Kişilərin zorakılığa məruz qalması halları çoxalıb - RƏSMİ

“Gender bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə uyğun olaraq cari ilin sentyabr ayında Milli Məclisin plenar iclasında gender bərabərliyinin təmin edilməsi ilə bağlı 2022-ci ilə dair məlumat təqdim ediləcək.

Musavat.com xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib.

Onun sözlərinə görə, cari yarımil ərzində Komitə tərəfindən 6 müxtəlif mövzuda araşdırma və təhlil yekunlaşıb:

“Bunlardan birincisi ölkədə qohum evlilikləri üzrə vəziyyətin öyrənilməsidir. Daha sonra Azərbaycanda erkən uşaqlıq dövründə xidmətlərin əlçatanlığı və təminatı, “uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, miqyası, nəticələri və qarşısının alınması: qanunvericilik və onun tətbiqi praktikası”, təhsil müəssisələrində rəhbər vəzifələrdə gender bərabərsizliyi, medianın intiharlara təsiri, erkən nikah hallarıdır”.

Bahar Muradova əlavə edib ki, kişilərin də son dövrlər zorakılığa məruz qalmaları barədə müraciətləri çoxalıb. Onlar zorakılığa məruz qaldıqları barədə məlumatları aidiyyəti qurumlara bildiriblər.

Afaq Mirayiq,
Musavat.com

19.07.2023 10:47
737