Kissincerin rekordunu qıran Karter - 100 yaşı adlayan ABŞ prezidentinin həyat yolu

Yaxın Şərqdəki hərbi böhranın fonunda ABŞ-da bir tarixi hadisə kölgədə qaldı. 1976-80-ci illərdə ABŞ prezidenti postunu tutan Ceyms Karterin 100 yaşı tamam oldu və bundan çox adamın xəbəri olmadı.

O, 1924-cü ilin oktyabr ayının 1-də Corciya ştatının Plains şəhərində sahibkar Ceyms Erl Karter və tibb bacısı Bessi Lillian Karterin ailəsində doğulub.

Kiçik Karter gəncliyində həyatını fıstıq yetişdirməyə həsr edərək atasının yolu ilə getməyi planlaşdırıb. Ancaq ailə biznesinə başlamazdan əvvəl o, Dəniz Akademiyasını bitirib və yeddi il hərbi-dəniz qüvvələrində xidmət edib.

Karter bir müddət Corciya ştatının parlamentinin üzvü olub. 1960-cı illərin əvvəllərində o, özünü böyük siyasətdə sınamağa qərar verib, 1962-ci ildə Corciya ştatının senatoru olub və dörd ildən sonra gözünü qubernator postuna dikib. Karter 1966-cı ildə uğursuzluğa düçar olub, lakin daha dörd ildən sonra o, Corciyanın 76-cı qubernatoru seçilib.

kartelen.jpg (98 KB)

1970-ci illərdə Amerika siyasətində tornado qoparan Uotergeyt qalmaqalı baş verib və 37-ci və 38-ci prezidentlər - Riçard Nikson və Cerald Forddan məyus olan Amerika xalqı yeni siyasi simalar tələb edib. O zaman Corciyadan kənarda az tanınan Ceyms Karter meydana çıxıb. 1976-cı ildə Demokratlar partiyasının praymerizlərində belə favorit hesab olunmayan Karter sonda nəinki demokratların prezidentliyə namizədi olub, hətta prezident Cerald Fordu inamla məğlub edib.

Karter 1977-ci ilin yanvarında inaqurasiya nitqində Yer kürəsindəki silah ehtiyatını məhdudlaşdırmaqdan, dünyanın nüvə müharibəsindən xilas etməkdən danışıb, sülhpərvər olduğunu göstərib.

Ancaq beynəlxalq aləmdəki siyasi təlatümlər onun ölkə daxilindəki reputasiyasına ciddi təsir göstərib.

Karter Misir və İsrail arasında Yaxın Şərqdəki vəziyyəti xeyli yaxşılaşdıran sülh müqaviləsinə nail ola bilib. Bu, Misir prezidenti Ənvər Sədatın qətli ilə nəticələnsə də, Misir sülh müqaviləsinə sadiq qalıb.

cim-leo.jpg (53 KB)

O, Sovet İttifaqı ilə dinc, yanaşı mövcud olmağa üstünlük verib, silahların ixtisarına dair sovet dövlətinin rəhbəri Leonid Brejnevlə müqavilə bağlayıb, ancaq 1979-cu ilin dekabrında sovet qoşunlarının Əfqanıstana daxil olması Karteri Moskva ilə münasibətlərin kursunu dəyişməyə məcbur edib. 1980-ci ildə Moskvada keçirilən Olimpiadanın boykot edilməsi soyuq müharibənin yeni mərhələsinin başlanğıcı olub. Karter və onun milli təhlükəsizlik üzrə köməkçisi Zbiqnev Bjezinski SSRİ-yə qarşı sərt riroika ilə çıxış ediblər.

İranda antiamerikan qüvvələrin hakimiyyətə gəlməsi nəticəsində baş verən islam inqilabı da Karter komandasının nüfuzuna ciddi zərbə olub. ABŞ-nin Tehrandakı səfirliyinin əməkdaşlarının girov götürülməsi və ardınca xilasetmə əməliyyatının uğursuzluğu Karter haqqında zəif və məğlub obrazı yaradıb. Əslində isə Karteri İrana qarşı sərt hərəkətlərdən çəkindirən SSRİ-nin təhdidləri və Araz çayının kənarına qoşun toplaması olub.

Üstəlik, Karter administrasiyası ölkənin iqtisadi sferasında da nailiyyətlər qazana bilməyib, xalqın rifahı pisləşib. Ona görə də ABŞ-nin 39-cu prezidenti 1980-ci il seçkilərindəki rəqibi Ronald Reyqana uduzub.

Reyqan onun haqqında sonradan dillərə düşən bir ifadə işlədib: “Resessiya odur ki, qonşun işini itirir, depressiya adamın öz işini itirdiyi zaman yaranır, amma iqtisadi inkişaf o zaman bərpa olunacaq ki, Ceyms Karter öz işini itirsin".

Elə də olur, Karter Ağ Evdəki işini itirir, təqaüdə çıxır, əvəzində Ronald Reyqan ABŞ tarixinin ən uğurlu prezidentləindən biri olur.

kartard.jpg (80 KB)

Bundan sonra Karter vətəni Corciyaya qayıdır və qeyri-hökumət təşkilatı təsis edir, insan hüquqlarının müdüafiəsi və xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur, humanitar missiyalarla dünyanı gəzərək ehtiyacı olanların problemlərinin həllinə kömək edir.

2002-ci ildə Karter "beynəlxalq münaqişələrin sülh yolu ilə həlli, demokratiya və insan haqlarının möhkəmləndirilməsi, iqtisadi və sosial inkişafın təşviqi sahəsində onilliklər boyu fəaliyyətinə görə" Nobel Sülh Mükafatına layiq görülüb.

2015-ci ilin yayında Karterə metastatik xərçəng diaqnozu qoyulsa da, eks-prezident bu xəstəliyin öhdəsindən gələ bilib. Beş il əvvəl 95 illik yubileyini qeyd edərək, o, tarixin ən yaşlı eks-prezidenti olub.

Karter artıq 100 yaşını tamam etdikdən sonra vəfat edən keçmiş dövlət katibi Henri Kissincerin rekordunu da qırıb.

P.S. 1980-ci il seçkisində uduzanda sovet satira məktəbi Ceyms Karterə dair bir karikatura yaymışdı. Rəsm əsərində görünürdü ki, Amerika avtomobili yol maneəsinə çırpılıb, maşından yağ axır və bir amerikalı o birinə deyir: “Ser, karter sıradan çıxıb”. Ancaq Ceyms Karter hələ də sıradadır, SSRİ isə 33 ildir ki, dağılıb.

Araz Altaylı, Musavat.com

03.10.2024 13:15
1650