Artıq şübhə yoxdur ki, 2024 Rusiya-Ukrayna müharibəsi üçün dönüş, hətta həlledici il olacaq. Bu səbəbə hər iki tərəf bütün hərbi və qeyri-hərbi resurslarını indidən səfərbər etməkdədir. Təbii ki, söhbət iki qarşı duran düşərgənin - Qərb (NATO) və Rusiyanın hazırlığından gedir.
Bu arada Almaniyanın “Welt” nəşri Ukrayna Silahlı Qüvvələrinin 2024-cü ildə yeni əks-hücuma hazırlaşması ilə bağlı versiyanı təqdim edən material dərc edib. Materialda təhlükəsizlik eksperti və siyasi məsələlər üzrə məsləhətçi Niko Lanqenin fikirləri yer alıb. Onun fikrincə, Ukrayna, ehtimal ki, indi yeni əks-hücum üçün resurslar toplayır. Yazıda bu versiyaya sübut kimi Ukraynanın ABŞ-a verdiyi siyahıda tələb olunan silahların adları sadalanıb. Belə ki, siyahıya “Black Hawk” və “Apache” helikopterləri, "F-16" və "F-18" təyyarələri, raket sistemləri, “Abrams” tankları, pilotsuz uçuş aparatları daxil edilib.
“Ukraynanın bu sifarişi manevr müharibəsinə keçid edilməsi ilə bağlı yeni cəhddən xəbər verir”, - Lanqe bildirib. Onun sözlərinə görə, ola bilər, yayda Ukraynanın əks-hücumları zamanı reallaşdırılmayan müxtəlif döyüş sistemlərinin kombinasiyalarından istifadə də nəzərdə tutulsun.
“Welt” ardınca qeyd edib ki, Dnepr çayının sol sahili yeni əks-hücum üçün başlanğıc nöqtəsi ola bilər. Nəşr həmçinin iddia edir ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bu ilin iyununda başlayan əks-hücumun tərəfdarı olmayıb, sürətli irəliləyiş əldə edilmədiyi üçün strategiyanın dəyişdirilməsi ən ağlabatan variant hesab edilib və bu da lazımi vaxt qazanmağa imkan yaradıb.
Eyni zamanda “The Washington Post” Ukrayna baş nazirinin Avropa və Avroatlantika inteqrasiyası üzrə müavini Olqa Stefanişinaya istinadən yazıb ki, Pentaqondan sızan bəzi xəbərlər Kiyevə əks-hücum əməliyyatını təxirə salmağa kömək edib. Bu əks-hücum əməliyyatının reallaşdırılması isə ölkənin böyük həcmli silah tədarükünü gözləməsi səbəbindən təxirə salınıb.
Daha bir sensasion məlumat: Ukraynanın Böyük Britaniyadakı keçmiş səfiri Vadim Pristayko deyib ki, Britaniya Ukraynaya yaxın zamanda hərbçilər göndərə bilər. Onun sözlərinə görə, əgər digər ölkələrdə silah-sursat tədarükü ilə bağlı problem varsa, o zaman onlar Ukraynaya silahlı qüvvələrlə yardım etmək qərarına gələcəklər: “Elə ölkələr var ki, buna olduqca yaxındır. Britaniya onlardan biridir. Siyahıda birincidir”.
Bu baş verərsə, Rusiyanın reaksiyası necə olacaq? NATO ilə toqquşma riski arta bilərmi?
Qeyd edək ki, BMT Nizamnaməsinə əsasən işğala məruz qalan ölkə başqa ölkənin və ya ölkələr qrupunun köməyi ilə öz ərazi bütövlüyünü istənilən yolla bərpa etmək haqqına malikdir.
Ramil Məmmədli
Hərbi ekspert Ramil Məmmədli hesab edir ki, 2024-cü il Ukrayna və onun ordusu üçün daha çətin il olacaq. Hərbi ekspert “Yeni Müsavat”ın əməkdaşına deyib ki, 2023-cü il başlayandan Ukrayna ordusunun əks-hücumu olacağı ilə bağlı məlumatlar yayılıb: “Belə məlumatlarda hətta konkret tarixlər də göstərilirdi. Ukrayna ordusunun hərbi kəşfiyyatının rəisi, rəis müavini bununla bağlı müəyyən açıqlamalar da verirdilər. Azərbaycan mediasında da bir çox siyasətçilər, hərbi şərhçilər əks-hücumun olacağına inanırdılar. Lakin əks-hücumun olması üçün şərtlərin yoxluğunu nəzərə almırdılar. Ukrayna ordusunun şəxsi heyətinin azlığı, hazırlıq səviyyəsi, silah-texnika amili nəzərə alınmırdı. Əks-hücumun olması üçün ən ilk şərt şəxsi heyətin Rusiya ordusundan azı iki dəfə artıq olmasıdır. Davamlı silah-sursat təminatı və təchizatın olması da əhəmiyyətli şərtdir. Bunları o zaman da demişdim, indi də eyni fikirdəyəm. Bu şərtlər təmin edilmədikcə, Ukraynanın ərazi bütövlüyünü təmin etməsi mümkün deyil. 2024-cü il Ukrayna üçün hərbi, hərbi texniki baxımdan yaxşı heç nə vəd etmir”.
