Kiyev və Xarkov atəş altında, ABŞ 61 milyardı yubadır...

Avropa Birliyinin verdiyi 50 milyard heç nəyi dəyişmir, Vaşinqton dəstək verməsə, Kiyev üçün çətin olacaq; lakin Bayden hərbi yardımın gecikməsində Trampı günahkar bilir - hərbi və siyasi analitiklərdən şərh

Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, fevralın 7-də Kiyev vilayətində partlayış səsləri eşidilib. “Kiyev yaxınlığında qanadlı raketlər var, hava hücumundan müdafiə sistemi işləyir”, - deyə Ukrayna hərbçiləri məlumat yayıb. “Yeni Müsavat” xəbər verir ki, şəhər meri Vitali Kliçko məlumatı təsdiqləyib. Onun sözlərinə görə, Kiyevdə hava hücumundan müdafiə sistemi mövcuddur. Hərbi Hava Qüvvələri əlavə edib ki, Xarkov ballistik silahlarla vurulur. Xarkov vilayəti administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, Rusiya ordusu Xarkov vilayətinə azı 4 dəfə zərbə endirib. Kliçko həmçinin hava zərbələri nəticəsində 9 nəfərin, o cümlədən hamilə qadının yaralandığını bildirib. Onun sözlərinə görə, yaralıların sayı artır. 

Fevralın 7-si səhər saatlarından bütün Ukrayna ərazisinə atılan 64 raket və müxtəlif tipli PUA-ların 44-ü məhv edilib. Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb. Bildirilib ki, Ukrayna ərazisinə 20 ədəd “Şahid” PUA-sı (15-i vurulub), 10 ədəd "Tu-95MS" strateji bombardmançı təyyarəsindən 29 ədəd X-101/X-555 qanadlı raketi (26-sı vurulub), "Tu-22M3" bombardmançısından 4 ədəd X-22 qanadlı raketi, Qara dənizdən 3 ədəd “Kalibr” raketi (hamısı vurulub), 3 ədəd “İsgəndər” ballistik raketi, 5 ədəd "S-300" idarəolunan zenit raketi atılıb. Polşa və onun müttəfiqləri isə Rusiyanın uzunmənzilli aviasiyasının intensiv fəaliyyətləri səbəbi ilə döyüş təyyarələrini havaya qaldırıb. Polşa Silahlı Qüvvələrinin komandanlığı məlumat yayıb. “Xəbərdarlıq edirik ki, Polşa və müttəfiqlərin təyyarələri işə salınıb və bu, xüsusilə ölkənin cənub-şərq hissəsində səs-küy səviyyəsinin artmasına səbəb ola bilər”, - məlumatda deyilir. 

Bu arada, Avropa Birliyinin Ukraynaya ayırdığı 50 milyard avro Kiyevin artan ehtiyacları üçün heç nədir. Avropa xoşagəlməz reallıqla üzləşib və Kiyevə daha uzun müddət yardım göstərməli olacaq. “Yeni Müsavat” xəbər verir ki, bu barədə “Politiko” nəşri yazıb. “AB-nin Ukrayna üçün ayırdığı 50 milyard avro mahiyyət etibarı ilə heç bir şey deyil. Ölkənin maliyyə ehtiyacları hər gün artdıqca və Rusiya ilə amansız müharibə uzandıqca, Qərb, xüsusən də Avropa xoşagəlməz hadisələrlə üzləşir. AB ümid edir ki, ABŞ Ukraynanın təminat sisteminin saxlanmasına əhəmiyyətli töhfə verəcək. Lakin ABŞ prezidenti Co Baydenin 60 milyard dollarlıq hərbi yardım paketini Konqresdən keçirə bilməməsi müharibədən əziyyət çəkən ölkəni hazırda çətin vəziyyətdə qoyur”, - nəşr bildirib. 

ABŞ prezidenti Co Bayden bildirib ki, immiqrasiya islahatlarını Ukrayna, İsrail və Tayvana hərbi yardımla əlaqələndirən qanun layihəsi Donald Trampın siyasi təzyiqi altında dağılır. Konqresi sərhəd təhlükəsizliyini gücləndirmək və Ukraynaya yardım göstərmək üçün qanun qəbul etməyə çağıran prezident çıxışında qanunvericilərə səbirli olmağı tövsiyə edib. “Hər şey onu göstərir ki, bu qanun layihəsi hətta baxılmaq üçün senata təqdim edilməyəcək. Niyə? Sadə bir səbəbdən: Donald Tramp!”, - deyə Bayden vurğulayıb. Bayden Ukraynaya hərbi dəstək və ABŞ arsenallarının artırılması üçün 61,4 milyard dollar əlavə maliyyə istəyib. Onun administrasiyası təqdim edilən qanun layihəsi üzərində senatdakı demokratlar və respublikaçılarla uzun müddət işləyib. 

