ABŞ-da keçiriləcək növbəti prezident seçkilərinin vaxtı yaxınlaşdıqca, beynəlxalq məkanda hərbi-siyasi proseslər də yenidən intensivlik qazanmağa başlayıb. Xüsusilə də, dünyanın hazırda əsas problemi olan Ukrayna savaşı ətrafında yalnız hərbi deyil, həm də siyasi-diplomatik fəallığın artdığı müşahidə olunur. Halbuki, bütün bunlar Ukrayna savaşı ətrafında mövcud olan qeyri-müəyyən situasiyanın yeni mərhələyə keçirilməsi üçün yetərli xarakter daşımır. Və bu baxımdan, Ukrayna savaş poliqonunu hazırda dünya nəhəngləri üçün əsl hərbi-siyasi labirint hesab etmək olar.
Onu da qeyd etmək lazımdır ki, Ukrayna savaşına münasibət hazırda əvvəlki dövürlərlə müqayisədə daha qəliz və ziddiyyətli məzmun daşıyır. Belə ki, bu savaş hazırda bütün dünyanı müxtəlif problemlərə düçar edib. Xüsusilə də, dünya iqtisadiyyatı ardıcıl və sarsıdıcı zərbələr almaqdadır. Hətta belə ehtimallar mövcuddur ki, əksər dünya ölkələrinin iqtisadiyyatları Ukrayna savaşının daha bir neçə il davam etməsinə tab gətirmək imkanlarlndan indi kifayət qədər uzaqdır. Və bu səbəbdən də, müharibənin sona çatdırılmasının tərəfdarlarının sırası durmadan artmaqdadır.
Məsələ ondadır ki, Ukrayna savaşı hazırda yalnız hərbi-sənaye komplekslərinə, dünyanın nəhəng silah şirkətlərinə sərfəlidir. Çünki Ukrayna ordusuna hərbi texnika göndərməklə dəstək verən NATO ölkələrinin əksəriyyəti artıq öz ehtiyat resurslarını tükəndiblər. Bundan sonra həmin ölkələr həm öz anbarlarını yenidən silah-sursat və hərbi texnika ilə doldurmaq, həm də elə Ukraynaya göndərmək üçün məhz silah şirkətlərinə dəyəri onmilyardlarla hesablanan hərbi-ticari sifarişlər vermək məcburiyyətindədirlər. Və bu, o deməkdir ki, Ukrayna savaşı hazırda nəhəng silah şirkətlərinin uzunmüddətli gəlir mənbəyini artıq təmin edib.
Bütün bunları nəzərə aldıqda, Ukrayna ordusuna dəstək verən Qərb ölkələrinin bəzilərinin artıq bu savaşdan uzaqlaşmaq istəmələri tamamilə başadüşüləndir. Hər halda, Ukrayna savaşı bu ölkələrin dövlət büdcələrinin önəmli bir hissəsini “yeyir” və nəticədə sosial-iqtisadi problemlər dərinləşir. Yəni, Qərbdə Ukrayna savaşından ciddi yorğunluğun olduğu indi qətiyyən inkar edilmir. Və bunu imkan düşdükcə, qabarıq şəkildə biruzə verməyə çalışırlar.
Eyni zamanda, Ukrayna savaşının birbaşa iştirakçıları da bu müharibədən mümkün qədər tez bir zamanda çıxmağın yollarını axtarmağa başlayıblar. Belə ki, Kreml təmsilçiləri Rusiyanın Ukrayna və onun Qərbdəki tərəfdaşları ilə sülh danışıqlarına hazır olduğuna yönəlik ardıcıl mesajlar verirlər. Hər halda, Rusiya iqtisadiyyatının bu savaşın yükünü daşımaq potensialını artıq arxada buraxıb. Kreml Rusiya ordusunun, eləcə də, ölkənin digər ehtiyaclarının ödənməsi üçün maliyyə qaynaqları tapmaqda ciddi şəkildə çətinlik çəkir. Və bu səbəbdən də, Kremldə hesab edirlər ki, Rusiyanın müvəqqəti də olsa, təcili “nəfəsliyə” ehtiyacı var.
Təbii ki, Ukraynanın durumu Rusiya və Qərb ölkələrindən daha ağırdır. Bu ölkənin iqtisadiyyatı və infrasrukturu tamamilə dağıdılıb. İndi Ukraynaya yenidən bərpa üçün onilliklərlə zaman və yüzmilyardlarla dollar maliyyə vəsaiti lazımdır. Halbuki, rəsmi Kiyevin nə zamanı, nə də maliyyə qaynağı demək olar ki, yoxdur. Ukraynanın yalnız maliyyə-iqtisadi deyil, həm də hərbi və insan resursları ilə bağlı itkiləri fəlakətli həddə çatıb. Və belə vəziyyətdə savaşın davam etdirilməsində israrlı olmaq Ukraynanın daha dərin “bataqlığa” sürükləmək anlamı daşıyardı.
