Şimali Atlantika Alyansı Almaniyanın qərbindəki Qaylenkirxendəki (Şimali Reyn-Vestfaliya) aviabazada kəşfiyyat xidmətlərinin mümkün təhlükəyə işarə edən məlumatlarına görə təhlükəsizlik tədbirlərini gücləndirib.
"Report"un məlumatına görə, bu barədə DPA agentliyi aviabazanın nümayəndəsinə istinadən yazıb.
NATO-nun kəşfiyyat təyyarələri Qaylenkirxendə yerləşir. Əməliyyat fəaliyyətinə ehtiyacı olmayan bütün personal ehtiyat tədbiri olaraq evlərinə göndərilib. O, mümkün təhlükəni göstərən kəşfiyyat məlumatlarına əsaslanır. "Bu, narahatlığa səbəb deyil, sadəcə olaraq, kritik əməliyyatlarımızı davam etdirməyimizin təminatı üçün ehtiyat tədbiridir", -nümayəndə deyib.
Polis onların hadisə yerində olduqlarını təsdiqləyib. Əməliyyatda iştirak edən personalın sayı da daxil olmaqla, əlavə məlumat verilməyib.
Keçən həftə Bundesver obyektlərinə qanunsuz daxil olmaq cəhdi ilə bağlı bir neçə insident baş verib. Xüsusilə, Kölndəki Bundesver kazarmaları ictimaiyyət üçün bağlı olub. “Spiegel” yazır ki, hərbi hissənin ərazisindəki kran suyu çirklənmiş ola bilərdi, lakin şübhələr təsdiqini tapmayıb. Hasarda çuxur aşkar edilib və istintaq naməlum şəxslərin oradan hərbi hissənin ərazisinə daxil ola biləcəyi qənaətinə gəlib. “Süddeutsche Zeitung” qəzeti Qaylenkirxendəki aviabazanın mümkün təxribat şübhələri səbəbindən çərşənbə günü bağlandığını bildirib.