Hərbi ekspert deyib ki, ABŞ, Avropa ölkələri qərbpərəst siyasət yürüdən Ukrayna hakimiyyətinə dəstəyini azaltmaqla məşğuldur: “Bu gün Avropa ölkələri Ukraynaya silah-texnika alışı üçün pul ayırmağa xəsislik edirlər. 2022-2023-cü illərdə olduğu kimi, heç bir ölkə, hətta ABŞ Ukraynanın silah-texnika alması üçün pul kisəsinin ağzını rahat şəkildə açmayacaq. Çünki Ukraynanın ötən 2 il ərzində silah-texnika alışı ilə bağlı neqativ məlumatlar, faktlar ortadadır. Ukrayna hərbi-siyasi rəhbərliyində olan qruplaşmaların silah-texnika alışı üçün verilən pulları yeyib-dağıtmaları, öz şəxsi məqsədləri üçün istifadə etmələri faktları var. Bundan başqa, ayrılan pulların effektsizliyi də göz qabağındadır və bunu pulu ayıranlar da görür. Üstəlik, ABŞ-da Bayden hökuməti də ciddi şəkildə seçicilərin inamını itirməkdədir. Bu arada Con Kennedinin oğlu və Donald Trampın nüfuzu sürətlə qalxır. Ukrayna cəmiyyətində də bir yorulma, narahatlıq hökm sürür. Ukrayna yerli mediasından da görünür ki, ölkədə artıq ciddi qarşıdurma formalaşır və hərbi rəhbərliklə Zelenski hökuməti arasında fikir ayrılığı var. Ordu düşünür ki, onların yetərincə döyüşməsi üçün stimul yoxdur, əbəs yerə döyüşçülər tələf olur. Ukrayna ordusu 2023-cü ildə işğaldan cəmi 2 faiz ərazini azad edə bilib. Rusiya işğal etdiyi Ukrayna ərazisinin böyük hissəsini nəzarətində saxlayır. Adveyevka, Xerson, Odessa istiqamətində mövqelərini daha da gücləndirməklə məşğuldur”.
Hərbi ekspert deyir ki, Böyük Britaniyanın Ukraynaya əsgəri dəstək verməsi müharibənin başqa forma almasına gətirib çıxara bilər: “Böyük Britaniya Ukraynada ordusunun Rusiyaya qarşı dövüşlərdə iştirakını təmin edərsə, bu, həm də Böyük Britaniya ordusunun silah-texnika parkının Ukraynaya gəlməsi və Rusiya ilə üzbəüz döyüşlərə girməsi deməkdir. Müharibənin formasının bu şəkildə dəyişməsi ilə Rusiya üçün cəbhə xətti həm də Ukraynadan savayı digər ərazilər də ola bilər. Hesab edirəm ki, Böyük Britaniya belə bir riskə getməyəcək. Heç bir Avropa ölkəsi Putinin nüfuzunun yüksək olduğu bir dövrdə Rusiyaya qarşı qarşıdurmaya getməyəcək”.
Hərbi ekspert deyir ki, bu gün NATO qüvvələri birbaşa Ukraynadakı müharibədə iştirak etmir. Amma fərqli şəkildə Ukraynaya dəstək verilir: “NATO muzdlu döyüşçüləri göndərməklə, silah-texnika verməklə Ukraynaya dəstək verir. Şərqi Avropada yerləşən bütün silah zavodlarında amerikalı nümayəndələr yerləşib və həmin nümayəndələr istehsal olunan silahların Ukraynaya göndərilməsinə cavabdehdirlər. Bu fakt müharibədə NATO-nun iştirakı deməkdir. Ümumilkdə götürəndə NATO silah-texnikası ilə, ordusu ilə müharibədə iştirak etmir. NATO-nun müharibədə iştirakı üçün üzv dövlətlərin razılığı lazımdır. Türkiyə, Macarıstan, Bolqarıstan dəstək verməyəcək. Hesab edirəm ki, Fransa, Almaniya, hətta Amerika ordusunun belə Rusiya ordusu qarşısında uğur qazanmaları mümkün deyil. ABŞ son 50-60 il ərzində birbaşa olaraq hər hansı bir müharibədə təkbaşına iştirak etməyib və qatıldığı heç bir müharibədən də qalib ayrılmayıb”.
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com