Digər tərəfdən, Ukrayna son vaxtlar Qərbdəki tərəfdaşları bağlı da müəyyən problemlərlə üzləşməkdədir. Belə ki, rəsmi İrəvan ABŞ və Qərbdən Rusiyanın dərinliklərinə daha ağır hücum silahları ilə zərbə endirmək üçün icazə almağa hələ də nail ola bilməyib. Halbuki, Ukraynaya hələ heç rəsmi Kiyevin səbrsizliklə gözlədiyi hücum silahları göndərməyən Qərbdən belə icazə alınmış olsaydı, Rusiyanın ölkədaxili xaosa və ictimai xofa doğru sürükləmək mümlün ola bilərdi. Və bu məsələnin açıq qalması hazırda Ukraynanı cətin durumda buraxır.
Eyni zamanda, rəsmi Kiyev ABŞ və Qərbin yaxın gələcəkdə maliyyə və hərbi dəstəyi də azalda, hətta bir müddətdən sonra tamamilə kəsə biləcəyinin artıq fərqindədir. Çünki Avropa Birliyi ölkələri Ukrayna savaşına birbaşa öz büdcələrindən maliyyə vəsaiti sərf etməkdə maraqlı olmadıqlarını qətiyyən gizlətmirlər. Hətta Avropa Birliyi də Ukraynaya əvəzi ödənməyəcək maliyyə dəstəyinə həvəsli olmadığını açıq-aşkar sezdirməyə başlayıb.
Hər halda, Qərb siyasi dairələri hazırda Ukraynaya yalnız Rusiyanın üzərinə həbs qoyulmuş maliyyə aktivlərindən qazanılan bir neçə milyardlıq faiz gəlirlərini göndərməklə, kifayətlənir. Yəni, Qərb indi Ukrayna savaşını elə Rusiyanın hesabına maliyyələşdirmək qərarı verib. Halbuki, bu, qətiyyən yetərli deyil. Ona görə də, Avropa Birliyi son vaxtlar rəsmi Kiyevə artıq maliyyə yardımları əvəzinə kreditlər təklif etməyə başlayıb. Və Avropa Birliyinin rəsmi təmsilçisinin Ukraynaya 35 milyard avro həcmində kredit açmağa hazır olduqlarını bəyan etməsi də bunu birmənalı şəkildə təsdiqləyir.
Təbii ki, belə situasiyada Qərbə güvənmək şansları daralan rəsmi Kiyev Rusiya ilə sülh sazişi barədə düşünmək məcburiyyətində buraxılmış kimi görünür. Ona görə də, prezident Volodimir Zelenskinin ABŞ başda olmaqla, Qərbdəki tərəfdaşlarına rəsmi Kiyevin sülh planını artıq göndərdiyi barədə məlumatlar mövcuddur. Həmin məlumatlara görə, rəsmi Kiyev yaxın aylarda Ukrayna üçün fəlakətli situasiyanın yarana biləcəyi qənaətinə gəlib. Bu səbəbdən də, Zelenski hakimiyyəti məhz Rusiyanın savaş meydanında ən zəif olduğu bir dönəmdə sülh danışıqlarına başlamaq taktikasına üstünlük verir.
Məsələ ondadır ki, Rusiya savaşdan maliyyə-iqtisadi cəhətdən ciddi şəkildə yorulub. Üstəlik, Ukrayna ordusu Rusiya ərazilərinin bir qismini nəzarətə almağa nail olub. Belə situasiyada rəsmi Kiyev Kremli hər iki tərəfin hərbi nəzarətində olan ərazilərin mübadiləsinə məcbur edə biləcəyinə ümid bəsləyir. Əgər, buna nail olunarsa, Ukrayna bu savaşdan daha sərfəli şərtlərlə çıxmaq şansı qazana bilər. Kremlin Ukrayna savaşı ilə bağlı Qərbin gözlənilməz mövqe tuta biləcəyini nəzərə alaraq, rəsmi Kiyevin sülh təklifinə pozitiv cavab vermə ehtimalı hər halda, mövcuddur. Və bu baxımdan, hazırda Ukrayna savaşının gələcək taleyi böyük ölçüdə Qərbin öz maraqları çərçivəsində rəsmi Kiyevin sülh planına verəcəyi reaksiyadan birbaşa asılı vəziyyətdədir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu