədarük edirdi.
Avropa Birliyi ölkələri Rusiya qazının idxalını əhəmiyyətli dərəcədə azaldıb, lakin bəzi dövlətlər, o cümlədən Slovakiya Ukrayna vasitəsilə təbii qaz almağa davam edir.
Rusiya ilə Ukrayna arasında müharibədən əvvəl bağlanmış qaz tranziti müqaviləsinin müddəti bu il dekabrın 31-də başa çatır. Bildiyiniz kimi, Kiyev artıq bu müqaviləni yeniləmək niyyətində olmadığı barədə xəbərdarlıq edib və bir neçə ay əvvəl alternativ təklif edib ki, bu da Azərbaycan qazının Ukrayna vasitəsilə Avropaya nəqlidir.
Bununla belə, bir sıra problemlər var. Birincisi, Azərbaycanın Ukrayna ərazisindən nəqli üçün əlavə qaz həcmi yoxdur. İkincisi, bu qaz mövcud olsaydı belə, yenə də Rusiya vasitəsilə nəql edilməliydi.
Daha optimal variant nəzərdən keçirildi ki, Azərbaycan Ukrayna ilə sərhəddə Rusiya qazını alıb, sonra öz qazı kimi Avropaya sata bilər.
Kiyevin təklif etdiyi hazırkı sxem bu varianta yaxındır, lakin vacib bir xəbərdarlıqla - Ukraynanın özü Avropaya qaz tədarükünün təhlükəsizliyinə təminat vermir. Bunun müqabilində tərəflər bu məsələni Rusiyanın özləri ilə müzakirə etməyə dəvət olunur.
Hazırda Azərbaycan və ya Slovakiyanın bu mövzuda Rusiya ilə danışıqlar aparması barədə məlumat yoxdur. Bununla belə, Bratislava Azərbaycan qazını almaqda maraqlıdır. Məsələ bu ilin mayında Slovakiyanın baş naziri Robert Fiko Bakıya səfər edərkən müzakirə olunub.
“Azərbaycan hazırda 8 ölkəyə qaz ixrac edir. Ümid edirəm ki, Slovakiya doqquzuncu olacaq”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev danışıqlardan sonra bildirib.
Bununla belə, RBC-Ukrayna mənbələrinin məlumatına görə, Azərbaycanın Ukrayna vasitəsilə qaz tədarükünə marağı minimum səviyyəyə düşüb və bu məsələ dörd aydır müzakirə olunmur.
“Düşünürəm ki, Bakının aktivliyinin azalması Rusiyanın mövqeyi ilə bağlıdır, o, bu və ya digər şəkildə bu prosesdə iştirak etməlidir”, - “RBC Ukrayna”nın həmsöhbəti bildirib.
Şahanə Rəhimli
Musavat.com