Qanun layihəsi Ukrayna, İsrail və ABŞ-ın Hind-Sakit okean regionundakı tərəfdaşlarına təcili yardım və immiqrasiya islahatlarının maliyyələşdirilməsi ilə bağlıdır. Nümayəndələr Palatasının respublikaçı liderləri bir neçə gün əvvəl ikipartiyalı senatın qanun layihəsini rədd edəcəyini və yalnız İsrailə yardım göstərəcək qanun layihəsini səsverməyə çıxaracaqlarını bildiriblər. Bayden administrasiyası prezidentin qanun layihəsinin bu versiyasına veto qoyacağını bildirib. “Çünki Donald Tramp hesab edir ki, bu qanunun qəbulu siyasi baxımdan onun üçün pisdir”, - Ağ Ev rəhbəri əlavə edib. Bəs bu yardımlar seçkiyə qədər təsdiqlənməyə bilərmi? Noyabrda ABŞ yeni prezidentini seçəcək. O vaxta qədər respublikaçıların əngəl olması Ukraynaya necə təsir göstərəcək?

Azad İsazadə: Müharibə iştirakçılarının əsas şikayəti belədir: "Bizi  dinləmək istəmirlər"

Azad İsazadə

Hərbi ekspert Azad İsazadənin “Yeni Müsavat”a bildirdiyinə görə, Avropa İttifaqının ayırdığı vəsait maliyyədir, amma ABŞ təsdiqləyəcəyi 61 milyard dolları maliyyə şəklində deyil, həmin pula silah alaraq Ukraynaya göndərəcək: “İki dəstəyin fərqi bundan ibarətdir. Amerikanın silah-sursat ehtiyatı həddən çoxdur. Ona görə Avropa Birliyi Birləşmiş Ştatların yerini doldura bilməz. Lakin hazırkı vəziyyət kritik də deyil. Ağ Ev rəhbəri çalışır ki, Konqresdə olan bu problemi həll etsin. Sözsüz, Ukraynaya mənfi təsiri var, amma kritik şərait deyil. Yəni Kiyev hücum edə bilməsə də, hücumları dəf etmək gücünə malikdir”.

Oxu.az - Ramiyə Məmmədova: “Ermənilər Türkiyədə pul qazanır, amma  Ermənistanda türk görmək istəmirlər”

Ramiyə Məmmədova 

Siyasi şərhçi Ramiyə Məmmədova isə hesab edir ki, bu vəsaitin təsdiqlənməsi yaz aylarına təsadüf edə bilər: “Tramp Rusiyanın istəklərini ifadə edir. Eləcə də amerikalılara göstərir ki, Bayden pulları Ukraynada israf edir, ölkənin daxili problemlərinə xərcləmək olardı. Bu da seçki dövründə gərginliyə səbəb olur. Seçki ili olmasaydı, Ukraynaya yardımların ayrılması gecikməzdi. Ancaq Avropa Birliyinin vəsaiti Amerikasız da döyüşləri davam etdirməyə yetəcək. Almaniya və digər ölkələr də dəstəyi artırırlar. NATO üzv ölkələri birliyə çağırır. Demokratik qütb üçün bu məsələləri tez həll etmək çətindir. Amma Niderlandın da "F-16" qırıcıları verəcəyini nəzərə alsaq, ABŞ-ın yardımları yubansa belə, Ukrayna ərazilərini müdafiə edə biləcək. Ölkənin hərbi potensialı da var, Zelenski 800 min döyüşçü olduğunu açıqlayıb, "Bayraktar" zavodu tikiləcək, bir sözlə, rəsmi Kiyev yarıyolda qoyulmayacaq". Ekspert hesab edir ki, Rusiya artıq hücum edə bilmir, sadəcə, şəhərləri raketlərlə atəşə tutur: “Rusiya qoşunları irəliləmir. Artilleriya savaşı gedir ki, bu da yeni ərazilər tutmağa kömək etməyəcək. Bu gün Kiyev, Xarkov kimi şəhərləri raket zərbələri ilə atəşə tutmağın əhəmiyyəti yoxdur, bununla dinc insanlar əziyyət çəkir, başqa heç nə olmur”. 

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

08.02.2024 08:53
991