“Kişilərin zorakılığa məruz qalması halları çoxalıb”.
Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə bildirib. Onun sözlərinə görə, kişilərin son dövrlər zorakılığa məruz qalmaları barədə müraciətləri çoxalıb. Onlar zorakılığa məruz qaldıqları barədə məlumatları aidiyyəti qurumlara bildiriblər.
Bəs ölkədə kişilərə qarşı zorakılıq niyə artır?
Ümumiyyətlə, son illərdə bütün dünyada kişilərə qarşı aqressiya artan tendensiyada davam edir. BMT-nin son illər apardığı araşdırmalara görə, ailədaxili, məişət zorakılığı zamanı qurban rolunda kişilərin sayı çoxalmağa başlayıb. Təbii ki, məişət zorakılığının bir neçə forması var. Bura fiziki, psixi, iqtisadi və cinsi zorakılıq daxildir. Araşdırmalar göstərir ki, dünyada get-gedə kişilər daha çox qadın zorakılığına məruz qalır. Belə ki, ABŞ Ədliyyə Departamentinin məlumatına görə, əri tərəfindən döyülən hər 15 qadına qadın tərəfindən döyülən 8 kişi düşür. Eyni zamanda qadınların ərləri ilə mübahisə zamanı 2,5 dəfə daha çox bıçağa əl atdığı, 2 dəfə çox isə öz partnyorlarına ağır xəsarətlər yetirdiyi bildirilir.
Rusiyada və ABŞ-da hazırda həyat yoldaşını öldürən hər 100 kişiyə ərini öldürən 75 qadın düşür. Ekspertlər yaxın onilliklərdə bu nisbətin bərabər olacağını iddia edir. Böyük Britaniyada 2018-ci ildə keçirilən sorğu zamanı rəyi soruşulan 38 faiz qadın və 24 faiz kişi tərəf müqabilinə fiziki şiddət göstərdiyini etiraf edib. Statistikaya görə, 40 milyon əhalisi olan Keniyada 2,1 milyon kişi qadınlar tərəfindən fiziki və psixoloji şiddətə məruz qalır. Ölkədə qadınlar ərlərini aldadır, onları ev işlərini görməyə və uşağa baxmağa məcbur edirlər.
Artıq bir çox ölkələrdə kişilərin hüquqlarını müdafiə komitələri və kişi sığınacaqları var. Məsələn, Türkiyədə, İsveçrədə, ABŞ-da, Almaniyada, Kanadada, Niderlandda zorakılığa məruz qalan kişilər üçün xüsusi sığınacaqlar fəaliyyət göstərir. Kişilərə qarşı zorakılıq faktlarının artma səbəbinə gəldikdə, mütəxəssislər bildirir ki, xüsusilə koronavirus pandemiyasından sonra həm dünyada, həm də Azərbaycan ailələrində sosial-iqtisadi, psixoloji gərginlik, aqressiya artan tendensiyada davam edir. Ailələrdəki bu gərginlik isə əksər hallarda fiziki təzyiqlərə gətirib çıxarır, hansı ki, bəzi kişilər də artıq fiziki təzyiqin qurbanı olur.
Sosioloq Əhməd Qəşəmoğlu mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Hələ 10-15 il əvvəl müsahibələrimdə deyirdim ki, ölkədə kişilərə qarşı zorakılıq halları artacaq. Hətta zarafatla bildirirdim ki, buna görə kişilərin müdafiə komitəsini yaratmaq lazımdır. Məsələ burasındasır ki, ölkəmizdə ailə ilə bağlı həyata keçirilən siyasət metodikası səhvdir. Çünki biz artıq uzun illərdir hay salırıq ki, ancaq qadınların hüquqları pozulur, qadınlar zorakılığa məruz qalır, kişiləri isə yaddan çıxartmışıq. Dərindən düşünməliyik ki, iki insan arasında əgər gərginlik varsa, biz ikisini də təhlil etməliyik. Amma biz birinə əhəmiyyət vermir və digərini daha da qızışdırmış oluruq. Sizcə, bunun sonu yaxşı nəticələnməli idimi?
Əslində isə biz 10-15 il əvvəldən artıq metodik cəhətdən həm qadınları, həm də kişiləri birlikdə maarifləndirməli, ailə dəyərləri haqqında ətraflı məlumat verməliydik. Ailənin mahiyyəti, ailə quran hər bir gənci nə gözləyir, bu barədə danışmalıydıq. Amma biz xarici ölkələrin qızışdırıcı, dağıdıcı qrantları ilə hay saldıq ki “Azərbaycan kişisi vəhşidir, qadını öldürür”, qadınlara isə dedik ki, “siz demokratik, azad cəmiyyətdə yaşayırsınız, öz hüquqlarınızı qoruyun” və sairə. Beləliklə, orta məktəbdən başlayaraq, cəmiyyətimizə ailənin mahiyyətini başa salmalı, kişiləri də maarifləndirməliyik ki, cəmiyyət artıq 30 il əvvəlki kimi deyil. Həmçinin qadınlar da anlamalıdır ki, azad, sərbəst yaşamaq istəyin hər şeyi etmək demək deyil.
Bir məqamı da qeyd edim ki, ölkədə iqtisadi vəziyyət ağırlaşdıqca ailələrdə gərginlik artır. İstər-istəməz sosial çətinlik ailələrdə söz-söhbətin yaranmasına gətirib çıxarır, qadın kişiyə psixoloji təzyiq edir, deyinir və sairə. Kişinin isə gücü yumruğuna çatır, qadına şiddət göstərir. Qadın da özünü müdafiə etmək üçün qarşı tərəfə zorakılıq göstərməyin yollarını düşünür. Bütün bunların hamısı kişilərə qarşı zorakılıq faktlarını artırır.
Əgər cəmiyyət günü-gündən mürəkkəbləşirsə, biz bunu dərindən təhlil etməli, zorakılığa məruz qalanlarla bağlı araşdırma aparmalı, səbəbləri nəzərə alıb, fəaliyyət proqramları hazırlamalıyıq. Bu fəaliyyət proqramlarında qanunvericilikdə hansı dəyişikliklərin edilməsi, maarifləndirmə işləri necə görülməli, hüquq mühafizə orqanlarının rolu nədə olacaq və sairə nəzərdə tutulmalıdır".
Yazını hazırladı: Xalidə GƏRAY