İlk yayımlanma saatı: 12:35
Noyabrın 7-də "Yeni Müsavat" qəzetinin 35 illik yubileyi ilə bağlı Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
Musavat.com xəbər verir ki, iclasda Mətbuat Şurasının sədri Rəşad Məcid, İdarə Heyətinin üzvləri Əflatun Amaşov, Müşfiq Ələsgərli, Vüqar Zifəroğlu, Səadət Məmmədova, Vüsalə Mahirqızı, Aqil Ələsgər, Hacıbəy Heydərli, Yadigar Məmmədli, Qulu Məhərrəmli, Bəhruz Məmmədzadə, qurumun Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Natiq Məmmədli iştirak edib.
Tədbirdə həmçinin “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu, baş direktoru Ələsgər Süleymanov, Musavat.com saytının baş redaktoru Əli Rais və kollektivin digər əməkdaşları iştirak ediblər.
İclası açıq elan edən Rəşad Məcid qeyd edib ki, 35 yaşlı “Yeni Müsavat” qəzetində Azərbaycan mətbuatının tarixi, eyni zamanda xalqın keşməkeşli dövrünün bütün prosesləri öz əksini tapıb:
“Yeni Müsavat” həm də jurnalist məktəbi olub və bu qəzetdə ilk qələm təcrübələrini keçmiş jurnalistlər indi müxtəlif yerlərdə çalışır və onların əməyi hədsiz hörmətə malikdir.
“Yeni Müsavat” qəzet kimi fəaliyyətə başlasa da bu gün müasir texnologiyalardan geri qalmır, televiziya, sayt və digər sosial proqramlarda fəaliyyət göstərir, öndədir. Onun rəhbəri Rauf Arifoğlu Əməkdar jurnalistdir və bu mükafatı ona Azərbaycan prezidenti şəxsən təqdim edib.
Rauf Arifoğlunun hələ gənc yaşlarından necə dinamik olduğunu görmüşəm. O, hər zaman ilk olaraq qəzeti, informasiyanı düşünüb. Ümumiyyətlə, biz onunla dəfələrlə dünyanın bir çox ölkələrində səfərlərdə olmuşuq. Rauf Arifoğlu Azərbaycan mətbuatına nüfuz gətirən insanlardan biri olub.
Mətbuat Şurası adından Rauf Arifoğlu başda olmaqla bütün “Yeni Müsavat” kollektivini 35 illik yubiley münasibəti ilə ürəkdən təbrik edirəm”.
Çıxışdan sonra Rəşad Məcid Mətbuat Şurası adından təbrik plaketini Rauf Arifoğluna təqdim edib.
Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli “Yeni Müsavat”ın 35 illiyini ənənəvi fikir daşıyıcılarının bayramı kimi dəyərləndirib. O bildirib ki, 35 il ayaqda qalmaq Azərbaycanın mətbuat tarixində az nəşrə nəsib olmuş xüsusiyyətdir.
Bu günün “Yeni Müsavat”ını həm ciddi jurnalistika, həm də ciddi publisistika nümunəsi timsalında xarakterizə edən N.Məmmədli həmçinin deyib ki, bazası və potensialı qəzetə müasir konvergensiya mühitinə uğurlu şəkildə uyğunlaşmağa imkan yaradıb.
MŞ İdarə Heyətinin üzvü, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı çıxışında bildirib ki, “Yeni Müsavat” müasir Azərbaycanın tarixi ilə bağlı etibarlı mənbədir:
“Rauf bəyi və “Yeni Müsavat”ın kollektivini təbrik edirəm. Uzun illərdir ki, “Yeni Müsavat” bizim üçün dost media qrupudur.
Azərbaycanın müstəqilliyini bərpa etməsi və ondan sonrakı prosesinə şahidlik edən, həm də bu dövrü yaşayan və yazan bir qəzet olaraq “Yeni Müsavat” qəzeti yəqin ki, gələcəkdə araşdırmaçılar tərəfindən geniş şəkildə araşdırılacaq və onun səhifələrinə istinad ediləcək. Necə ki, hazırda demək olar ki, bütün beynəlxalq hesabatların hamısında “Yeni Müsavat”a və ya onun elektron versiyası olan Musavat.com-a çox ciddi istinad olunur”.
