Kişilər niyə tez ölürlər? - Həkim İLGİNC SƏBƏBLƏRİ AÇIQLADI

Müharibə və qəzaları saymasaq, son illər Azərbaycanda kişilər fərqli səbəblərdən dünyasını dəyişirlər. Təsadüfi deyil ki, ölkədə uzunömürlü pensiyaçılar arasında da qadınlar üstünlük təşkil edirlər.

Bəs kişilər niyə tez ölür?

Terapevt Sübhan Hacıyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, nəinki Azərbaycanda, bütün dünyada uzunömürlülər arasında qadınlar hər zaman üstünlük təşkil ediblər. Onun sözlərinə görə, bu, tarixən belə olub:

“Təsadüfi deyil ki, bu gün dünya statistikasında uzunömürlülər siyahısında ilk onluqda kişi adına rast gəlmək mümkün deyil. Bunun həm tibbi, həm sosial, həm də əsaslı və əsassız səbəbləri var. Sosial səbəbləri hər kəs bilir. Tarixən kişilər daha riskli, həyatı təhdid edən vəzifələrdə çalışıblar. Bu işlərin hər biri stres hormonu olan kortizolu artırır. Nəticədə bir çox xəstəliklər vaxtından tez yaranır. Əfsuslar olsun ki, kişilərdə zərərli vərdişlər də qadınlara nisbətən daha çoxdur. Bura tütün, spirtli içkilər, müxtəlif psixotrop və narkotik maddələrin qəbulu aiddir”.

Həkim qeyd edib ki, kişilərdə bir çox cinsi yolla keçən infeksiyalara qadınlara nisbətən daha çox rast gəlinir:

“Nədənsə kişilərdə həkimə getmək, ümumi müayinələrdən keçmək kimi bir düşüncə olmur. Əksər kişilərimiz ağırlaşmış bir xəstəliklə üzləşməyincə tibb ocaqlarına üz tutmurlar. Bütün bunlarla yanaşı, tibbi yöndən əsaslandırılmış səbəblər də var. Bu səbəblərə kişilərdə XY, qadınlarda isə XX xromosomunun olması aiddir. Yəni qadınlarda hər bir DNT təkrarlanır. Sadə dillə desək, hər hansı DNT sıradan çıxdıqda təkrarı olduğu üçün çox ciddi ağırlaşmış və genetik xəstəliklərlə üzləşmirlər. Lakin kişilərdə bu cür olmur”.

Həmsöhbətimiz bildirib ki, qız uşaqları oğlanlara nisbətən daha güclü və daha sağlam doğulurlar. Bütün bunlarla yanaşı, qadınlıq hormonu olan estrogen orqanizmdə bir növ gəncləşmə funksiyasını yerinə yetirərək antioksidant təsiri bağışlayır. Antioksidant təsir sərbəst radikalların orqanizmdən çıxarılmasında, zərərli maddələrin təmizlənməsində böyük rol oynayır:

“Beləliklə, hüceyrə və toxumaların daim yenilənməsinin situmullaşmasında payı var. Kişilərdə olan testesteron hormonu daha çox pis xolesterinin artımına gətirib çıxarır. Bu da damarları tıxayaraq miokard infarktı, beyin infarktı və ürək-damar xəstəliklərinə səbəb olur”.

“Bütün bunları nəzərə alaraq, kişilərin qadınlardan çox yaşama şansının az olduğunu hər birimiz görə bilirik”, - deyə Sübhan Hacıyev vurğulayıb.

07.05.2024 14:52
930