“Yeni Müsavat” yeniliyi duyur, gələcəyə baxır və keçmişi dəyərləndirir”, - deyən MŞ İdarə Heyətinin üzvü, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov onu da bildirib ki, Azərbaycanın təlatümlü dövrünün mətbu məhsulu olan yubilyar nəşr hər zaman ideya və amallarına sadiqliyi ilə diqqət çəkib, təkcə Azərbaycan cəmiyyətində deyil, habelə, ölkəmizin hüdudlarından kənarda da populyarlaşıb:
“Xalq qəzeti”nin 7 noyabr sayında “Yeni Müsavat”ın 35 illiyi ilə bağlı “Azad sözü sosial məsuliyyət ilə qovuşduran nəşr” adlı yazı dərc etmişik. Bu yazıda Rauf Arifoğlu “Yeni Müsavat”la bağlı suallarımızı cavablandırıb. Yazıda qəzetin ictimai siyasi fəaliyyətinizi də diqqətə çatdırmışıq”.
MŞ İdarə Heyətinin üzvü, Yeni Çağ Media Qrupunun rəhbəri Aqil Ələsgər çıxışında “Yeni Müsavat”ı ölkəmizin yaradıcılıq mühitində fərqlənən şəxslərin üzərində haqqının olduğu media orqanı kimi qiymətləndirib və deyib ki, bu cəhət ona həm də doğma münasibəti şərtləndirir.
MŞ İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli çıxışında yubilyar nəşrin dünyanın media trendlərinin uğurlu tətbiqi formulu olduğunu bildirib və əlavə edib ki, bu cəhət onun peşəkarlığı artırmaq əzminin nəticəsidir.
“Yeni Müsavat”ın öz fəaliyyəti ilə Azərbaycanın milli mücadiləsinin xronologiyasını yaratdığını vurğulayan MŞ İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli onu da deyib ki, yubilyar media orqanı, eyni zamanda, qəzetin qurucusu Rauf Arifoğlunun uğur hekayəsidir.
MŞ İdarə Heyətinin üzvü, “Azxeber.com” saytının baş redaktoru Hacıbəy Heydərli “Yeni Müsavat”ı ölkəmizə yönəlmiş informasiya təhdidlərinə qarşı mübarizənin mühüm səngəri kimi xarakterizə edib. O, eyni zamanda nəşrin əməksevər və jurnalistikaya bağlı gənclərin ümid yeri olduğunu da əsaslandırıb:
“Ola bilər ki, hansısa gəncin fikri, mövqeyi Rauf Arifoğlunun fikirləri ilə üst-üstə düşməsin, amma o, hər zaman gənclərə dəstək olub, onların yanında olmağa çalışıb. Bu gün Azərbaycan mətbuatında az-çox öz sözünü deyə bilən gənclər varsa, onların hamısının üzərində“Yeni Müsavat”ın bir mənəvi haqqı var. Arzu edirəm ki, “Yeni Müsavat” əsrlərlə yaşasın, daim davamlı olsun”.
MŞ sədrinin müavini Səadət Məmmədova bildirib ki, hər zaman mühüm istinad nöqtəsi olaraq yanaşılan “Yeni Müsavat” qəzeti peşəkar komandanın yaradıcılıq yolunda inamla addımladığı məktəbdir və bu məktəb özünün nümunəvi keyfiyyətləri ilə seçilməkdədir. O, qarşıdakı müddətdə də nəşrin eyni kursu davam etdirəcəyinə əminliyini vurğulayıb.
MŞ İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri Qulu Məhərrəmli çıxışında “Yeni Müsavat”ı qələmi haqqa söykənənlərin tribunası kimi dəyərləndirib və deyib ki, belə bir mövqenin qazanılması mühüm ictimai missiyanın düzgün yerinə yetirilməsindən xəbər verir.
Qulu Məhərrəmli qeyd edib ki, Azərbaycanda qəzet adı çəkiləndə ilk ağıla gələn 3-4 qəzetdən biri, bəlkə də birincisi “Yeni Müsavat” qəzeti olur:
“Hazırda ictimai, mədəni həyatda öndə olanların əksəriyyətinin xətti “Yeni Müsavat”dan keçir. Azərbaycanda jurnalistika ilə məşğul olmaq çox ağırdır. Bu ağır yükü çəkənləri təbrik edirəm. Arzu edirəm ki, qəzetin 50, 70 illiyini qeyd edək. Hər birinizi ürəkdən təbrik edirəm və uğurlar arzulayıram. Qələminiz həmişə haqqa işləsin”.
“Yeni Müsavat”ın qəzetçilik ənənələrinin davamında müstəsna rol oynadığını vurğulayan MŞ sədrinin müavini Vüqar Zifəroğlu bildirib ki, nəşrin daim təkmilləşərək həyata keçirdiyi inkişaf yolu dəyərdir, jurnalistikaya sadiqlik etalonudur.
MŞ İdarə Heyətinin üzvü, “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə çıxışında yubilyar nəşrin vətənpərvərlik təbliğatının aparılmasındakı, milli maraq və mənafelərin müdafiəsindəki missiyasına diqqət çəkib.
MŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı təbriklərini çatdıraraq “Yeni Müsavat”ın çətinliklərə sinə gərən, mətin və mübariz media orqanı olduğunu bildirib.
MŞ-nin icraçı katibi Əvəz Rüstəmov çıxışında yubilyar nəşrin Azərbaycanın haqq və mənafelərinin media müstəvisindəki müdafiəsini peşəkar qurmağı bacardığını qabardıb və bu amilin son dərəcə mühüm əhəmiyyət daşımasından söz açıb.
“Yeni Müsavat” Media Qrupunun təmsilçiləri Ələsgər Süleymanov, Xalid Kazımlı, Elçin Xalidbəyli, Məhəmməd Türkmən, Əli Rais, Cavanşir Abbaslı, Vaqif Hüseyn, Elşad Məmmədli, Etibar Seyidağa, Xalidə Gəray, Afaq Mirayiq, Şahanə Rəhimova çıxışlarında “Yeni Müsavat” media ailəsində yer almağın onların həyatında mühüm əhəmiyyət daşıdığını bildirib, xatirələrini bölüşüblər.
Sonda söz alan “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu tədbirdə iştirak edən hər kəsə təşəkkür edib:
“Mən kollektivimizin üzvlərinə mənimlə birgə səngərdə qalan əsgər yoldaşı kimi baxıram. Yəni biz bu gün söz səngərindəyik. “Tutar-tutmaz” ideyası, iddiası ilə informasiya tarlasına söz səpirik. Nə yaxşı ki, Allah bizə bir şans verdi və millətimizə imzalarımızı tanıtdı, sevdirdi. Buna görə Allaha, taleyimizə, millətimizə, dövlətimizə minnətdarıq!
“Yeni Müsavat” mürəkkəb, çətin bir yoldan keçib. 20-30 ildən çox bizimlə bərabər işləyənlər bunu bilir, şahidi olublar. Biz bu yolun hamısında Azərbaycanın, doğru bildiyimizin, sevdiyimiz yanında olmuşuq. Biz jurnalistikaya aşiqik. Bizim eşqimiz, məhəbbətimiz qəzetçilikdir, jurnalistikadır. Nə yaxşı da ki, bizə başqa tale qismət olmayıb.
Bu günə qədər bir neçə yubileylərimiz ilə bağlı filmlər hazırlamışıq. 35 illiklə bağlı film hazırlayarkən düşündük ki, ilk kadrları Xankəndində çəkdik. Əvvəlki yubiley filmlərimizdən dünya boyda fərq bu oldu.
Qarabağ həmişə bizim milli ideologiyamız olub. İndi artıq bu milli ideologiyanın millətə təslimiyyətini yaşadıq. Xankəndinə getməyimizlə də bu mesajı verməyə çalışdıq. Hər şey Xankəndindən, o küçədən başlamışdı. Azərbaycan prezidenti ötən il oktyabrın 17-də Xankəndində bayrağımızı qaldırmaqla hər şeyin başlandığı o yerdən həmin iddiaları bitirdi və Azərbaycanı böyütdü. Yəni biz Avropanın orta dövləti boyda bir ərazini geriyə aldıq, son 200 illik bir döngəni dayandırdıq. Bunu gedib Xankəndində qeyd etmək Azərbaycanın salnaməçisi olan “Yeni Müsavat” üçün çox önəmli idi.
“Yeni Müsavat” olaraq hər zaman Azərbaycanın taleyini yaşamışıq. Azərbaycan necə olubsa, nəyi yaşayıbsa, biz də onu yaşamışıq. Bir fərqimizi olub ki, biz həm də yazmışıq. İndi ağsaqqal yaşımızda Xankəndinə, Xocalıya, Şuşaya gedib, oradan çəkilişlər edib, reportajlar hazırlamaq çox gözəldir. Çox şükür ki, bu günləri də yaşadıq”.
Xalidə Gəray
Musavat.com